Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xərçəng hüceyrələrini məhv edən nanorobotlar hazırlanıb

05 Sentyabr 2017
Üç nəfərdən ibarət beynəlxalq alimlər qrupu xərçəng hüceyrələrini tez və effektiv məhv etmək imkanına malik mikroskopik robotlar hazırlayıblar. Tədqiqatçılar ötən il bu robotların yaradılması üzrə kimya sahəsində Nobel mükafatını alıblar. Bu il isə onların sınaqlarını keçirməyə başlayıblar.

AZƏRTAC hi-news.ru saytına istinadla xəbər verir ki, nanomaşınlar əvvəlcə zülalın müəyyən növünə hədəflənir, buna görə də hədəfi səhv etmədən tapır. Robotlar işığın köməyi ilə aktivləşdirilərsə, sürətlə fırlanaraq hüceyrənin daxilinə girir və onu dəqiqələr ərzində məhv edir. Nanorobotlar hədəflərin axtarışını işığın iştirakı olmadan həyata keçirir, lakin onun daxilinə girməyi yalnız işıq sayəsində bacarır.

Nanorobotlar o qədər kiçikdir ki, hətta onun 50 min nüsxədən ibarət “sırası” qalınlığına görə insanın saç teli qədərdir. Alimlər, həmçinin balıq və mikroorqanizmlər üzərində bir sıra sınaqlar keçiriblər. Lakin onlar ümid edirlər ki, gələcəkdə nanorobotlardan insanın müalicəsi üçün istifadə edə biləcəklər. Bu kimi robotlar şişlərin məhv edilməsi ilə yanaşı, orqanizmin müəyyən nahiyəsinə dərmanın çatdırılması üçün də istifadə oluna bilər.