Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanda yeni tədris ilində 165 minə yaxın uşaq birinci sinfə gedəcək

06 Sentyabr 2017
Azərbaycanda 2017-2018-ci tədris ilində birinci sinfə gedən uşaqların sayı 164 min 945 nəfər təşkil edir.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən həmçinin bildiriblər ki, bu göstərici ötən il 164 min 33 nəfər təşkil edib. 2016-2017-ci tədris ilində IX sinif məzunlarının sayı 110 min 638, XI sinif məzunlarının sayı 84 min 88 nəfər, axşam ümumtəhsil məktəblərində (qiyabi) oxuyan şagirdlərin sayı isə 723 nəfər olub.

Nazirlik nümayəndəsi respublikada yeni məktəblərin istifadəyə verilməsi məsələsini şərh edərkən bildirib ki, bu il 71 məktəb binası inşa edilib. Bunun 61-i modul tipli məktəblərdir. İlin sonunadək respublikanın 44 rayonunda 100 azkomplektli və qəza vəziyyətində olan kənd məktəbləri modul tipli məktəb binaları ilə əvəz ediləcək.

Bundan başqa, 12 məktəb binası əsaslı təmir olunub, 460 məktəbdə cari təmir işləri görülüb, 24 məktəb binasında isə cari təmir işləri davam etdirilir. Həmçinin bir xüsusi məktəb, uşaq və gənclər üçün məktəb və idman-sağlamlıq kompleksi tikilib. Üç kampus və ali məktəb korpusu tikilib və əsaslı təmir olunub.