Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Moskva beynəlxalq kitab sərgisində təmsil olunur

08 Sentyabr 2017
Moskvadakı “Ümumrusiya Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi” kompleksində 30-cu Beynəlxalq Kitab Sərgi-Yarmarkası açılıb.

Azərbaycan hər il keçirilən bu sərgidə 10-cu dəfə təmsil olunur.

Beynəlxalq sərgidə dünyanın 39 ölkəsindən gələn naşirlər ən yaxşı kitab yeniliklərini təqdim edirlər. Azərbaycan 20 kvadratmetrlik stenddə müxtəlif nəşriyyat evlərinin 150-dən çox kitab və jurnallarını təqdim edir.

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Elbəy Əli jurnalistlərə bildirib ki, Azərbaycan stendi Moskva sakinləri və qonaqları tərəfindən böyük maraqla qarşılanıb. Burada Azərbaycan mədəniyyəti, tarixi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin turizm imkanları və digər mövzulara həsr olunmuş maraqlı nəşrlər nümayiş etdirilir. Milli mətbəximizə həsr olunmuş rus dilində nəşrlər isə sərginin elə ilk günü ziyarətçilər tərəfindən alınıb.

Azərbaycanın Rusiyadakı səfirliyində rəsmi nümayəndəsi Nigar Axundovanın sözlərinə görə, belə mötəbər sərgilərdə təmsil olunmaq ölkəmizin tarixi və mədəniyyəti, Azərbaycan həqiqətləri barədə dünya ictimaiyyətinə düzgün məlumatlar çatdırmaq üçün yaxşı fürsətdir.

Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası 1977-ci ildən təşkil olunur. Hər il sərgiyə 100 mindən çox ziyarətçi gəlir. Bu il sərgi sentyabrın 10-dək davam edəcək.

 

AZƏRTAC