Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Cəlilabad şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

06 Sentyabr 2017
 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində Cəlilabad rayonunda əsas kapitala yönəldilmiş vəsait 87,0 dəfə, tikinti-quraşdırma işlərinin həcmi 90,2 dəfə artmış, bir sıra sosialyönümlü infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən olimpiya idman kompleksi, müalicə-diaqnostika mərkəzi, rayon mərkəzi xəstəxanası, Şahmat məktəbi, Gənclər evi, Tarix-diyarşünaslıq muzeyi, Bayraq meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 52 mənzilli 2 yaşayış binası inşa edilmiş, təhsil ocaqları və digər obyektlər istifadəyə verilmişdir. Bununla yanaşı, Cəlilabad şəhərinin su təchizatı sistemi yenidən qurulmuş, iri istehsal və emal müəssisələri yaradılmış, 22 mindən çox iş yeri açılmış, yeni yollar çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Cəlilabad şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və şəhərin mənzil fonduna daxil olan çoxmənzilli binaların əsaslı təmiri məqsədi ilə qərara alıram:

1. Cəlilabad şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Cəlilabad  Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat, o cümlədən abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1,5 milyon (bir milyon beş yüz min) manat, 20 çoxmənzilli binanın dam örtüyünün yenilənməsi və fasad hissəsinin əsaslı təmiri üçün 1,5 milyon (bir milyon beş yüz min) manat  ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 sentyabr 2017-ci il