Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Nur şəhərində sabahın çempionları yetişir

09 Sentyabr 2017
 

Əlağa Səfərov Mingəçevir şəhər 1 saylı tam orta məktəbdə təhsil alıb. 2004-cü ildə Bədən Tərbiyəsi Akademiyasını bitirib. Dəfələrlə cüdo idman növü üzrə yeniyetmələr, gənclər və kişilər arasında keçirilən ölkə çempionatında, eləcə də gənclər arasında dünya birinciliyində mükafatçılar sırasında yer alıb. 2005-ci ildən Mingəçevir Gənclər və İdman İdarəsinin nəzdində UGİM-in cüdo idman növü üzrə baş məşqçisi kimi fəaliyyət göstərir.

Əlağa Səfərov peşəsindən həvəslə söhbət açır: “Cüdo idman klubları yaşından asılı olmayaraq, uşaq və gənclərin fiziki sağlamlıq məkanına çevrilib. Hazırda çalışdığım klubda müxtəlif yaş qrupları üzrə 120 uşaq, yeniyetmə və gənc idmanla məşğul olur. Onlarla mənimlə bərabər klubun digər məşqçi-müəllimləri Sarvan Həsənov və Ruslan Quliyev məşq keçirlər. Məşqlər gün ərzində bir neçə qrupda müxtəlif saatlarda, klubun proqramına uyğun keçirilir. Cüdonun ağır idman növlərindən olmasına baxmayaq, uşaqların əksəriyyəti bu idmanın sirlərini tez mənimsəyir. Klubumuzda Mingəçevirlə yanaşı, Yevlax və Ağdaş rayonlarının yaxın kəndlərindən gələn idmançılar da mütəmadi məşq keçirlər. İdmançıların təcrübəsini artırmaq və güclərini sınamaq məqsədilə vaxtaşırı Bakı, Sumqayıt, Gəncə, Zaqatala, Yevlax güləşçiləri ilə yoldaşlıq görüşləri təşkil edilir. Uşaqlar məşq keçdikləri idman zallarından kənarda özlərini sınamaq üçün ayrı-ayrı bölgələrdə keçirilən turnirlərə də qatılırlar”.

Yetirmələrinin uğurlarından danışan baş məşqçi ötən il Azərbaycan birinciliyində üç idmançının - 40 kq çəki dərəcəsində Ləman İsmayılzadə, 46 kq çəki dərəcəsində Elmir Əliyev və 90 kq çəki dərəcəsində Rəşid Qafarlının mükafatçılar sırasına düşdüyünü bildirdi. Rəşid Qafarlı Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə Avropa kuboku yarışında yığma komandanın tərkibinə də qatılmış və həmin turnirdə görüşlərin üçünü udub, birini uduzmaqla 5-ci yerə layiq görülmüşdü.

Əlağa Səfərovun yetirmələri sırasında mötəbər yarışların mükafatçıları kifayət qədərdir. Onlardan Fariz Səfərov sambo üzrə Azərbaycan birinciliyində 5-ci yer tutub. Anar Əliyev dəfələrlə Azərbaycan birinciliyinin mükafatçısı olub, Türkiyədə, Ukraynada ölkəmizi təmsil edib. Cavidan Tağızadə, Ömər Bayramov, Əşrəf Salmanov və başqa idmançılar ölkə birinciliyində mübarizə aparıb yüksək nəticələr əldə ediblər.

Klubun 2001-2003-cü il təvəllüdlü yeniyetmələr və 2004-2006-cı il təvəllüdlü kadetlərdən ibarət idmançılarının yaxın vaxtlarda keçiriləcək zona yarışlarında iştirak edəcəklərini bildirən baş məşqçi qeyd etdi ki, yarışa hazırlaşan yeniyetmələr Rauf Xəlilova, Elmir Əliyevə, Səlim Kərimliyə, Hüseyn Məmmədzadəyə idman yükü daha çox verilir. Bu mübarizənin qalibləri Azərbaycan birinciliyinə vəsiqə qazanacaqlar. Bundan başqa, mərkəzin yeniyetmələrindən ibarət bir qrup idmançısı İran İslam Respublikasında keçiriləcək yarışlara hazırlaşır.

Baş məşqçi yeniyetmələrə asudə vaxtlarından səmərəli istifadə etməyi tövsiyə edərək dedi ki, onlar dövlətin gənc nəsil üçün yaratdığı şəraitdən yararlanıb yüksək təhsil alsınlar, idmanla məşğul olsunlar, həm gələcəklərinin, həm də sağlamlıqlarının qayğısına qalsınlar. Şərt o deyil ki, bir zalda məşq keçən 100-150 idmançının hamısı çempion olsun. Şərt odur ki, sağlam ruhda böyüsün.

 

İlahə İSMAYILOVA,

Mingəçevir