Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İtaliyanın “Maire Tecnimont Group” şirkətinin birinci vitse-prezidenti Bakı Ali Neft Məktəbində

07 Sentyabr 2017
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İtaliyanın “Maire Tecnimont Group” şirkətinin birinci vitse-prezidenti Canni Bardazzi və həmin şirkətin Azərbaycan üzrə nümayəndəliyi “KT-Kinetics Technology” şirkətinin rəhbəri Nikolo Heilpern ilə görüş keçirib. Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib.

Görüşdə BANM-in rektoru Elmar Qasımov rəhbərlik etdiyi ali məktəbin “Maire Tecnimont Group” şirkəti ilə əməkdaşlıq əlaqələrindən söhbət açıb. Rektor bu əməkdaşlıq sayəsində BANM-in tələbələrinin şirkətin təcrübə proqramlarında iştirak imkanı qazandıqlarını qeyd edib. Elmar Qasımov birgə təşəbbüs əsasında həyata keçirilən bu proqramın əhəmiyyətini vurğulayaraq yaradılan imkanlara görə tərəfdaş şirkətə minnətdarlığını bildirib.

Canni Bardazzi bildirib ki, rəhbərlik etdiyi şirkətin əsas məqsədlərindən biri də professional səviyyəni yüksəltmək və uzunmüddətli əlaqələr yaratmaqdır. C.Bardazzi ikitərəfli əməkdaşlığın davamlı inkişafa xidmət edəcəyinə əminliyini vurğulayıb. O, həmçinin BANM-də mühazirə oxumaq niyyətində olduğunu bildirib.

Qeyd edək ki, sözügedən proqram BANM ilə “Maire Tecnimont Group” şirkəti arasında 2016-cı il oktyabrın 19-da imzalanmış əməkdaşlıq haqqında razılaşma çərçivəsində həyata keçirilir. Tələbələr 17 həftə ərzində davam edən proqram çərçivəsində şirkətin müxtəlif şöbələrində təcrübə keçərək texniki biliklərə yiyələnməklə yanaşı, real problemləri həll etməyi öyrəniblər. Onlar, həmçinin liderlik və kommunikasiya bacarıqları, müqavilələrin idarə edilməsi kimi istiqamətlərlə tanış olublar. Bu təcrübə onlara tikinti ərazisində (Sumqayıt) və şirkətin filialında təcrübə keçməklə “KT-Kinetics Technology” kimi qlobal şirkətdə bacarıqlarını inkişaf etdirməyə imkan yaradıb.

Cari ildə BANM-in məzunları Riyad Baxşiyev və Sənan İbrahimov “KT-Kinetics Technology” şirkətinin müəssisələrində təşkil olunan istehsalat təcrübəsi proqramını uğurla başa vuraraq bu şirkətdən iş təklifi alıblar. Hazırda BANM-in məzunları həmin şirkətdə çalışırlar.