Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Cocuq Mərcanlıda 24 ildən sonra məktəb zəngi çalınacaq

08 Sentyabr 2017
 

Binəqədi təmsilçiləri yeni məktəbin şagirdlərinə dərs ləvazimatları hədiyyə ediblər

 

Bir həftədən sonra ölkəmizdə yeni tədris ili başlayır. Bir sıra orta məktəbin müəllim və şagird kollektivi yeni dərs ilində tədris prosesini əsaslı surətdə bərpa edilən və yenidən qurulan binalarda davam etdirəcəklər. Ancaq bir məkan var ki, orada 24 ildən sonra sentyabrın 15-də məktəb zəngi çalınacaq. Bu, Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndinin tam orta məktəbidir.
İllər sonra oz doğma yurduna qayıdan kənd sakinləri sevinc içərisindədirlər. Çünki Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Böyük Qayıdış Konsepsiyasının icrasına Cocuq Mərcanlıdan başladı. İşğalçı Ermənistanın daşı-daş üzərində qoymayaraq xarabalığa çevirdikləri Cocuq Mərcanlını Azərbaycan dövləti cəmi beş ay müddətində yenidən qurdu. Özü də daha möhtəşəm, daha əzəmətli.
Xatırladaq ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ötən ilin aprelində düşmən üzərində qazandığı tarixi zəfər yurd həsrəti ilə yaşayan soydaşlarımızın qəlbindəki ümidi artırdı. Çünki bu zəfər Qarabağa, doğma yurda qayıdışın başlanğıcı idi. Bu zəfər hər bir Cocuq Mərcanlı sakini kimi, bütövlükdə xalqımızın, qaçqın və məcburi köçkün soydaşlarımızın böyük sevincinə səbəb oldu. Həmin kənddə həyatın normal axarına qayıtması, insanların təhlükəsiz yaşaması, əsaslı yenidənqurma, bərpa işlərinə başlanılması məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılması üçün əlverişli şərait yarandı.
Preziden İlham Əliyevin 2017-ci il yanvarın 24-də imzaladığı “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” tarixi sərəncamı dövlətin siyasi iradəsini, xalqın öz Prezidentinə sonsuz inamını, məcburi köçkünlərin geriyə qayıdışına əminliyini daha da gücləndirdi. Bu sərəncam həm də güclü dövlətin artıq bu istiqamətdə əməli fəaliyyətə, real işə keçdiyini dünyaya, beynəlxalq ictimaiyyətə bəyan edən ciddi bir mesajı oldu.
Bu il iyunun 14-ü - Milli Qurtuluş Günü ərəfəsində Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinə səfəri ilə Böyük Qayıdış Konsepsiyasına start verildiyi gün kimi tariximizə yazıldı. Dövlət başçısı bu tarixi günü belə qiymətləndirdi: “Cocuq Mərcanlı kəndinin bərpası doğrudan da tarixi hadisədir. İndi bütün Azərbaycan Cocuq Mərcanlı kəndinin tarixini bilir, bütün dünya Cocuq Mərcanlını tanıyır. Bu kəndin Azərbaycan tarixində xüsusi yeri vardır. Cocuq Mərcanlı kəndi cəmi bir neçə ay erməni işğalı altında olub. Bu bir neçə ay ərzində erməni işğalçı qüvvələri kəndi tamamilə dağıtmışdılar, bütün binaları sökmüşdülər. Yəni, Cocuq Mərcanlı kəndi erməni vəhşiliyinin canlı şahididir”.
Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinə səfəri çərçivəsində yeni inşa olunmuş 96 şagird yerlik məktəblə də tanış oldu. Həmçinin burada hərbi məktəblərin kursantlarının bir qrupu ilə görüşdü. Dövlət başçısı kursantlara öz tövsiyələrini verdi: “Siz isə gənc zabitlər kimi gələcəkdə ölkəmizin müdafiəsinin keşiyində dayanacaqsınız. Bütün gənclər kimi siz də hər an Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün hazır olmalısınız. Bu gün Azərbaycan gənci vətənpərvərdir, Vətənə bağlıdır, peşəkardır, biliklidir və bizim gücümüz bundan ibarətdir. Sizin kimi gənclər gələcəkdə ölkəmizin inkişafında önəmli rol oynayacaqlar”.
Cocuq Mərcanlıda başlanan yeni həyat həm də Azərbaycan dövlətinin tezliklə bütün Qarabağda abadlıq-quruculuq işlərinə başlamağa qadir olduğunu sübut etdi. Bu gün qüdrətli dövlətə çevrilən Azərbaycanın işğal altında olan torpaqlarında tikinti-quruculuq işləri aparması üçün yetərincə gücü var. Təki torpaqlarımız düşmən tapdağından azad edilsin. Azərbaycan dövləti qısa müddətdə öz torpaqlarında yeni-yeni şəhərlər, qəsəbələr yaratmaq əzmindədir. Tezliklə bu proses də gerçəkləşəcək. Dövlət başçısının Cocuq Mərcanlıda dediyi kimi: “Bu gün Lələtəpədə və işğaldan azad edilmiş digər torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Gün gələcək ki, bizim bayrağımız Şuşada da qaldırılacaq... Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bax, bu kənd - Cocuq Mərcanlı bunu əyani şəkildə sübut edir və təsdiqləyir”.
Dövlət başçısının söylədiyi kimi, bu gün Azərbaycanda hər kəs bu kəndin tarixini bilir və insanlar könüllü şəkildə yeni salınmış qəsəbəyə səfər edərək doğma yurda qayıdan cocuq mərcanlılılarla öz xoş təəssüratlarını bölüşürlər.
Bu günlərdə yeni, müasir Cocuq Mərcanlıya daha bir xoşməramlı səfər baş tutub. Binəqədi rayonunun nümayəndə heyəti yeni qəsəbədə olub. Rayon icra hakimiyyətinin, YAP Binəqədi Rayon Təşkilatının, rayon gənclər və idman idarəsinin rəhbər heyəti, M.Ə.Rəsulzadə və Binəqədi rayon bələdiyyələrinin sədrləri, rayonda fəaliyyət göstərən bir neçə sahibkar, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin nümayəndəsi, eləcə də aprel şəhidləri - Fəxrəddin Qurbanlının və Emin Bağırovun valideynlərinin də iştirak etdiyi səfər aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarətlə başlayıb.
Binəqədi rayonunun nümayəndə heyəti Cocuq Mərcanlıda yeni inşa olunmuş 96 şagird yerlik məktəblə tanış olublar. Məktəbdə Cəbrayılın işğaldan əvvəlki vəziyyəti, rayonun tanınmış xadimləri, ali məktəblərə yüksək balla qəbul olan rayonun məzunları, bu kənddə ermənilərin törətdikləri vandalizm, vəhşilik, 24 il doğma kəndini tərk etməyən Həziyevlər ailəsi, Prezident İlham Əliyevin tapşırığı ilə xarici KİV nümayəndələrinin, diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərlərinin Cocuq Mərcanlı kəndinə səfərləri əks olunan fotostendlər kənd haqqında dolğun təəssürat yaradır. Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin büstü, dahi rəhbərin məcburi köçkünlərə diqqət və qayğısını əks etdirən fotostend qoyulub. Dəhlizdə rəşadətli Azərbaycan Ordusunun uğurlu aprel döyüşləri, Cocuq Mərcanlı kəndinin bərpadan əvvəlki və sonrakı görüntülərinin əks olunduğu stendlər yer alıb. Sinif otaqları, informatika, gənclərin çağırışaqədərki hazırlıq kabinələri, müəllimlər otağından ibarət məktəb binası lazımi inventar və avadanlıqlarla, istilik sistemi və internetlə təchiz edilib. Məktəbin həyətində qazanxana tikilib, voleybol və basketbol meydançaları yaradılıb, yaşıllıqlar salınıb. Bu məktəbdə dərs deyəcək müəllimlər və təhsil alacaq şagirdlər ikiqat sevinc hissi keçirirlər.
Nümayəndə heyəti məktəbə hədiyyələr, yeni tədris ilində şagirdlərə məktəbli geyimləri, idman formaları və avadanlıqları, məktəb ləvazimatları, surətçıxarma aparatı ilə ibtidai hərbi hazırlıq fənni üzrə sinif otağını isə xüsusi ləvazimatlarla və digər zəruri avadanlıqlarla təchiz ediblər.
Məktəblə tanışlıqdan sonra nümayəndə heyəti kənd sakini Oqtay Həziyevin evində olaraq ailə üzvləri ilə səmimi söhbət ediblər. Görüşün sonunda ailəyə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim edilib.
Səfər çərçivəsində nümayəndə heyəti Prezident İlham Əliyevin tapşırığına əsasən Cocuq Mərcanlı kəndində inşa edilmiş məscidlə də yaxından tanış olublar. Xatırladaq ki, 50 sot ərazidə inşa edilən məscidin minarələrinin hündürlüyü 26 metrdir. Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan bu dini ibadətgahda dindarlar üçün hər cür şərait yaradılıb. Bu müqəddəs ocağın inşası işğalçı Ermənistana və beynəlxalq aləmə bir mesajdır. Bu, bir daha dünyaya bəyan edir ki, Azərbaycan islam dünyasının bir parçasıdır, öz tarixi keçmişinə sadiqdir. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərinin inşası həm də o mesajı verir ki, gün gələcək Şuşadakı məscid də bərpa ediləcək. Məscidin tikilməsi, həmçinin 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan edilməsinə dəyərli töhfədir. Ziyarət zamanı məscidə elektron quran hədiyyə edilib.
Yeni tədris ili ərəfəsində Binəqədi rayonunun nümayəndə heyətinin Cocuq Mərcanlıya səfəri xoş təəssüratlarla yekunlaşıb.
Səfərin sonunda nümayəndə heyəti Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndində törədilən cinayət nəticəsində həlak olmuş 2 yaşlı Zəhra Quliyevanın və onun nənəsi Sahibə Allahverdiyevanın məzarlarını da ziyarət ediblər.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”