Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Məktəbəhazırlıq qruplarına qəbul üçün 15 minədək uşağın qeydiyyatı aparılıb

05 Sentyabr 2017
Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elektron sistemdə 14948 ərizənin qeydiyyatı aparılıb. Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrində 2017-2018-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 1-dən başlayan elektron qeydiyyat prosesi sentyabrın 18-dək davam edəcək. Avqustun 15-dən həyata keçirilən məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 20-dək aparılacaq.

Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasından ibarətdir.

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.

Valideynin (digər qanuni nümayəndənin) elektron sorğu yerləşdirdiyi məktəbə müvafiq sənədləri təqdim edərək övladının məktəbəhazırlıq qrupuna qəbul olunması barədə qəbz almasından sonra proses başa çatmış hesab edilir.

Məktəbəhazırlıq qruplarına qəbulla bağlı sual yarandıqda elektron ərizənin qeydiyyatı ilə əlaqədar hər bir rayon ərazisində fəaliyyət göstərən alternativ qeydiyyat mərkəzlərinə, bütün digər hallarla bağlı apellyasiya komissiyalarına müraciət etmək olar.

Növbəti tədris ilində BŞTİ-nin tabeliyindəki 266 ümumtəhsil müəssisəsində məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq. Səkkiz ay davam edən məşğələlər mayın 31-də başa çatacaq.

Qeyd edək ki, 2017-2018-ci tədris ilində beşyaşlıların 65 faizinin məktəbəhazırlıq qruplarına cəlb olunması nəzərdə tutulur.