Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yüksək bal toplayıb tələbə adını qazanmış gənclərlə görüş keçirilib

07 Sentyabr 2017
 

Qazax Rayon İcra Hakimiyyəti yüksək balla ali məktəblərə daxil olmuş gənclərlə görüş keçirmişdir.

Rayon təhsil şöbəsi işçilərinin, məktəb direktorlarının, qabaqcıl təhsil işçilərinin və bu il qəbul imtahanlarında nümunə göstərən abituriyentlərin iştirakı ilə keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək yüksək bal toplayıb ali təhsil müəssisələrinə qəbul olmuş tələbələri, onların müəllim və valideynlərini təbrik etmiş, gənclərə müstəqil həyatda daha böyük uğurlar qazanmağı arzulamışdır. Qeyd etmişdir ki, “təhsil millətin gələcəyidir” deyən ulu öndər Heydər Əliyev respublikamızın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu bildirmiş və Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkə təhsilinin inkişafına xüsusi qayğı ilə yanaşmışdır.

Prezident İlham Əliyev də ölkəmizdə təhsilin inkişafına böyük önəm verir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın qəbul olunması və proqram çərçivəsində gənclərin inkişaf etmiş ölkələrin nüfuzlu ali məktəblərində təhsil almaları üçün vəsaitin ayrılması bunun bariz nümunəsidir.

Qeyd edilmişdir ki, respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində çox iş görülmüşdür. Rayonun ümumtəhsil məktəblərinin böyük əksəriyyəti yeni binalarla təmin edilmişdir. Təhsilin səviyyəsinin yüksəldilməsinin nəticəsidir ki, rayonda məzunların ali məktəblərə qəbul faizi ildən-ilə artır. Belə ki, 2016-2017-ci tədris ilində 777 nəfər məzundan 432 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermiş, onladan 264 nəfəri tələbə adını qazanmışdır. Məzunlardan 57 nəfəri 500-dən, 14 nəfəri isə 600-dən çox bal toplamışdır.

Sonra Bakı Dövlət Universitetinin Qazax filialının direktoru Vüsət Əfəndiyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi Barat Vüsal, şair Zaməddin Ziyadoğlu, şair Tamella Poladlı, rayon təhsil şöbəsinin əməkdaşı Rasim Carçıyev, məktəb-liseyin direktoru Tahirə Comərdova çıxış edərək demişlər ki, bu gün dövlət siyasətinin əsas  xəttini təhsilin inkişafı təşkil edir.

Yüksək bal toplayaraq ali məktəblərə daxil olan tələbələr adından Kamil Budaqov və Gülər Hacıyeva çıxış edərək qazandıqları uğura görə daim onların qayğısını çəkən valideynlərinə və müəllimlərinə minnətdarlıq etmiş və müstəqil respublikamızın daha işıqlı gələcəyi naminə əllərindən gələni əsirgəməyəcəklərinə söz vermişlər.

Sonda 500-dən və 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanmış tələbələrə və onların müəllimlərinə qiymətli hədiyyələr verilmişdir.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”