Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bilik Fondu “Məlumat saatı” keçirib

08 Sentyabr 2017
 

Binəqədi Rayon İcra Hakimiyyətində “Elm və təhsil İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri kimi” mövzusunda “Məlumat saatı” keçirilib. “Məlumat saatı”nda rayon icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev, AMEA-nın müxbir üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, rayon gənclər və idman idarəsinin rəisi Elvin Aslanov, RİH başçısı aparatının şöbə müdirləri və əməkdaşları, rayon bələdiyyələri, icra nümayəndəlikləri, təhsil işçiləri, ASAN Könüllüləri və YAP Binəqədi rayon təşkilatının gənc fəalları iştirak ediblər. Tədbiri YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov açaraq mövzunun əhəmiyyətini vurğulayıb. Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev Binəqədi rayonunda məlumat saatının ənənəvi olaraq Bilik Fondu ilə birgə keçirildiyini vurğulayıb və qarşılıqlı əməkdaşlığın davamlı olacağını bildirib.

Professor Misir Mərdanov ümummilli lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikrini xatırladaraq Azərbaycanda təhsil sahəsinə həmişə diqqət və qayğı göstərildiyini deyib. Ulu öndər demişdir: “Təhsil sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”. Bu həssaslığı ulu öndər SSRİ dövründə Azərbaycana rəhbərlik edərkən və ölkəmiz müstəqillik qazandıqdan sonra da göstərmişdir. Bunu onun təhsil sahəsindəki xidmətləri də sübut edir. Azərbaycan müstəqil olduqdan sonra da təhsildə əldə edilmiş nailiyyətlər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin hakimiyyətə gəlişindən sonra yeni məktəb binalarının tikilməsi, müasir dərs metodlarının tətbiq olunması ilə bağlı ciddi işlər görülməyə başlandı”.

Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atıldığını vurğulayan natiq təhsilin normativ hüquqi bazasının təkmilləşdirildiyini, maddi-texniki təminat istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirildiyini və təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin əhəmiyyətli dərəcədə genişləndiyini  vurğulayıb.

Məruzə ətrafında auditoriya iştirakçılarının sualları cavablandırılıb.

 

“Azərbaycan”