Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Əsrin müqaviləsi” 2050-ci ilə qədər uzadılacaq

08 Sentyabr 2017
 

Azərbaycan 2,6 trilyon kubmetr qaz ehtiyatı ilə azı 100 il bölgənin ehtiyaclarını ödəmək iqtidarındadır

 

“Şahdəniz-2” layihəsi çərçivəsində Bakı Gəmiqayırma Zavodunda inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimi zamanı Prezident İlham Əliyevin “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağı ilə bağlı söylədiyi fikirlər Azərbaycanın neft ehtiyatları barədə söhbətlərə birdəfəlik nöqtə qoydu.
“Bir neçə gündən sonra “Azəri-Çıraq-Günəşli” yatağı üzrə yeni kontraktın imzalanması nəzərdə tutulur. Biz, o yataqdakı fəaliyyətimizi 2050-ci ilə qədər uzadacağıq. Bu da bir daha onu göstərir ki, Azərbaycanın çox böyük neft ehtiyatları var” - deyən cənab Prezidentin fikirlərindən aydın oldu ki, neft ehtiyatlarımızın yaxın gələcəkdə tükənməsindən söhbət belə gedə bilməz.

 

Milli maraqlara cavab verən neft-qaz strategiyası

 

Ümumiyyətlə, Azərbaycanın neft ehtiyatları ətrafında qərəzli söz-söhbətlər yenilik deyil. Hələ “Əsrin müqaviləsi” imzalananda bəzi xarici dairələr və onların buyruğunda olan yerli antimilli şəbəkə Azərbaycanın neft ehtiyatlarının kifayət qədər olmaması barədə rəy formalaşdırmağa çalışırdılar. Məqsədləri Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın yeni neft strategiyasına qara yaxmaq, xarici neft şirkətlərini Xəzərin respublikamıza aid hissəsinə sərmayə qoymaqdan çəkindirmək idi. Çünki böyük strateq Heydər Əliyevin sayəsində əvvəlki hakimiyyətin dövründə xarici şirkətlərlə Azərbaycanın neft ehtiyatlarının hasilatı barədə əldə olunmuş, dövlətimizin və xalqımızın maraqlarına cavab verməyən razılaşmalara xitam verilmişdi. 1991-1993-cü illərdə çoxsaylı xarici şirkətlərlə, maliyyə-kredit institutları ilə Azərbaycanda neft hasilatı üzrə danışıqlar aparılmış, tenderlər keçirilmiş, hətta bu tenderlərin qalibləri elan edilmişdi. Lakin bu razılaşmaların detalları Azərbaycan dövlətinin maraqlarına uyğun deyildi.
Ona görə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra atılan ilk addımlardan biri Azərbaycanın tamamilə yeni neft strategiyasının hazırlanması oldu. O zaman bəzi xarici dairələr güman edirdilər ki, iqtisadi vəziyyəti pis olan dövlətin yeni rəhbərliyi “Azəri-Çıraq-Günəşli” yataqlarına dair kontraktın imzalanmasını məcburiyyət qarşısında tezləşdirəcək. Ancaq hadisələr başqa istiqamətdə inkişaf etdi. Xarici neft şirkətləri ilə danışıqlar faktiki olaraq dayandırıldı. Azərbaycanın xarici neft şirkətləri ilə “Azəri-Çıraq-Günəşli” yataqlarının dərin sularda yerləşən hissəsinə dair sazişlə bağlı danışıqlara hazır olduğu ancaq 1994-cü ilin may ayında elan edildi. Sonrakı hadisələr göstərdi ki, ötən bir ilə yaxın müddətdə Azərbaycanın yeni hakimiyyəti yalnız milli maraqlara cavab verən neft-qaz strategiyası üzərində gərgin işlər aparıb.
Azərbaycan nefti ətrafında ilk qərəzli yanaşmalar, qarayaxma kampaniyaları da məhz həmin dövrdən başladı. Bu çirkin planların sifarişçiləri isə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanın enerji resurslarını yağmalamaq imkanından məhrum olan bəzi dairələr idi. Lakin Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi, cənab İlham Əliyevin rəhbərliyi ilə ABŞ-da aparılan uğurlu danışıqlar bütün məkrli planları alt-üst etdi.
AÇG yataqlarının işlənməsini əhatə edən sazişə dair aparılan danışıqlar zamanı xarici şirkətlər ən böyük risklər kimi bəzi məsələləri ortaya qoymuşdular. Vəziyyət o yerə gəlmişdi ki, 1994-cü ilin iyul ayından aparılan danışıqlar faktiki olaraq dayanmışdı. Lakin həmin dövrdə ARDNŞ-nin birinci vitse-prezidenti olan İlham Əliyev ABŞ-da keçirdiyi görüşlərdə irəli sürülən tələblərin əsassız olduğunu sübut etdi.

 

Məharətlə reallaşan strateji plan

 

1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın 6 ölkəsinin 11 tanınmış neft şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” sazişin imzalanması da müstəqil Azərbaycan dövlətini öz hədəflərinə doğru aparan böyük bir yolun başlanğıcı oldu. Qarşıda açılan gələcəyin üfüqləri məhz bu ilk addımdan sonra görünməyə başladı. Bu saziş, təbii sərvətlər amilinin Azərbaycanın gələcək inkişafındakı rolu barədə ictimai düşüncədə dolaşan mücərrəd təsəvvürləri konkretləşdirdi, qarşıdakı istiqamətlərə aydınlıq gətirdi. “Əsrin müqaviləsi” ilə Azərbaycan özünün halal sərvətlərinə sahib çıxmaq haqqını bütün dünyaya bəyan etdi, milli mənafelərimizi, iqtisadi və strateji maraqlarımızı qorumaq əzmini sərgilədi, bu müqavilə dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi. “Azəri-Çıraq-Günəşli” yataqlarından hasilat - 20 il əvvəl - 1997-ci ilin noyabr ayında başladı.
Təkcə Azərbaycan yox, Qərb dövlətləri, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün də böyük strateji əhəmiyyət daşıyan “Əsrin müqaviləsi” ilə dünyanın neft sənayesi tarixində yeni bir dönəm başlandı. Digər tərəfdən, bu müqavilə sonralar dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanmasına yol açaraq ilk növbədə Azərbaycan dövlətinin qüdrətlənməsinə və xalqımızın rifahının yüksəlməsinə, inkişafa əsas vəsilə oldu. Xarici şirkətlərin birgə əməkdaşlığı ilə hasil edilən Azərbaycan nefti ölkəmizin dünyada bir növ tanıtım nişanı oldu. Bu müqavilə Azərbaycanın bir dövlət kimi dünyada ad çıxarmasına, dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaratdı.
“Əsrin müqaviləsi”ndən sonra antiazərbaycançı dairələr Bakı-Tbilisi-Ceyhan neft kəmərinə qarşı piara başladılar. Lakin bu layihənin icrasına qarşı yönəlmiş bütün siyasi-iqtisadi oyunlar nəticəsiz qaldı və BTC qısa müddətdə inşa olundu. Bu boru kəmərinin inşasının uğurla başa çatdırılması ümummilli lider Heydər Əliyevin siyasi xəttini böyük bacarıqla davam etdirən Prezident İlham Əliyevin qətiyyəti sayəsində mümkün oldu. Başqa cür ifadə etsək, BTC Heydər Əliyev dühasının möhtəşəm proqramı, İlham Əliyev hakimiyyətinin real əsəridir. Ümumiyyətlə isə, Azərbaycanın yeni neft strategiyasının ayrı-ayrı detalları ilə bağlı danışıqların aparılmasını, müvafiq sazişlərin imzalanmasını, qüvvəyə minməsini təhlil edəndə görünür ki, bunların hamısı əvvəlcədən dəqiq ölçülüb-biçilmiş bir strateji planın tərkib hissələri idi.
Bu strateji plan isə o qədər məharətlə, bütün təzyiqləri, siyasi oyunları, təxribatları nəzərə alaraq əsaslandırılmış şəkildə hazırlanıb həyata keçirildi ki, qarşısını heç kim ala bilmədi.
Prezident İlham Əliyev nitqində bütün bu məsələlərə toxunaraq bir daha bəyan edib ki, Azərbaycanın çox böyük enerji potensialı var: “Mən xatırlayıram, 1994-cü ildə “Əsrin kontraktı” imzalananda bizi istəməyən bəzi qüvvələr, həm ölkə daxilində, həm xarici qüvvələr deyirdilər ki, Azərbaycanda kifayət qədər neft yoxdur, “Azəri-Çıraq-Günəşli”də neft azdır. Heç bir neft kəmərinin tikintisinə ehtiyac yoxdur, çünki bu kəmər boş qalacaq. İndi 20 ildir ki, biz “Azəri-Çıraq-Günəşli”dən neft və qaz hasil edirik. Burada hasilat 1997-ci ildən başlamışdır. İyirmi ildən sonra yeni kontrakt imzalanır ki, 2050-ci ilə qədər “Azəri-Çıraq-Günəşli”dən lazımi səviyyədə neft hasil ediləcək. Bu, həm o bədbin və qərəzli fikirlərə bir cavabdır, eyni zamanda, onu göstərir ki, ölkəmizin çox böyük enerji potensialı var”.
Artıq elə bir mərhələ yetişib ki, AÇG yataqlarının işlənilməsi üzrə yeni müqavilənin imzalanmasına zərurət yaranıb. Prezident İlham Əliyevin bunu bəyan etməsi xəbər verir ki, yeni müqavilənin imzalanması yataqların gələcək dövrdə işlənilməsində maraqlı olan xarici neft şirkətləri ilə də razılaşdırılıb. Bu, həm də bir daha onu göstərir ki, Azərbaycan dünya iqtisadiyyatı üçün açıq ölkədir və etibarlı tərəfdaş kimi xarici sərmayədarların diqqətini cəlb edir. Amma indi vəziyyət fərqlidir. Bu gün bütün şərtləri Azərbaycan diktə edir.

 

Azərbaycan həm də etibarlı qaz ixracatçısıdır

 

Xəzər dənizinin Azərbaycana aid hissəsi təkcə neftlə deyil, təbii qazla da zəngindir. İndiyə qədər neft sahəsində bütün iri layihələr icra edildiyi üçün son illərdə Azərbaycan özünün enerji siyasətini daha çox qaz amili üzərində qurur. 1999-cu ildə “Şahdəniz” qaz yatağının kəşfi və buradan hasilatın başlaması isə ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasında və dünya enerji bazarında böyük hadisəyə çevrildi. Bunun nəticəsi olaraq respublikamızda təbii qaz hasilatı əhəmiyyətli dərəcədə artıb. Digər tərəfdən bu yatağın istismarı Azərbaycanın qaza olan daxili tələbatını tam ödəməklə yanaşı, tarixdə ilk dəfə olaraq qazı ixrac etməyə imkan verdi. 2006-cı ildə “Şahdəniz” yatağının istismarının birinci mərhələsinin başlanmasından sonra təbii qazın Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz Qaz Boru Kəməri vasitəsilə Gürcüstan və Türkiyə bazarlarına çıxarılması Azərbaycanın enerji sənayesi tarixində yeni səhifə açaraq ölkəmizi qaz ixracatçısına çevirdi.
Bir neçə il əvvəl Bakıda imzalanan “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsinə dair yekun investisiya qərarı “Əsrin müqaviləsi” kimi Azərbaycanın enerji siyasətində mühüm hadisə idi. “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və “Əsrin müqaviləsi”nin 20 illiyində Bakıda təməli qoyulan “Cənub qaz dəhlizi” layihəsi dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük infrastrukturdur.
Hazırda “Cənub qaz dəhlizi” layihəsinin hər bir komponenti üzrə işlər qrafikə uyğun davam edir. Bu enerji dəhlizinin işə düşməsi nəticəsində Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsində və yüksəldilməsində daha yaxından iştirak edəcək. Çünki bu dəhliz Azərbaycan qazını ilk dəfə olaraq Türkiyə, Yunanıstan və Albaniya ərazilərindən keçməklə, minlərlə kilometrlik məsafəni qət etməklə Avropanın mərkəzinə çatdıracaq, dünyanın enerji xəritəsinə ciddi dəyişiklik gətirəcək. Ən əsası isə bu layihənin tam gücü ilə işə düşməsi Azərbaycanın beynəlxalq imicinə müsbət təsiri ilə yanaşı, ölkəmizin gələcək inkişafına, siyasi və iqtisadi maraqlarının daha dolğun şəkildə təmin edilməsinə mühüm töhfələr verəcək.
“Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində “Şahdəniz” yatağı ilə bağlı fikirlərini bölüşərkən Prezident İlham Əliyev Azərbaycanın ən azı 100 il özünü təbii qazla təmin edəcəyini bildirib: “Bu yatağın minimum qaz ehtiyatı 1,2 trilyon kubmetrdir. Bu, dünyanın ən böyük qaz yataqlarından biridir. Ümumilikdə isə qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Yəni, Azərbaycan bundan sonra ən azı 100 il ərzində özünü və bir çox ölkələri təbii qazla təmin edəcək”.
Azərbaycanın qaz ehtiyatlarının bir qismi digər yataqlarda cəmləşib. 2010-cu ildə Azərbaycan neftçiləri və mütəxəssisləri tərəfindən aşkarlanan “Ümid” yatağı ölkəmizin enerji potensialının dünya bazarlarına təqdim edilməsi üçün böyük hadisə oldu. “Ümid” yatağının kəşfi Azərbaycanın dünyada təkcə neft yox, eyni zamanda təbii qazla zəngin olan dövlət imicini də yaratdı.
Respublikamızın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ərəfəsində Xəzərdən gələn bir xoş xəbər hər birimizi dərindən sevindirdi, qürurlandırdı. Dənizin Azərbaycan sektorundakı “Abşeron” blokunda Fransanın “Total” şirkəti tərəfindən aparılan qazma və kəşfiyyat işləri nəticəsində burada böyük qaz yatağının olduğu aşkar edildi.
Bütün bunlar Azərbaycanın qaz ehtiyatları barədə ölkəmizi istəməyənlər tərəfindən təhrif olunan informasiyalara son qoydu. Təbii ki, hər bir yataqda kəşf edilən qaz ehtiyatları ölkəmizin enerji potensialına böyük dəstək verir. Gələcəkdə “Şahdəniz”lə yanaşı, digər yataqlardan da hasilatın başlaması nəticəsində respubikamızın qaz ixracı daha da artacaq və Azərbaycan qlobal enerji siyasətinin formalaşmasında daha da mühüm rol oynayacaq.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”