Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Toksiki və qida zəhərlənmələrindən qorunmağa çalışmaq lazımdır

07 Sentyabr 2017
İlin səkkiz ayında şöbəmizə 1391 nəfər müraciət daxil olub. Onlardan 165 nəfəri dəm qazı, 56 nəfər spirtli içki, 244 nəfər dərman, 6 nəfər göbələk zəhərlənmələri, 83 nəfər ilan, 4 nəfər qaraqurd sancması nəticəsində müalicə olunaraq evə buraxılıb. Sirkə turşusu ilə zəhərlənən 111 nəfərdən 2 nəfərin vəziyyəti kəskin ağır olduğundan onların həyatını xilas etmək mümkün olmamışdır.

AZƏRTAC xəbər verir ki, Kliniki Mərkəzdə keçirilən mətbuat konfransında ilin əvvəlindən bu günə qədər mövcud statistika barədə məlumat verən toksikologiya şöbəsinin müdiri Azər Maqsudov ayrı-ayrı bölgələrdən, o cümlədən Hacıqabul, Şamaxı, Yevlax, Bərdə, Tovuz, Şəmkir, Qazax, Astara və Lənkəran rayonlarından toksiki zəhərlənmə nəticəsində onlara müraciət edən xəstələrin olduğunu söyləyib.

Onun dediyinə görə, 2 xörək qaşığı sirkə turşusu qəbul etmək ölümcül doza sayılır. Lakin elə hallar olub ki, hətta həmin dozadan artıq qəbul edildiyi halda daxili orqanlarda fəsadlaşma olsa da, onları həyata qaytara biliblər. Lakin bəzi hallarda bunun əksi də olub- həmin dozadan az sirkə turşusu qəbul edilsə də, fəsadsız ötüşmək mümkün olmayıb. İl ərzində toksikoloji şöbəyə təxminən 120-140 azyaşlı uşaq qəbul edilir. Ona görə valideynlər uşaqları nəzarətsiz qoymamalı və çalışmalıdırlar ki, evdə onların istifadə etdikləri diabet, hipertoniya və digər xəstəliklərlə əlaqədar dərmanlar uşaqlar üçün əlçatan şəraitdə olmasın.

Şöbə müdiri qarşıdan gələn payız-qış mövsümündə digər toksiki zəhərlənmələr arasında daha çox rast gəlinən dəm qazı ilə zəhərlənmələrdən ehtiyatla olmağa çağırıb: “Qapalı şəraitdə və hamam otağında təbii qazdan istifadə zamanı həmişə dəm qazı yaranması və hadisə törətməsi təhlükəsi var. Ona görə soyuq aylarda ən çox narahatlıq doğuran məhz bu məsələdir. Hadisənin baş verməməsi üçün təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir”.

Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva isə qida zəhərlənmələri barədə məlumat verib: “Ən çox qida zəhərlənmələri mayonez qatılmış salatlar, meyvə-tərəvəzlər, qarpız, tomatla hazırlanmış və düzgün saxlanılmayan məhsullarla qidalanma nəticəsində əmələ gəlir. Bu ilin əvvəlindən indiyədək şöbəmizdə 92 nəfər qida zəhərlənməsi, 13 nəfər botulizm və 724 nəfər müxtəlif dərəcədə kəskin mədə-bağırsaq xəstəliklərindən müalicə olunub. Xoşbəxtlikdən qida zəhərlənmələrindən ölüm halları qeydə alınmayıb”.

Həkim-infeksionist ağır qida zəhərlənmələrindən qorunmaq üçün zəhərləmə təhlükəsi olan məhsulları gigiyena-epidemioloji nəzarətdə olan marketlərdən almağı tövsiyə edib.

Toksiki və qida zəhərlənmələri ilə əlaqədar jurnalistləri maraqlandıran suallara cavablar verilib.