Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Modul tipli məktəblərin üstünlüyü var

09 Sentyabr 2017
 

Ölkəmizin hər yerində olduğu kimi, Zaqatalada da yeni dərs ilinin başlanması ilə əlaqədar təhsil sevinci hiss olunmaqdadır. Bu sevinc istər məktəb kollektivlərində, istər məktəbli ailələrində özünü göstərir.

Rayonun Uzunqazmalar kəndində olan sevinc isə tam fərqlidir. Burada dövlət dəstəyi ilə tikilən 60 nəfərlik müasir, modul tipli ümumi orta məktəb şagirdlərin ixtiyarına veriləcək. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Süleymanova bildirdi ki, həmin məktəb 1950-ci ildə istifadəyə verilmişdi, əslində, uyğunlaşdırılmış binada yerləşirdi.  11  müəllimin   çalışdığı həmin məktəbdə şərait heç də arzuolunan səviyyədə deyildi. Ona görə də yeni məktəb lazım idi.

Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasındadır. Həmçinin qəza vəziyyətində olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesinin dayandırılmaması məqsədilə səyyar modul tipli məktəblərin quraşdırılması nəzərdə tutulur.

Öyrəndik ki, Zaqatalada  67 ümumtəhsil məktəbi var ki, onlardan 49-u tam orta, 14-ü  ümumi orta, 4-ü isə  ibtidaidir.  Rayonda Azərbaycan dilində 57, rus dilində 1, Azərbaycan-rus dillərində isə təlim aparılan 6 məktəb fəaliyyət göstərir.  Daha  2 məktəbdə isə Azərbaycan-gürcü (ingiloy) dillərində təlim aparılır. 11 məktəbin I-IV siniflərində avar, 5 məktəbin I-IV siniflərində isə saxur dili tədris olunur. 60  məktəbdə  tədris  bir, 6-sında  isə ikinövbəlidir.

Aldığımız məlumata görə, Zaqatalada ümumtəhsil məktəblərində 2377 müəllim 16372  şagirdin təlim-tərbiyəsi və tədrisi ilə məşğul olur. Fərdi  təhsilə  cəlb olunanlar da az deyil: 122 nəfərdir. Rayonda 2487 şagirdi əhatə  edən  41 məktəbəqədər  təhsil   müəssisəsi var.

2016-2017-ci tədris ilində tam orta təhsil müəssisələrini 1118  şagird bitirib.  503 nəfər ali təhsil müəssisələrinə sənəd verib. Məzunlardan 401 nəfəri tələbə adını qazanıb ki, onlardan 19-u 600-dən, 46 nəfəri isə 500-dən yuxarı bal  toplayıb.  Son 3  ildə  rayon məktəblilərinin məzunlarından 7-si qızıl  medal  alıb. Bu il də  Ş.Qurbanov  adına  şəhər  3  nömrəli tam orta məktəbinin 

şagirdi Yusifli Səyyad  Sahib  oğlu qızıl medala layiq  görülüb.

Zaqatala məktəblərində çalışan müəllimlərin də pedaqoji fəaliyyəti daim diqqət mərkəzində saxlanılır. Məhz bunun nəticəsidir ki, son illər onlardan 7-si “Əməkdar müəllim” fəxri adına,  9-u “Tərəqqi” medalına, 16 nəfəri isə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb.

Son  5 ildə Zaqatala rayonundan ali məktəblərə 1864  məzun qəbul olunub ki, onlardan 188 nəfər xaricdə təhsil alanlardır. 89 məzun ali məktəblərə qəbulda 600-dən yuxarı bal  toplayıb ki, onlardan da 19 nəfəri bu ilin payına düşür.

 

Əli SƏLİMOV,

“Azərbaycan”