Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kanadalı nazir AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə tanış olub

05 Sentyabr 2017
Kanadanın Ontario əyalətinin tədqiqat, innovasiya və elm naziri Reza Moridinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında (YTP) olub.

YTP-dən AZƏRTAC-a bildirilib ki, texnoparkın ərazisi ilə tanış olan qonaqlara burada yaradılan şərait, potensial rezidentlərin fəaliyyəti barədə məlumat verilib. AMEA-nın Təcrübə-Sənaye Zavodu və "Millers-Oils Azərbaycan" MMC-nin yağ istehsal sahələrinə baxış keçirilib. Qonaqlar YTP-nin mərkəzləşdirilmiş analitik laboratoriyası, pilotsuz uçan aparatların istehsal sahələri və radio ekoloji monitorinq sistemi ilə tanış olublar.

AMEA Yüksək Texnologiyalar Parkının direktoru Vüqar Babayev ölkəmizdə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan yüksək texnologiyalar sahəsinin genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, bu sahədə həyata keçirilən layihələr elmtutumlu iqtisadiyyatın inkişafına təkan verir və innovasiya, yüksək texnologiyaların istehsalata tətbiqini genişləndirir. Rəhbərlik etdiyi texnoparkın biznes təfəkkürü və innovativ düşüncənin inkişafına töhfə verdiyini deyərək bu elmi qurumda elm və kommersiyanın inteqrasiyası, biliklər iqtisadiyyatının formalaşması ilə bağlı kompleks tədbirlərin görüldüyünü qeyd edib. Görüş zamanı beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanıb. AMEA Yüksək Texnologiyalar Parkının rezidentləri ilə mövcud və gələcək layihələr haqqında fikir mübadiləsi aparılıb.

Reza Moridin YTP ilə qarşılıqlı əməkdaşlığın qurulmasının səmərəli olacağını deyib. O, gələcəkdə Ontario əyalətinin universitetləri və texnoparkları ilə birgə layihələrin, konfransların həyata keçirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.