Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gədəbəydə sərhəd kəndinin şagirdləri yeni dərs ilini yeni məktəbdə qarşılayacaqlar

08 Sentyabr 2017
 

2017-2018-ci tədris ilinə sayılı günlər qalır. Hər il olduğu kimi, bu il də ölkəmizin müxtəlif şəhər və rayonlarında şagirdlər yeni dərs ilini yeni məktəblərdə qarşılayacaqlar. Belə rayonlardan biri də dağlıq ərazidə yerləşən Gədəbəydir ki, artıq son illər rayonda mövcud olan tədris ocaqlarının yarıdan çoxu yenilənmiş və yaxud əsaslı şəkildə təmir olunmuşdur.

Gədəbəydə fəaliyyət göstərən 83 ümumtəhsil müəssisəsindən 55-i orta, 18-i ümumi orta və 10-u ibtidai məktəbdir. Son illər dövlətin qayğısı sayəsində məktəblərin yarıdan çoxu əsaslı şəkildə təmir olunmuş, istifadəyə yararsız olan onlarla məktəb üçün isə yeni bina inşa edilmişdir. Cari ildə də bu proses uğurla davam etdirilmişdir. Hazırda sərhəd bölgəsində yerləşən Şınıx kənd orta məktəbi üçün inşa edilmiş 108 yerlik yeni məktəb binası tam hazır vəziyyətdədir. Məktəbdə müasir laboratoriyalar, fənn kabinetləri, idman zalı yaradılmış, müasir istilik sistemi quraşdırılmışdır.

Rayonun 4 kəndində - Soyuqbulaq, Köhnəkənd, Pirbulaq və Nərimankənd kəndlərində fəaliyyət göstərən orta məktəblərdə əsaslı təmir işləri aparılmışdır ki, bunun da nəticəsində həmin məktəblərin pedaqoji kollektivləri yeni dərs ilini hər bir şəraiti olan tədris ocaqlarında qarşılayacaqlar. Hazırda rayonda mövcud olan məktəblərin 20-də mərkəzləşdirilmiş istilik sistemi yaradılmışdır. Qalan 63 məktəb isə maye yanacaq və odunla qızdırılır. Qış mövsümü ilə əlaqədar yanacaq tədarükü də edilmişdir.

Gədəbəyin ümumtəhsil müəssisələrində aparılan yenidənqurma işləri tədrisin keyfiyyətinə müsbət təsir göstərmiş, nəticədə ali məktəblərə keçirilən qəbul imtahanlarında müsbət nəticələrə səbəb olmuşdur. Əvvəlki illərdə olduğu kimi, bu il də rayon gəncləri yüksək nəticələrlə respublikamızın müxtəlif ali məktəblərinə daxil olaraq tələbə adını qazanmışlar. Orta məktəbləri bitirən 758 məzundan 390 nəfəri test imtahanlarında iştirak etmiş, onlardan 235 nəfəri tələbə adını almışdır. Gənclərdən 53 nəfəri 500-dən, 16 nəfəri isə 600-dən yuxarı bal toplamışdır ki, bu da əvvəlki illərlə müqayisədə xeyli çoxdur.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”