Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xatirələri ehtiramla anılır

06 Sentyabr 2017
 

Neftçala Rayon İcra Hakimiyyətinin binasına daxil olarkən foyedəki mizin üstündə qoyulmuş iki hərbçinin fotoşəkli diqqəti cəlb edir. Çərçivəyə salınmış şəkillərin yanındakı güldanda təzə-tər güllər var.

Təkcə icra hakimiyyətində deyil, rayonun bütün idarə-müəssisələrində, təhsil, səhiyyə ocaqlarında  da həmin şəkillərə rast gəlmək olur. Bu, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş iki gəncin xatirəsinin həmyerliləri tərəfindən əziz tutulmasına sübutdur. Həmin şəhidlər gizir Elmidar Səfərov və Azərbaycanın Milli Qəhrəmanı kimi şərəfli bir ada layiq görülmüş Samid İmanovdur. Elmidar Səfərov Neftçalanın Aşağı Qaramanlı kəndində, Samid İmanov isə Həsənabad qəsəbəsində doğulub boya-başa çatmış, orta təhsillərini öz yaşadıqları ərazidə başa çatdırandan sonra hər ikisi Vətən qarşısında borcunu vermək üçün orduya yollanmışlar. Azğın düşmənin torpaqlarımızı zəbt etməsi bir an belə onları rahat buraxmamışdı. Elə buna görə də hər iki gənc talelərini ən müqəddəs bir peşəyə - hərbçi olmağa bağlamışdılar. Qarabağ torpaqlarını azad etmək üçün daim düşünür, bundan ötrü nümunəvi hərbçi olmağa çalışır, təlimlərdə əzab-əziyyətlərə qatlaşırdılar. Komandirlər tərəfindən verilən hər bir tapşırığı vaxtında və yüksək keyfiyyətlə yerinə yetirirdilər.

Vətəni canları qədər sevən Elmidar Səfərov və Samid İmanov Lələtəpə uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi göstərərək azğın düşmənin çoxlu sayda canlı qüvvəsini və texnikasını məhv etmişdilər. Bu döyüşdə erməni əsgərlərinin sağ qalan hissəsi vahiməyə düşərək geri qaçmağa məcbur olmuşdu. Ordumuz çox böyük uğur qazanmışdı. Amma nə edəsən ki, müharibə qurbansız olmur.

 Hər yerdə olduğu kimi, Neftçalada da şəhidlərin xatirəsi əziz tutulur. Bu yaxınlarda rayonun Aşağı Qaramanlı kəndinin mərkəzi ərazisində, Salyan - Neftçala magistral şose yolunun sağ tərəfində gizir Elmidar Səfərovun xatirəsinə ucaldılmış abidənin açılışı olmuşdur. Geniş bir xiyabanda  ucaldılmış abidə orijinallığı ilə fərqlənir. Burada Elmidar Səfərovdan başqa, Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş Neftçala rayonundan olan Vətən oğullarının hər birinin şəkilləri qara mərmər üzərində həkk olunmuşdur. Abidə-kompleksdə həmçinin aprel döyüşlərini əks etdirən fotoşəkillər də var. Abidənin ərsəyə gəlməsində Elmidar Səfərovun döyüş yoldaşlarının və Neftçala Rayon İcra Hakimiyyətinin xüsusi rolu olmuşdur. Şəhidin xatirəsinə salınmış xiyaban Aşağı Qaramanlı kənd camaatının, gənclərin, məktəblilərin ziyarət yerinə çevrilmişdir.

 

Seyran CAVADOV,

“Azərbaycan”