Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ÖLMÜŞ PALIDA ELEGİYA

07 Sentyabr 2017
 

YAXUD KÖLGƏSİ ÖZÜNƏ QƏNİM KƏSİLƏN AĞACLAR

 

Ağaclar da insanlar kimidir...
Doğulur (tumu, yaxud tingi basdırılır), böyüyür, bəhər verir, toxum və ya qələm yolu ilə artırılır (deməli, nəsil verir), ömrü başa çatanda isə quruyur.
Münbit yerə düşəndə, yaxud yaxşı qulluq görəndə daha tez və sürətlə inkişaf edərək bol bəhər gətirir.
Kölgədə və susuz qalanda isə nə düz -əməlli böyüyür, nə yaxşı məhsul verir, nə də faydalı ola bilir...
***
Adətən ağacları meyvəsinə görə qiymətləndirirlər. Yaxşı pula gedən meyvə verən ağacları hamı sevir, həyətində əkib becərməyə çalışır, gecə-gündüz qulluq edərək ondan qazanmaq istəyir.
Elə ağaclar da var ki, meyvəsi olmur, ya da bəhəri yeməli deyil. Yalnız qurd-quş ondan bəhrələnə bilir. Belə ağaclar artıq yer tutmasın deyə, heç kim onu həyətində saxlamır. Onlar meşələrdə, parklarda, yol kənarlarında bitərək yaraşıqlı görkəmləri ilə göz oxşayır, kölgəlikləri ilə insanları özlərinə cəlb edirlər.
Belə ağaclar həm də uzunömürlü olurlar.
***
AĞACLAR DA İNSANLAR KİMİDİR...
Uzun ömürlüsü və qəzavü-qədərə rast gələrək tez sıradan çıxanı - quraqlıq illərində quruyanları, meşə yanğınlarında ziyan görənləri olur.
Hər ağaca öz əcəli ilə ömrünü başa vuraraq quru oduncağa çevrilmək qismət olmur! İnsan laqeydliyindən və biganəliyindən əziyyət çəkənlərinə, tamahın qurbanına çevrilənlərinə də rast gəlirik.
Hərdən isə ağacları öldürürlər!
Hamının gözü görə-görə!
Ya bir gecədə boynunu vururlar...
Ya da ki, tədricən, yavaş-yavaş canını alırlar!..
***
AĞACLAR DA İNSANLAR KİMİDİR...
Doğması da olur, yadı da...
Qərib ölkədən gətirilərək yerli şəraitə uyğunlaşıb yaşayanlarını, başqa yerdə duruş gətirməyərək quruyanlarını da çox görmüşük.
Nədənsə əzəmətli palıdı və qollu-budaqlı Xan çinarı həmişə sevmiş, onlara heyranlıqla baxmış, doğma Azərbaycanın simvolu hesab etmişəm.
Doğma ağaclar arasında isə tuta və nara xüsusi məhəbbətim var!
Bu sevgi haradandır, özüm də bilmirəm...
Bəlkə qocaman tut ağacının gövdəsindəki çoxsaylı qırış və düyünlər, narın yamyaşıl yarpaqları arasından uzun müddət qızararaq göz oxşayan çiçəkləri və meyvələri yaradıb bu sevgini mən də - bilmirəm...
Amma bu ağacların yanından biganə də keçə bilmirəm!
Gözümü və özümü çəkirlər!..
***
Dənizkənarı milli park paytaxtımızın incisi, hamımızın fəxridir. Son illərdə o qədər böyüyüb və gözəlləşib ki... Hətta Bakıya gələn qonaqların və turistlərin də sevimli istirahət yerinə çevrilib. Burada təzə “yurd salan” xeyli yerli və “əcnəbi” ağaclar var ki, gələnlərin marağına səbəb olur.
“Köhnə bulvar”ın “Jemçujina” (“Mirvari”) adlanan kafesi ilə üzbəüz üç nəhəng “dəmir palıd” ağacı bitirdi. Yaşları yüzə yaxın olardı. Görünür yerlərini “bəyənmiş” (uzunömürlü ağaclar üçün bu xüsusilə vacibdir), kökləri hansısa dərinliyə işləyərək şirin su mənbəyi tapmışdı.
Dörd yana qol-budaq ataraq nəhəng yaşıl çətir yaratmışdılar.
Bəlkə də yüzdən çox insan eyni vaxtda həmin çətirin altında gündən daldalanardı.
Daha həmin palıdın biri yoxdur!
Daha doğrusu, quruyaraq il boyu və hətta ömür boyu əynindən çıxarmadığı yaşıl libasını soyunmuşdur!
Amma qurumuş vəziyyətində də görünüşü möhtəşəmdir!
Niyə quruduğu ilə maraqlanmadıq!
Mənası vardımı?
Bəlkə də “ekspert” və “mütəxəssislər” onun “qurumalı” olduğunu artıq “əsaslandırıblar...”
***
Təxminən on il əvvəl Təhsil Nazirliyinin yaxınlığında qocaman bir çinarın qol-budağını dibindən kəsmişdilər.
“Boynu vurulan çinar” adlı bir yazı dərc etdik.
Nazirlikdəki “dostlarımız” bizdən möhkəm incidilər (Çinar həm də yaxınlıqdakı məktəbin hasarına bitişik idi): “Niyə bizim adımızı çəkmisiniz?; “Həm də kəsilən çinar bizdən 20 metr yox, 30 metrlik məsafədədir!”
Başqa bir nazirlik “məsələni araşdırmamış yazdığımıza görə” irad bildirdi. Sən demə, həmin çinarı “cavanlaşdırmaq” üçün “budayıblarmış”.
Amma çinar sonradan pöhrə verib cavanlaşmadı!
Qurudu!
Öldü!
Çünki çinar, palıd və qoz ağacları özləri özlərini təbii şəkildə budayırlar!
Kənar müdaxiləyə dözmürlər!
Bizdən küsənlər çinar quruyandan sonra üzr də istəmədilər...
Hamı boynu vurulmuş çinarı yaddan çıxardı...
İndi quruyan bu palıd da həmin çinar kimi unudulacaqdır.
Onun qurumuş şəklini verdiyimizə görə yenə də bizdən inciyənlər olacaqdır!
Amma o çinar kimi bu palıd da dirilməyəcək!
Çünki ölülər dirilmirlər!
Vaxtsız ölümlərin isə qarşısını almaq mümkündür.
Amma vaxtında!
Bir də növbəti qurbanlara münasibəti dəyişməklə!
***
Həmin üç çinarın altında bir neçə kafe-restoran-çayxana yerləşir!
Kölgəsi başına bəla oldu!
Çayxananın istisinə, kababın tüstüsünə dözmədi!
Həmin çinarlardan 50-60 metr aralıda yaşları bir neçə yüzü keçən əcnəbi zeytun və baobab ağacı yeni məskən salıb.
Xoş gəliblər!
Amma görən kimsə onların altında çayxana-restoran açmağa cürət edərmi?!
Niyə özgələrə “elə”, özümüzünkülərinə “belə”yik?
***
Həmişə Avropadan öyrənməyə çalışırıq, onlardan nümunə götürmək istəyirik: demokratiyanın inkişafı, insan haqlarının qorunması, gender siyasəti və digər məsələlərdən...
Deyəsən unuduruq ki, avropalılar həm də hər bir kollarının, ağaclarının qədrini bilirlər. Meşələrini parka, gəzinti və istirahət yerlərinə çevirirlər. Ağacların altında və ətrafında yaşıl çəmənliklər salır, oradakı kölgəlik və sərinlikdə oturur, uzanıb dincəlir, övladları isə oynayırlar.
Heç vaxt əsas hissəsi “mətbəx”dən ibarət olan “istirahət mərkəzləri”ni meşələrin içində, nadir ağacların əhatəsində yerləşdirmirlər!
Bütün restoran və kafeləri şəhərin meydanlarında, mərkəzi küçələrinin səkilərində olur.
İnsanlar iri çətirlərin kölgəsində daldalanır, yeyib-içirlər!
Ağaca qəsd edərək kölgəsindən pul çıxarmaq barədə isə hətta düşünmürlər də!
***
Bakıda uzun illər boyu salınan yaşıllıqları yox edərək yerində daş binalar “əkdik”.
İndi paytaxtımızda hər şey var və hər nə istəsən tapmaq mümkündür!
Bircə təmiz havadan başqa!
Özü də hamımız dövlət başçısının bu məsələyə prinsipial yanaşdığını, kəsilən hər ağac üçün ciddi məsuliyyət tələb edildiyini və cəza verildiyini yaxşı bilirik! Elə sonuncu dəfə Yasamal rayonunda ağacların kəsilməsinə də cənab İlham Əliyevin sərt reaksiyasının şahidi olduq. Günahkarları cəzalandıraraq həmin ərazidə qısa müddətdə yeni park saldıran cənab İlham Əliyev yerli sakinlərlə görüşü zamanı qətiyyətli mövqeyini bir daha diqqətə çəkdi: “Mən bütün dövlət məmurlarına, özəl qurumlara dəfələrlə xəbərdarlıq etmişəm ki, ağacları kəsmək olmaz”.
***
Allah sənə rəhmət eləsin, qocaman Palıd!
Əgər ağaca rəhmət düşürsə...
Sən insanlara çox fayda gətirdin:

* sərin kölgəndə dincəldilər;
* havaya qatdığın zəngin oksigenlə nəfəs aldılar;
* əzəmətli görünüşündən zövq duydular;
nkölgədən xeyli para qazandılar!..
***
Allah yanındakıları
Sənin aqibətindən qorusun!

 

Bəxtiyar SADIQOV