Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şamaxının Gülüstan qalası

06 Sentyabr 2017
 

Gülüstan qalası Şamaxı şəhərinin şimal-qərbində, sıldırım qayalı bir dağın zirvəsində tikilmişdir. Əngəxaran kəndinin yanında yerləşir. Vaxtilə Şirvanşahların qərargahı və hərbi istehkam məntəqəsi olmuş bu qala tarix boyu baş verən vuruşmalar və zəlzələlər nəticəsində tamamilə uçulub dağılmış, indi onun yalnız bəzi bürc, divar və binalarının xarabalıqları qalmışdır.

Qalanı şərq tərəfdən Pirdirəki dağı əhatə edir. Sıldırım qayalı bir dərə Pirdirəki dağını Gülüstan qalasının yerləşdiyi dağdan ayırır. Dağın cənub ətəyində Xınıslı kəndi, qərb tərəfində 6-7 km məsafədə Meysər dağı və Meysəri kəndi yerləşir. Gülüstan qalasında tikilmiş istehkamlar əsas etibarilə iki hissədən ibarətdir: birinci, qalanın yerləşdiyi dağın yuxarısındakı keçmiş şəhər yerini əhatə edən və qonşu Xınıslı kəndindən aydın görünən ön istehkamlardır. İkincisi isə dağın ən yüksək zirvəsində tikilən və uzaqdan kəsilmiş konusa oxşayan iç qalanın - “Narın qalanın” istehkamlarıdır.
Gülüstan qalasının tikildiyi dövr haqqında hələlik dəqiq məlumat yoxdur. Tarixi mənbələrdə ərəb istilası dövründə Şirvanda yaşayan əhalinin dağlara çəkilib, müqavimət göstərmələri haqqında məlumatlara təsadüf olunsa da, Gülüstan qalasının adına rast gəlinmir. Bu barədə XII əsrin əvvəllərindən başlayaraq aydın məlumat var. Məsələn, 1123-cü ildə Səlcuq Sultan Mahmud (1118-1131) Şamaxını tutan zaman gürcü çarı David (1089-1125) Sultan Mahmudun yazdığı hədələyici məktuba cavab olaraq böyük ordu ilə Şamaxıya hücum edir, çar David birinci növbədə “Şirvanşahın iqamətgahı olan Gülüstan qalasını” ələ keçirir.
Bu dövrdə Gülüstan qalasının əzəmətli və mükəmməl bir qala olması Xaqaninin (1120-1199) əsərlərində də öz əksini tapmışdır. Qala monqol istilası dövründə də alınmaz bir yer olmuşdur.
Mənbələrin verdiyi məlumata görə, “Monqollar Şamaxını mühasirə etdikləri dövrdə Şirvanşah alınmaz qalalarının birində gizlənmişdir”. Monqolların bu dövrdə Şirvanşaha sülh təklif etmələri onun gizləndiyi qalanın möhkəm olduğunu sübut edir. Çox güman ki, bu qala Gülüstan qalası olmuşdur.
Elxanilər dövründə (XIII-XIV əsrlərdə) Şirvanşahlar monqollardan asılı idilər. Hülakuxan Bağdadı aldıqdan sonra Şirvana tərəf gəldikdə Şirvanşah (Kəştasib) onun yanına gedib, özünün tabe olduğunu bildirir. Buna görə də bu dövrdə Gülüstan qalası və onun ətrafında gərgin hadisələr baş vermir.
Elxanilər dövründən sonra Gülüstan qalası yenə də Şirvanşahların hərbi iqamətgahı olmuşdur. Şirvanşah Keyqubadın dövründə Azərbaycanı tutmuş Məlik Əşrəf Şirvanşahın qızına elçi göndərib rədd cavabı aldıqdan sonra öz vəziri Xacə Əbdülxanı çoxlu qoşunla Şirvanın üzərinə göndərir (1347-1349). Tarixi mənbələrdə bu vuruşmalarda Keyqubad və oğlu Kavusun dağ üzərində olan qalaya çəkilərək müdafiəyə başlamaları qeyd olunur. Eləcə də 1366-cı ildə Cəlayiri Sultan Üveys Bağdadda Xacə Məcanın qiyamını yatırmaqla məşğul olan zaman Şirvanşah Kavus Qarabağ və Təbrizi tutur. Aran və Qarabağ əhalisindən çoxlu adamı Şirvana köçürür. Buna görə də Sultan Üveys Bağdaddan qayıdandan sonra hadisədən xəbər tutub Bayram (Piram) bəyin başçılığı ilə böyük bir qoşunu Şirvana göndərir (1367). Bayram bəyin qoşunları üç ay Şirvanı talayır. Tarixi mənbələrdə bu hadisələrdə Şirvanşahın yenə də yaxşı müdafiə oluna bilən bir qalada gizləndiyi qeyd olunur. Nəhayət, Şirvanşah yerli ruhani və şeyxlərin vasitəçiliyi ilə həmin qaladan çıxıb təslim olur.
Ehtimal etmək olar ki, Məlik Əşrəf və Bayram bəy Şirvana hücum edən zaman Şirvanşahın və oğlunun gizləndiyi qala Gülüstan olmuşdur. Bunu həmin dövrün şairlərindən Arif Ərdəbilinin Gülüstan qalası haqqında yazdığı şeirdən də görmək olar.
XV əsrin axırlarında Səfəvi şeyxləri ilə Şirvanşahlar arasında gedən mübarizədə Gülüstan qalası yenə də Şirvanşahların hərbi müdafiə məntəqəsi idi. Səfəvi şeyxi Cüneyd (1447-1456) I Xəlilullah (1417-1462) ilə müharibədə məğlub olub öldürüləndən sonra Şeyx Heydər (1456-1488) atasının qanını almaq üçün 10 min atlı ilə Şirvana hücum edir. Bu müharibədə Fərrux Yəsar (1462-1501) məğlub edildikdən sonra Gülüstan qalasına pənah aparır. Şeyx Heydər öz qoşunlarına qalanı almaq göstərişi verir və 7 ay həmin qalanı mühasirədə saxlayır. “Həbibüssiyər”də qeyd edilir ki, “...bu yerin əhalisi qala hasarının möhkəmliyinə arxalanıb ... darvazları bağladılar və oradan ox, daş atmağa başladılar”. Buna görə də Şeyx Heydər Gülüstanı ala bilməyib, Dərbənd qalasına tərəf gedir.
XVI əsrin əvvəllərində Şah İsmayıl Səfəvinin Şirvana hücumu zamanı (1500) Gülüstan qalası yenə də möhkəm hərbi istehkam rolunu oynamışdır. Şah İsmayıl ata-babasının intiqamını almaq üçün 8 min qızılbaş ilə Şirvana doğru hərəkət edir. Bu dövrdə Şirvanşahın 20 min atlı, 8 min piyada qoşunu var idi. Tarixi mənbələrdə qeyd edilir ki, İsmayılın qoşunları Şamaxıya çatdıqda şəhərin əhalisi qaçıb, üzərində qala tikilmiş bir dağın zirvəsinə qalxdılar. Qızılbaşlar Şamaxını tutduqdan sonra İsmayıla xəbər çatır ki, Şirvanşah Gülüstan qalası ilə Buğurd qalası arasında olan meşədə gizlənmişdir. İsmayılın qoşunları həmin meşəyə gəlir və Şirvanşah Fərrux Yəsarın qoşunlarını oradan qovur. Tarixi mənbələrdə bu vuruşmada Şirvanşahın məğlub olub Gülüstan qalasına çəkilmək cəhdi qeyd olunur. Lakin o, özünü qalaya çatdıra bilmir və Cəbani adlı yerdə vuruşmada öldürülür. Bu qələbədən sonra İsmayıl qışlamaq üçün Mahbudabada gedir və sonra Bakı qalasına doğru hərəkət edir.
1548-1549-cu illərdə türk qoşunları I Təhmasibə yağı olmuş Alxas Mirzə ilə birlikdə Şirvana hücum edən zaman yenə də Buğurd və Gülüstan qalalarının adı çəkilir. Belə ki, bu vuruşmalarda türk qoşunları Buğurd qalasında, səfəvi qoşunları isə Gülüstan qalasında yerləşirdi.
1562-ci ildə Şamaxıya gəlmiş ingilis tacir və səyyahı Antoni Cenkinsonun yazdığından məlum olur ki, bu vuruşmalar zamanı I Təhmasib Gülüstan qalasını dağıtmışdır. O yazır: “...Şamaxı şəhərinin yaxınlığında məhv edilmiş Gülüstan adlı qədim bir qala vardır. Bura dünyanın ən qədim qalalarından sayılırmış...”.
Tarixi mənbələrdə Sultan Məhəmməd Xudabəndə dövründən başlamış I Şah Abbas dövrünün sonuna qədər (1578-1629) Şirvanda gedən müharibələrdə yalnız Şamaxı qalasının adı qeyd olunur. Eləcə də 1606-1607-ci illərdə türklərlə I Şah Abbas (1588-1629) arasında gedən müharibələrdə Şamaxı qalasının mühasirəsi qeyd olunur. Lakin I Şah Abbas Şamaxı şəhərini mühasirə edən zaman tarixi mənbələrdə şəhərin istehkamı və səngərləri təsvir olunarkən onun şimal-qərb tərəfində yüksək dağın üzərində daş və əhəng ilə hörülən və möhkəm bürclərə malik bir qalanın adı çəkilir. “Tarixi-aləm-arayi-Abbasi”də bu barədə yazılır: “...Bu qala elə ucadır ki, fikir kəməndi onu tutmaqdan acizdir. Möhkəmlikdən buraya yol tapmaq mümkün deyil. Buna görə də şəhərin şimal tərəfində bu möhkəm bürclərin qarşısında səngər qurmaq olduqca çətin idi”.
XVII əsrin əvvəllərindən tarixi mənbələrdə Gülüstan qalasının bir hərbi istehkam məntəqəsi kimi təsvirinə təsadüf olunmur. Yazılı mənbələrin verdiyi məlumata görə, Gülüstan qalası “bir zaman Şamaxı hakimlərinin istidən qorunmaq üçün müvəqqəti yaşayış yeri olmuşdur”. Belə ehtimal etmək olar ki, Gülüstan qalası özünün hər bir istehkam əhəmiyyətini itirdikdən sonra uzun müddət bir yaylaq kimi də istifadə edilmişdir. Şamaxı şəhəri və Gülüstan qalası orta əsr Avropa və rus alim və səyyahlarının nəzər-diqqətini özünə cəlb etmişdir. XV əsrdə Avropa səyyahı Şildberger, 1467-ci ildə Hindistana gedən rus taciri Afanasi Nikitin, 1562-ci ildə ingilis taciri Antoni Cenkinson, XVI əsrdə Avril Filip, 1523-cü ildə rus taciri Fedot Kotof, 1636-cı ildə Hollandiya səfarətinin üzvü Adam Oleari, 1670-ci ildə hollandiyalı Stueus, 1682-ci ildə Kempfer, 1703-cü ildə Korrnel Briun, 1739-cu ildə iki nəfər ingilis, 1769-cu ildə akademik Qmelin Şirvana və Şamaxıya gəlmiş, bunların bəziləri isə Gülüstan qalası haqqında öz müşahidələrini yazmışlar.
Gülüstan qalasında arxeoloji tədqiqat işləri aparmaq üçün indiyə qədər Azərbaycan EA Tarix İnstitutu tərəfindən bir neçə elmi heyət Şamaxı rayonuna göndərilmişdir. Bunların içərisində Nizami Gəncəvinin yubleyinə hazırlıq məqsədilə 1939-cu ilin iyul ayında professor Y.A.Paxomovun başçılığı ilə göndərilən ekspedisiyanın tədqiqatlarının əhəmiyyətini xüsusi ilə qeyd etmək lazımdır. Həmin ildə qalanın yeraltı yolunda tədqiqat işləri aparılmışdır. Yeraltı yol qalanın şərq tərəfindədir. Onun qala xaricindəki çıxış yolu Pirdirəki dağı ilə üz-üzə olan sıldırım qayaların qoynunda 32 m hündürlükdədir. Burada yolun giriş hissəsi mağara ağzına oxşayır.
Tarixçi-arxeoloq, tarix elmləri doktoru Hüseyn Ciddi Gülüstan qalasının ən mükəmməl tədqiqatçısı olmuşdur və bu qalaya həsr olunmuş geniş həcmli əsər yazmışdır. Onun yazdığına görə, Gülüstan qalasına onun qərb tərəfindən yerləşən Meysəri dağından su gətirilmişdi. Qalanın şərq tərəfində su hövzəsi düzəldilmişdir. Pirdirəki dağı ilə qalanın yerləşdiyi dağın arasındakı ensiz dərəni bir-birinə birləşdirən kiçik arxdan bu hövzələrə su gətirilmişdir.
1958-ci ilin oktyabr ayında Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya şöbəsi tərəfindən C.Xəlilovun rəhbərliyi altında Şamaxıya göndərilmiş ekspedisiya Gülüstan qalasında bir neçə günlük elmi-tədqiqat işləri aparmışdır. Həmin ildə aparılan tədqiqatın nəticəsində qalanın qərb tərəfində, Meysər dağına gedən yolun üstüdə yeraltı su kəməri aşkar edilmişdi. Həmin su kəməri içərisində dalğavari çıxıntılar olan saxsı tünglər vasitəsilə çəkilmişdir. Saxsı tünglər qırıldığı üçün onların ölçüsünü müəyyənləşdirmək mümkün olmamışdır.
1958-ci ildə həm də Gülüstan qalasının Narın qala hissəsində kəşfiyyat məqsədi ilə kiçik bir sahədə qazıntı aparılmışdır. Qazıntı zamanı içərisi daş və çınqıl ilə dolmuş bir binanın künc hissəsi aşkar edilmişdir. Bina dördkünc yonulmuş qum-əhəng növlü daşlardan çarpazlaşma üsulu ilə tikilmişdir. Daşların ortası qum-əhəngdən hazırlanmış məhlul ilə bərkidilmişdir. Bu məhlul olduqca möhkəmdir. Belə ki, əsrlər boyu həmin divarlar, xaraba qalmasına baxmayaraq, hələ indi də öz möhkəmliyini itirməmişdir. Qazıntı nəticəsində həmin yerdə tağın bir hissəsi aşkar edilmişdir.
Tədqiqatlar zamanı Gülüstan qalasının ətrafından xeyli miqdarda orta əsr şirli və şirsiz saxsı parçaları əldə edilmişdir. Bunların içərisində orta əsr Azərbaycan ustalarının düzəltdikləri müxtəlif formalı qabların qırıntıları ilə bərabər, Çindən gətirilən seladon qab qırıntısı da vardır. Şübhəsiz ki, toplanmış bu yerüstü materiallar müəyyən əhəmiyyətə malikdir.
Tədqiqat zamanı oturacaq hissəsində dulusçunun xüsusi nişanı olan, anqob (astar) üstündən naxışlanmış başqa şirli qab qırıntısına da təsadüf edilmişdir. Qabın içərisi ağ anqob ilə örtülmüş, onun üstündən isə üçbucağa oxşar həndəsi naxışlar cızılmışdır.
Tədqiqat zamanı Gülüstan qalasının xarabalarından vaxtı ilə Çinin cənub əyalətlərində istehsal edilən boz rəngdə selodan qab qırıntısı da tapılmışdır. 1950-ci illərdə də selodan qırıntısı tapılmışdır. Çində istehsal olunan qablara Azərbaycanın bir çox orta əsr şəhərlərində, o cümlədən qədim Gəncədə aparılan qazıntılarda da təsadüf edilmişdir.
Selodan qab qırıqları 1937-1939, 1944-cü illərdə Bakıda Şirvanşahlar sarayında aparılan qazıntılarda və Örənqalada tapılmışdır. Bakıdan tapılan həmin selodan qabların qırıntıları XIV-XV əsrlərə aid edilir.
Y.A.Paxomov Çin selodanın Azərbaycana Orta Asiya və İran, yaxud Hind okeanı, Fars körfəzi və Bağdad yolu ilə gətirilməsi ehtimalını irəli sürür. Bu fikri orta əsr tarixi mənbələri də təsdiq edir. Məsələn, “Həbibüssiyər”də qeyd edilir ki, hicri 915-ci ildə Şah İsmayıl Şirvanşah Şeyx şahın qızına elçi göndərən zaman bir neçə dəvə yükü - “Misir, Rum, Firəng və Çin malları” cehiz olaraq göndərilmişdir.
Bu fakt Azərbaycanın orta əsr şəhərlərinə Çin selodanın yuxarıda qeyd olunan yollarla gətirilməsini təsdiq etməklə bərabər, XV-XVI əsrlərdə Azərbaycana Misir, Rum, Firəng mallarının gəlməsini də göstərmiş olur.
Beləliklə, Gülüstan qalası ərazisindən tapılan yerüstü materiallar xronoloji cəhətdən XII-XV əsrləri əhatə edir. Qeyd etdiyimiz tarixi mənbələrdən məlum olur ki, XI-XII əsrlərdə Gülüstan qalası Şirvanşahların əsas istinadgahı olmuş, XV əsrin axırı və XVI əsrin əvvəllərində ikinci dərəcəli hərbi istehkama çevrilmiş, XVI əsrin axırı və XVII əsrin əvvəllərində isə dağılıb sıradan çıxmışdır.

Kamil İBRAHİMOV,
professor