Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib

03 Sentyabr 2017
Sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açdı.

 

Prezident İlham Əliyevin giriş

nitqi

 

- Biz bugünkü müşavirədə ölkəmizdə çay, çəltik, sitrus meyvələri istehsalının inkişafı məsələlərini müzakirə edəcəyik. Şadam ki, son vaxtlar ölkəmizdə bu sahələrə dövlətin dəstəyi hesabına diqqət artır. Bu, çox sevindirici haldır. Ümumiyyətlə kənd təsərrüfatının hər bir sahəsi bizim üçün çox önəmlidir və son illər ərzində bu sahəyə göstərilən diqqət öz nəticəsini verir.

Əlbəttə, ilk növbədə, biz ərzaq təhlükəsizliyi məsələlərini həll etməli idik və bu istiqamətdə çox önəmli addımlar atılmışdır. Bununla bərabər, biz kənd təsərrüfatının bütün ənənəvi sahələrini inkişaf etdirməli idik. Əslində 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının da əsas məqsədi bundan ibarət idi ki, regionlar inkişaf etsin, regionlarda infrastruktur layihələri icra edilsin, sahibkarlıq üçün şərait yaradılsın və ölkə iqtisadiyyatı şaxələndirilmiş şəkildə inkişaf etsin. Bu gün tam əminliklə deyə bilərik ki, biz bu məqsədlərə çatmışıq. Çünki infrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Ona görə, 2004-cü ildə və ondan sonra 2009-cu və 2014-cü illərdə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çox konkret proqramlar idi. Proqramların icrası nəticəsində bütün bölgələrdə, hər bir rayonda çox sürətli inkişaf getmişdir və bu gün də bu inkişaf davam edir.

Bu illər ərzində biz iqtisadi inkişafımızın əsasını qoyduq. Çünki proqramın icrasına başlayarkən Azərbaycanda vaxtilə yaradılmış infrastruktur demək olar ki, köhnəlmişdi. Biz özümüzü elektrik enerjisi ilə, qazla təmin edə bilmirdik, idxaldan asılı idik. Belə olan halda, sənayenin, kənd təsərrüfatının inkişafından söhbət gedə bilməzdi. Biz, ilk növbədə, inkişaf üçün baza yaratdıq. Son illərdə 20-dən çox elektrik stansiyası tikilib. Biz indi nəinki özümüzü təmin edirik, elektrik enerjisini xarici ölkələrə də ixrac edirik.

Azərbaycanda qazlaşdırma çox aşağı səviyyədə idi. Xatırlayıram, 2000-ci ildə parlament seçkiləri ərəfəsində mən Lənkəran rayonuna gəlmişdim. O vaxt vətəndaşlarla görüş zamanı ən çox qaldırılan məsələ təbii qazın olmaması idi. Mən o günləri xatırlayıram. Ancaq bu gün Lənkəran rayonunun təxminən 90 faizi qazlaşdırılıb. Ölkə üzrə isə qazlaşdırma 93 faizə çatıbdır. Növbəti illərdə bütün bölgələrdə qazlaşdırma işləri davam etdiriləcəkdir. Biz təbii qazı ixrac etməyə başlamışıq və ölkəmizə çox lazım olan valyuta gəlir.

Biz son illər ərzində 11 min kilometrdən çox yol salmışıq və dünən də bir neçə yol layihəsinin açılışını etdik. Bu yollar bütün bölgələri bir-biri ilə bağlayır. Şəhərlərarası yollar, magistral yollar, qonşu ölkələrlə əlaqə yaradan yollar, kənd yolları ilə bağlı işlər çox geniş vüsət alıbdır. Bu, həm sosial layihələrdir, eyni zamanda, iqtisadi layihələrdir. Çünki fermerlər, sahibkarlar yaxşı bilirlər ki, yol olmadan inkişafdan söhbət gedə bilməz. Çünki gözəl yol kənd təsərrüfatının da, turizmin də inkişafına çox böyük təkan verir. Bu gün biz bunu əyani şəkildə görürük. Bir sözlə, biz sürətli iqtisadi inkişaf üçün əvvəlki illərdə yeniləşmiş, müasir infrastruktur yaratdıq ki, bundan sonra bunun əsasında uğurla inkişaf edə bilək.

Bununla paralel olaraq sosial infrastruktur məsələlərinə də böyük diqqət göstərilmişdir. Əlbəttə, bunun da çox böyük mənası var. Çünki həmişə qeyd etdiyim kimi, bu gün də qeyd etmək istəyirəm ki, bütün işlərimizin, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşı yaxşı yaşamalıdır və yaxşı yaşamaq üçün imkan olmalıdır. Ona görə sosial məsələlərin həlli, xüsusilə təhsillə, səhiyyə ilə bağlı məsələlər həmişə bizim üçün prioritet olmuşdur. Son illərdə 3 mindən çox məktəb, 600-dən çox tibb mərkəzi yaradıldı və onlar bu gün insanlara xidmət göstərir. Eyni zamanda, bölgələrdə yaradılmış şərait böyük şəhərlərə miqrasiyanın da qarşısını alır. Biz artıq bunu da görürük ki, əvvəlki illərdə Bakıya bütün bölgələrdən müşahidə olunan miqrasiya indi azalıbdır, eyni zamanda, əks proses də başlayıb. İndi insanlar şəhərlərdən kəndlərə qayıdırlar. Çünki kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar yaradılıb.

Yenə də qeyd etmək istəyirəm, əgər vaxtilə biz infrastruktur layihələrinə böyük vəsait ayırmasaydıq, bu gün inkişaf o qədər də sürətli olmazdı. Biz son illərdə ölkəmizdə işsizliyin kəskin azalmasına nail olduq və Azərbaycan bu göstəriciyə görə dünya miqyasında qabaqcıl yerlərdədir. Azərbaycanda işsizlik təqribən 5 faiz səviyyəsindədir. Xüsusilə bu gün bu qədər ki, inkişaf var, kənd təsərrüfatına bu qədər vəsait qoyulur, son 2 il ərzində minlərlə ictimai iş yeri yaradılıbdır, işləmək istəyən özü üçün iş tapar. Yaradılan 1 milyon 600 mindən çox iş yeri də bizim siyasətimizin əlamətidir, onun təzahürüdür.

Fermerlərin, sahibkarların işini yüngülləşdirmək üçün bir çox önəmli tədbirlər görülmüşdür. İlk növbədə, onlara maddi resurs verilməli idi. Biz də bunu edirik. Son illər ərzində sahibkarlara dövlət tərəfindən iki milyard manatdan çox güzəştli kreditlər verilmişdir və əlbəttə, sahibkarlar da öz vəsaitlərini qoyublar. Bu təşəbbüs nəticəsində ölkə iqtisadiyyatının real sektoruna ümumilikdə təqribən 4 milyard manat, bəlkə də ondan da çox vəsait qoyulmuşdur. Kreditlər əsasən regionlara, kənd təsərrüfatına, emal sənayesinə ayrılıbdır. Metodik tövsiyələr verilir. Mən sahibkarlarla mütəmadi olaraq görüşürəm, onlara öz dəstəyimi verirəm. Bilirsiniz ki, yoxlamaların da sayı kəskin şəkildə aşağı düşüb. Yəni, biz şərait yaradırıq ki, sahibkarlar qurub-yaratsınlar, yeni iş yerləri, yeni sənaye sahələri yaratsınlar və Azərbaycanda istehsal, ixrac artsın, idxal azalsın. Biz bunu görürük. Bu ilin 7 ayında ticarət dövriyyəmizin müsbət saldosu əhəmiyyətli dərəcədə artıbdır. Yəni, biz daha çox ixrac edirik, nəinki idxal. Biz 7 ay ərzində valyuta ehtiyatlarımızı böyük dərəcədə artıra bilmişik. Baxmayaraq ki, neftin qiyməti bu gün də çox aşağı səviyyədədir, biz 7 ayda valyuta ehtiyatlarımızı 3 milyard 600 milyon dollar səviyyəsində artırmışıq. Mən deyəndə ki, ölkə qarşısında heç bir maliyyə çətinliyi yoxdur, bax, bu rəqəmlər bunun bariz nümunəsidir.

Bir sözlə, 2017-ci ildə də Azərbaycan uğurlu inkişaf dinamikasını saxlayır, onu möhkəmləndirir, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atır. Beləliklə, biz gələcək inkişaf üçün də gözəl şərait yaradırıq.

Kənd təsərrüfatının inkişafı isə bizim üçün prioritet sahədir. Hesab edirəm ki, Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanlara dövlət tərəfindən verilən dəstək heç bir başqa ölkədə yoxdur. İlk növbədə, əgər biz vergi siyasətinə nəzər salsaq görərik ki, ölkəmizdə fermerlər bütün vergilərdən azad olunublar, təkcə torpaq vergisindən başqa. Əlbəttə ki, bu, dövlət tərəfindən fermerlərə göstərilən böyük dəstəkdir. Dövlət xətti ilə ən müasir texnika alınır. Dünən təsərrüfatlarla tanış olarkən mən yeni texnikanı da gördüm. Bu texnikasız kənd təsərrüfatını inkişaf etdirmək, ümumiyyətlə, mümkün deyil. Bu il Azərbaycana 10 min ən müasir texnika gətirilib. Fermerlərə subsidiyalar verilir. Qeyd etdiyim kimi, güzəştli şərtlərlə kreditlər verilir. Yanacağın, gübrənin böyük hissəsi dövlət tərəfindən təmin edilir, metodik tövsiyələr verilir. Dövlət tərəfindən verilən tövsiyələr əsasında 40-a yaxın müasir aqropark yaradılır. Yəni, sahibkarlara, fermerlərə dövlət tərəfindən bu qədər dəstək verilir və biz bunun nəticəsini də görürük. Sahibkarlar da, fermerlər də bu işlərə məsuliyyətlə yanaşırlar, götürülmüş kreditlər vaxtında qaytarılır. Növbəti illərdə bütün sahələr üzrə konkret işlər görüləcək.

Azərbaycan ictimaiyyəti bilir ki, son vaxtlar kənd təsərrüfatının müxtəlif sahələri üzrə dövlət proqramları qəbul edilmişdir. Bu proqramlar çox konkret proqramlardır. Orada bütün tapşırıqlar verilib, maliyyə təminatı təşkil edilib. Biz bu proqramların icrası nəticəsində kənd təsərrüfatının da şaxələndirilməsinə nail olacağıq.

Ərzaq təhlükəsizliyi əlbəttə ki, bizim üçün əsas məsələlərdən biridir. Son illər ərzində bu istiqamətdə çox önəmli addımlar atılmışdır. Bizim üçün ənənəvi olmayan sahələri inkişaf etdirmişik. Biz əvvəlki illərdə - sovet dövründə əti, südü, toyuq ətini Azərbaycana başqa respublikalardan gətirirdik. Bu gün bu sahələr üzrə çox böyük inkişaf var. Ət istehsalı təxminən 100 faiz səviyyəsində daxili imkanlar hesabına təmin edilir. Toyuq əti 100 faiz, hətta ixrac edirik. Süd isə 80 faiz daxildə istehsal olunur. Görüləcək tədbirlər nəticəsində biz 100 faiz səviyyəsinə çatacağıq.

Bizim üçün ənənəvi olan sahələr də bu gün uğurla inkişaf etdirilir. Pambıqçılıq. Biz pambıqçılığın şöhrətini bərpa etdik. İki il ərzində çox böyük işlər görüldü. Pambıq sahələri 17 min hektardan 136 min hektara çatdırıldı. İki müşavirə keçirildi – Sabirabadda və Saatlıda. Tütünçülük, fındıqçılıq, baramaçılıq sürətlə inkişaf edir. Qax rayonunda müşavirə keçirildi və tütün sahələri 3200 hektara çatdı. Fındıq bağlarının sahəsi 55 min hektara çatdı, 80 min hektara çatacaq. Barama istehsalı isə indi ölkəmizin bütün bölgələrində geniş vüsət alıb. Dünən Lənkəranda tut tingləri sahəsinə də baxış keçirdim. Görürəm ki, Lənkəranda da bu sahəyə böyük maraq var. Baxmayaraq ki, sovet vaxtında baramaçılıq Lənkəranda və bu zonada inkişaf etdirilmirdi. Bu sahələrin inkişafı məşğulluğu artırır, idxaldan asılılığı azaldır, ixrac potensialımızı gücləndirir. Bizim məqsədimiz bundan ibarətdir.

Bugünkü müşavirədə isə bizim üçün ənənəvi olan çayçılıq və çəltikçilik sahələrinin inkişafı ilə bağlı məsələləri müzakirə edəcəyik. Azərbaycanda bu sahələrin böyük ənənələri var. Eyni zamanda, cənub zonasının ənənəvi kənd təsərrüfatı məhsulu sitrus meyvələridir. Son vaxtlar bu istiqamətdə də önəmli addımlar atılır. Əminəm ki, bugünkü müşavirədən sonra bu üç önəmli sahənin inkişafına yeni təkan veriləcək. Çünki dövlət artıq bu sahələrə öz dəstəyini çox ciddi şəkildə ortaya qoyur.

Onu da qeyd etməliyəm və bizim təcrübəmiz göstərir ki, dövlət dəstəyi olmadan kənd təsərrüfatı uğurla inkişaf edə bilməz. Çünki dövlət bütün lazımi tədbirləri görür, vəsait qoyur, infrastruktur yaradır, texnika ilə, gübrələrlə təmin edir, laboratoriyalar təşkil edilir. Bütün ölkə üzrə toxumçuluq, baytarlıq, aqrokimya laboratoriyaları təşkil olunub. Metodik tövsiyələr verilir. Eyni zamanda, bu yaxınlarda yaradılmış tədarük-təchizat qurumu da fermerlərə kömək göstərir, məhsulu onlardan alır. Ona görə bu üç ənənəvi sahəyə çox böyük diqqət göstərilir və göstəriləcək. Əminəm ki, müşavirənin nəticəsində biz bu sahələrdə daha da sürətli inkişafı görəcəyik.

 

x x x

 

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh QARAŞOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

İcazə verin, Sizi Lənkəran ictimaiyyəti adından salamlayım və “Xoş gəlmisiniz” deyim.

Cənab Prezident, son illərdə Sizin diqqət və qayğınız nəticəsində qeyri-neft sektorunun, xüsusən də aqrar sahənin inkişafında böyük nailiyyətlər əldə olunub. Bir il ərzində pambıq, tütün, fındıq, barama, bu gün isə çay, çəltik və sitrus meyvələri istehsalına dair respublika müşavirələrinin keçirilməsi, həmin sahələrin inkişafı ilə bağlı Dövlət proqramlarının qəbulu Sizin də qeyd etdiyiniz kimi, aqrar sahədə böyük dəyişikliklərə səbəb olub. Bu dövr Azərbaycanın müasir tarixində inqilabi dönüş illəri kimi qalacaq. Aqrar sahədə aparılan islahatlar və bu sahəyə dövlət qayğısı bir sıra strateji məhsullara tələbatın yerli istehsal hesabına ödənilməsinə, xarici bazarlardan asılılığın azalmasına, ixracyönümlü məhsulların istehsalının artırılmasına səbəb olub.

Sizin aqrar sahənin inkişafı ilə bağlı tapşırığınıza uyğun olaraq digər bölgələrdə olduğu kimi, rayonumuzda da lazımi işlər görülür. Yerlərdə maarifləndirici tədbirlər keçirilir, mülkiyyət formasından asılı olmayaraq torpaq sahələrindən istifadə vəziyyəti öyrənilir.

Cənab Prezident, 1969-cu ildən başlayaraq ulu öndər Heydər Əliyevin diqqəti və qayğısı sayəsində Lənkəran sürətlə inkişaf edərək aqrar-sənaye rayonuna çevrilib. Həmin dövrdən başlayaraq rayonumuzun simvolu sayılan çayçılıq aparıcı sahə olub. Ulu Öndərin xeyir-duası ilə tutumu 52 milyon kubmetr olan Yuxarı Xanbulançay dəryaçasının istifadəyə verilməsi rayonda əkin sahələrinin, o cümlədən çay plantasiyalarının genişlənməsinə, məhsul istehsalının artımına və 30 mindən çox sakinin daimi işlə təmin edilməsinə səbəb olub. Plantasiyalardan yığılan 16 min tondan çox yaşıl çay yarpağından 4,2 min ton quru çay istehsal olunub ki, bu da respublikada o dövrdə çaya olan tələbatın 50 faizini təşkil edib. Əldə olunan gəlirlər minlərlə ailənin yaşayış səviyyəsinin yaxşılaşmasına, qəsəbə və kəndlərin abadlaşmasına sərf edilib.

Təəssüflər olsun ki, 1990-cı illərin əvvəllərində bütün sahələr kimi çayçılıq da tənəzzülə uğramış, baxımsızlıqdan sıradan çıxmışdı. Sizin aqrar sektora olan diqqətiniz, digər sahələrdə olduğu kimi, çayçılığın da inkişafına böyük təkan verib. Hazırda rayonda 568 hektar çay sahəsi mövcuddur ki, onun da 456 hektarı yeni salınmış plantasiyalardır. Məhsul verən 214 hektar sahədən 102 hektarı son illərdə salınan ərazilərdir. Keçən il rayonda 313 ton yaşıl çay yarpağı istehsal olunub, 3 milyon manat gəlir əldə edilib.

Cənab Prezident, Nazirlər Kabinetinin cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycanın çay ixrac edən ölkə olmaqla yanaşı, həm də çay istehsalı üçün xammal idxal edən ölkə olduğunu diqqətə çatdırdınız və bunun üçün yeni çay plantasiyalarının salınmasını, müasir texnologiyaların tətbiqini tövsiyə etdiniz. Tövsiyənizi əldə rəhbər tutan sahibkarlar və fermerlər mövcud çay plantasiyalarını yaxın gələcəkdə 1000 hektara çatdırmağı və 4 min daimi iş yeri açmağı qarşıya məqsəd qoyublar. Əgər müasir tinglik təsərrüfatı yaradılarsa, xüsusi təyinatlı texnikalar və müasir suvarma avadanlıqları gətirilərək lizinq yolu ilə fermerlərə verilərsə, əlavə çay plantasiyası salmaq və daha çox iş yeri yaratmaq mümkündür.

Cənab Prezident, Lənkəranda sitrus bağlarının kütləvi şəkildə salınmasına ötən əsrin 70-ci illərindən başlanılmışdır. Həmin illərdə dövlət və şəxsi təsərrüfatlarda feyxoa, limon, naringi, portağal bağları salınıb və min tonlarla məhsul yığılıb. Tənəzzül illərində digər sahələr kimi, bu sahəyə də diqqət azalıb, plantasiyaların çoxu baxımsızlıqdan sıradan çıxıb. Sizin kənd təsərrüfatının inkişafına verdiyiniz dəstək digər sahələr kimi, subtropik və sitrus meyvəçiliyinin inkişafına marağı qat-qat artırıb. 2015-ci ildən başlayaraq “Gilan Orchards” MMC tərəfindən Koreya Respublikasından gətirilmiş “Hallabonq” sitrus meyvə ağacları 100 hektar sahədə əkilib. Hazırda sitrus bağlarının ümumi ərazisi 1228 hektar, burada çalışan işçilərin sayı 2700 nəfərdir. Ötən il yığılmış 12,8 min ton məhsul ölkəmizin və Rusiyanın bazarlarına çıxarılıb.

Cənab Prezident, çəltikçilik cənub zonası üçün ənənəvi təsərrüfat sahəsi olub. Ötən əsrin 60-cı illərinədək Lənkəranda becərilmiş “Haşimi”, “Həsəni”, “Ənbərbu”, “Qırmızı Əmbərbu”, “Çampo”, “Sədri” və digər düyü növləri özünəməxsus dadı, keyfiyyəti ilə seçilmiş və keçmiş ittifaqın müxtəlif şəhərlərinə, hətta xarici ölkələrə göndərilmişdir. Lakin sonradan bu sahə tamamilə unudulmuşdur. Aqrar sektora olan dövlət dəstəyindən ruhlanan sakinlərimiz yenidən bu gəlirli sahə ilə məşğul olmağa başlamışlar. Bu il qabaqcıl texnologiyanın tətbiqi nəticəsində çəltik əkini 526,5 hektara çatdırılmış və burada çalışan işçilərin sayı 1068 nəfər olmuşdur. Növbəti illərdə çəltik sahələrinin 1000 hektara çatdırılması və toxumçuluq təsərrüfatının yaradılması nəzərdə tutulur.

Çəltiyin istehsalı üçün rayonda illik emal gücü 7 min ton, düyü qurutma gücü 10 min ton olan yeni zavod tikilib. Lənkəranda istehsal edilən düyü daha keyfiyyətli olduğu üçün onun alıcısı çoxdur və satışı üçün kifayət qədər bazar var. Gələcəkdə daxili tələbatı ödədikdən sonra artıq qalan məhsulu xarici bazarlara çıxarmaq nəzərdə tutulur.

Cənab Prezident, yaranmış imkandan istifadə edərək diqqətinizə çatdırmaq istəyirəm ki, kənd təsərrüfatının, xüsusən də baramaçılığın inkişafına dövlət dəstəyindən ruhlanan sakinlərimizdə də rayonumuz üçün əvvəllər o qədər də ənənəvi olmayan bu sahəyə maraq yaranıb. Əhalinin məşğulluğunu təmin etmək üçün ötən il rayonumuzda ümumilikdə 54 min 700 tut tingi əkilib ki, onların da 40 mini Çindən gətiriləndir. Yeni salınan tut bağlarında olan yem bazası bizə imkan verir ki, növbəti ildə ilkin olaraq 3 ton barama istehsal edək.

Zati-aliləri, Vətənimizin xoşbəxt gələcəyi naminə qarşıya qoyduğunuz vəzifələr şərəfli olduğu qədər də məsuliyyətlidir. Üzərimizə düşən məsuliyyəti dərindən dərk edərək Sizi əmin edirik ki, bu şərəfli vəzifələrin layiqincə yerinə yetirilməsi üçün xalqımızla birlikdə lənkəranlılar da bütün qüvvə və bacarıqlarını səfərbər edəcəklər. Diqqətinizə görə sağ olun.

 

x x x

 

“Astaraçay” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Tələt MƏMMƏDOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Sizi bölgəmizin sahibkarları adından salamlayır, bu mötəbər tədbirdə çıxış üçün mənə imkan yaradıldığına görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Mən ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin 80-ci illərində keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərində təhsil almaq üçün göndərilmiş minlərlə azərbaycanlı gəncdən biriyəm. Təhsilimi başa vurduqdan sonra əmək fəaliyyətimə Rusiyanın Perm şəhərində başlamışam.

2000-ci illərin əvvəllərində, cənab Prezident, Sizin müdrik rəhbərliyiniz altında həyata keçirilməyə başlayan Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində görülən misilsiz tarixi işlər bir azərbaycanlı kimi məni də Vətənə, doğma bölgəmizə qayıtmağa sövq etdi.

2010-cu ildə “Astaraçay” Məhdud Məsuliyyətli Cəmiyyətini yaratdım və o vaxtdan həmin müəssisəyə rəhbərlik edirəm. Bölgəmiz üçün ənənəvi çayçılıqdan başladım. Ötən müddət ərzində 460 hektar sahədə çay plantasiyası salmış, 2015-ci ildə gündəlik 12 ton yaşıl çay yarpağı emal edən müasir çay fabriki tikib istifadəyə vermişik.

Cənab Prezident, 2015-ci il aprelin 11-də fabrikimizə gəlişiniz və o zaman verdiyiniz tövsiyələr bizim üçün fəaliyyət proqramı olmuşdur. Ali diqqətinizə məruzə edirəm ki, tövsiyələrinizə uyğun olaraq, şirkətimiz artıq İSO 9001, 14001, 18001, beynəlxalq keyfiyyət, ətraf mühitin mühafizəsi və əməyin təhlükəsizliyi standartları çərçivəsində fəaliyyət göstərir və LOCON Avropa ekoloji təmiz qida sertifikatı ilə istehsal etdiyimiz qara çay, orqanik “Aztea” brendi ilə həm yerli və həmçinin xarici bazarlarda satılır.

-Möhtərəm cənab Prezident, Siz, eyni zamanda, Nazirlər Kabinetinin bu ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çayçılığın inkişafı, məhsuldarlığın yüksəldilməsi məqsədilə çay istehlakçıları qarşısında dünya təcrübəsinin öyrənilməsi, mütərəqqi texnologiyalardan istifadə edilməsi kimi vəzifələr qoymusunuz. Məruzə etmək istəyirəm ki, müəssisəmizdə artıq bu istiqamətdə bir sıra işlər görülüb. Tingçilik təsərrüfatının yaradılması üçün xaricdən mütəxəssislər dəvət olunub, işçilərimiz üçün treninqlər təşkil edilib və təcrübə-sınaq işləri üçün müvafiq sahə ayrılıb. Müəssisəmiz çayçılıqdan əlavə çəltikçilik və sitrus meyvəçiliklə də məşğul olur.

Cari ildə Astara və Lənkəran rayonlarında 340, Biləsuvar rayonunda isə 300 hektar sahədə çəltik əkini aparılıb. Gələn il əkin sahəsini 1000 hektara çatdırmağı planlaşdırırıq. Toxumçuluq təsərrüfatı yaratmış və yerli fermerləri 60 tondan artıq çəltik toxumu ilə təmin etmişik. Eyni zamanda, 105 hektar sahədə sitrus meyvələri əkilib, feyxoa, limon, portağal, naringi istehsalına başlanılıb. Astara rayonunda 340 nəfər, Lənkəran rayonunda 418 nəfər, Biləsuvar rayonunda isə 70 nəfər üçün daimi iş yeri yaratmışıq. Bütün bunlara məhz Sizin davamlı sosial-iqtisadi inkişaf siyasətiniz sayəsində nail olmuşuq.

Azərbaycanda zəngin tarixi ənənələri olan çayçılıq və çəltikçiliyin, habelə sitrus meyvəçiliyinin hərtərəfli dəstəklənməsi məqsədilə dövlət tərəfindən müxtəlif yardım və təşviq mexanizmlərinin, o cümlədən güzəştli kreditlərin, son məhsula görə subsidiyaların təmin edilməsi, eləcə də aqrolizinq xidmətlərinin göstərilməsi bu sahələrin inkişafını daha da sürətləndirib.

Ölkəmizdə həyata keçirdiyiniz uğurlu iqtisadi siyasətin nəticəsi olaraq sahibkarlar üçün yaradılmış əlverişli şəraitdən maksimum yararlanmağa çalışırıq. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə çayçılıq və çəltikçilikdə istifadə olunan 1 milyon 366 min manat dəyərində 26 adda xüsusi texnika bizim müəssisə üçün lizinqə verilmiş və dövlət tərəfindən həmin vəsaitin 40 faizi və ya 546 min 478 manatı bizə güzəşt olunmuşdur. Bu il əlavə olaraq ümumi dəyəri 570 min manat olan bir ədəd “Laverda” markalı çəltikbiçən kombayn bizim üçün ayrılmışdır.

Möhtərəm cənab Prezident, Siz bizi hərtərəfli dəstəkləyirsiniz, inkişafımız üçün hər cür şərait yaratmısınız. Bu, məsuliyyətimizi artırır, qarşımızda böyük vəzifələr qoyur. “Made in Azerbaijan” brendinin təbliği, məhsulların ixrac edilməsinin təşviqi istiqamətində imzaladığınız fərman və sərəncamlar, verdiyiniz göstərişlər sahibkarlarda böyük ruh yüksəkliyi yaradıb. Hər ötən gün qazanılan təcrübə bizi əmin edir ki, bölgəmizdə çayçılığın, çəltikçiliyin və sitrus meyvəçiliyinin böyük gələcəyi var.

Eyni zamanda, digər sahələrdən fərqli yanaşma tələb edən çayçılığın inkişafı ilə bağlı bir sıra məsələləri qeyd etmək istəyirəm. Çay çoxillik bitkidir, hər torpaqda bitmir. Əkiləndən 7 il sonra məhsuldarlığa çatır və ilk illərdə daha çox qulluq tələb edir. Torpağında çay əkən kəndli yeddi il sonra gəlir əldə edə bilər. Odur ki, əhaliyə pay torpağı kimi verilmiş yararlı torpaqların könüllü birləşdirilməsi və bu birliklərin stimullaşdırılması üçün onlara müvafiq subsidiyaların ayrılması, torpaq sahiblərinin öhdəliklərinin hüquqi əsaslarının tənzimlənməsi məqsədəuyğun olardı. Əminliklə deyə bilərəm ki, belə əhəmiyyətli addımların atılması qarşıda duran məsələlərin həllini tapmasında, bu sektorun iqtisadiyyatın gəlirli sahələrdən birinə çevrilməsində imkanlarımızı artıracaq.

Möhtərəm cənab Prezident, regionların davamlı inkişafı, infrastruktur layihələrinin icrası, yeni müəssisələrin yaradılması, iş yerlərinin açılması ölkəmizin gücünü, qüdrətini daha da artırır. Bizə yaradılmış şəraitə, sahibkarların himayədarı və dayağı olduğunuza görə Zati-alinizə sonsuz minnətdarlığımızı bildiririk. Biz sahibkarlar üzərimizə düşən məsuliyyəti dərindən dərk edirik. Sizi əmin edirik ki, verdiyiniz tapşırıqların vaxtında və yüksək keyfiyyətlə icrası naminə var qüvvəmizlə çalışacaq, bütün səylərimizi səfərbər edəcəyik.

Diqqətinizə görə minnətdaram.

 

x x x

 

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil HÜSEYNOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Müəllifi və təşəbbüskarı olduğunuz regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası, Sizin qeyri-neft sektorunun davamlı yüksəlişi ilə bağlı qəbul etdiyiniz qərarlar və verdiyiniz tapşırıqlar xüsusən də ölkə iqtisadiyyatının mühüm sahəsi olan aqrar sektorda böyük canlanma yaradıb, onun tarixi şöhrətini özünə qaytarmağa başlayıb.

Rayonumuzun iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. Əhalisinin sayı 222 min nəfər olan Masallı respublikanın ən sıx əhali yaşayan və az torpaqlı rayonları sırasındadır. Təhlillər göstərir ki, rayonda 37 min ailənin istifadəsində olan əkinəyararlı 24 min hektara yaxın sahənin 82 faizi dəniz səviyyəsindən aşağıda yerləşməklə şoran və təkrar şoranlaşmış torpaqlardır. On min hektara yaxın sahə isə bilavasitə Xəzər dənizi sahilindədir və onun bir hissəsi daim subasmalara məruz qalır.

Son illərədək rayonda əkin sahələrinin 60 faizə qədərində taxıl yetişdirilir, 25 faizə qədəri istifadəsiz qalırdı. Rayonun torpaq-iqlim şəraiti üçün əlverişsiz sayılan taxıl əkinlərinin hər hektarından 10-20 sentner məhsul götürülür, bu qədər sahədə cəmi 150-180 iş yeri yaranırdı. Bu sahə bizim rayonda iqtisadi cəhətdən qeyri-rentabellidir.

Cənab Prezident, ötən ilin sentyabr ayında Masallıda olarkən yaranmış vəziyyətin aradan qaldırılması ilə bağlı verdiyiniz tapşırıq və tövsiyələrin icrası ilə bağlı əhali və mütəxəssislərlə müntəzəm məsləhətləşmələr aparılır, təbii iqlim şəraitinə uyğun əkin strukturuna yenidən baxmaqla torpaq mülkiyyətçiləri əmək tutumlu, daha gəlirli, bazarda çox tələbat duyulan məhsulların istehsalına istiqamətləndirilir. Nəticədə fermerlər tərəfindən səmərəsiz taxıl əkinləri ilkin olaraq 35 faizə qədər azalıb, həmin sahələr hesabına tərəvəz, çəltik, giləmeyvə, faraş kartof, tərəvəz, noxud, sarımsaq, tütün, qarğıdalı kimi bitkilərin əkinləri xeyli genişləndirilib.

Əkin strukturunda baş verən bu dəyişiklik nəticəsində rayonda bitkiçilik məhsullarının istehsal həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 31,2 faiz artıb, əkinlərin rentabelliyi taxıla nisbətən bir neçə dəfə yüksək olub, 6400 hektarda 13 min 178 iş yeri yaranıb. Aprel ayından başlayaraq yüzlərlə əlavə işçi qüvvəsinə tələbat yaranıb və bu gün də tələbat var.

İstehsal edilən məhsullar əsasən ixracyönümlü olub, bu ilin 7 ayında yaxın və uzaq xarici ölkələrə Azərbaycan brendi ilə ümumilikdə 29 milyon manata yaxın tərəvəz, faraş kartof, sarımsaq və çiyələk ixrac olunub.

Möhtərəm cənab Prezident, Sizin tapşırığınıza əsasən əvvəllər bu bölgənin ən gəlirli sahəsi olan çayçılığın inkişaf etdirilməsi məqsədilə dağlıq ərazidə yeni texnologiyaya əsaslanan 42 hektar çay plantasiyası salınıb, 60 hektarda isə əkin işləri yaxın aylarda başa çatdırılacaq. Bu əraziyə rayonun daxili imkanları və digər maliyyə mənbələri hesabına 11 kilometr asfalt, 6 kilometr çinqıl döşənərək yol çəkilib, “Azərsun” şirkəti tərəfindən suvarma sistemi qurulub. Hazırda burada 50-yə yaxın iş yeri yaradılıb. “Azərsun” şirkəti tərəfindən daha 200 hektara qədər sahədə çay plantasiyasının salınması üçün torpaq mülkiyyətçiləri ilə danışıqlar aparılır.

Yaxın illərdə çay plantasiyasının rayonda ən azı 1400 hektara çatdırılmasına imkanlar var. Tapşırığınıza əsasən 1000 hektarı əhatə edən yeni çay plantasiyası salınması üçün hazırlıq işləri görülüb, torpaq mülkiyyətçiləri ilə maarifləndirmə işləri, müvafiq nazirliklərin, “Astaraçay” şirkətinin rəhbərliyi ilə müzakirələr aparılıb və ilkin razılaşmalar əldə olunub. Həmin sahələrdə bu ilin payızından başlayaraq çay əkinlərini aparmaq mümkündür.

Cari ildə rayonun müxtəlif əraziləri üzrə səmərəli istifadəsi mümkün olmayan 400 hektara yaxın örüş və kolluq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi hesabına Masallıda tarixi ənənələri və böyük iqtisadi səmərəsi olan yerli çəltik növlərinin əkilməsinə başlanılıb. Keçən il 7 hektarda, bu il isə 195 hektarda üç növ çəltik əkilib, kənardan asılılığı azaltmaq üçün 10 hektarda çəltik toxumçuluğu yaradılıb, müasir texnologiya əsasında yeni çəltik emalı zavodunun tikintisinə başlanılıb.

Gələn il çəltik əkinlərinin iki dəfə artırılaraq 400 hektara çatdırılması nəzərdə tutulur. Bunun üçün vaxtilə rayonda mövcud olmuş və sonradan baxımsızlıq nəticəsində və istifadə edilmədiyindən sıradan çıxmış 77 sututarın daxili imkanlar və “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin bilavasitə yaxından köməyi ilə bərpa olunmasına başlanıb. Bu sututarlar istifadəyə verildikdən sonra əlavə yaranacaq 8-10 milyon kubmetr suvarma suyu ilə ən azı 600-700 hektar tütün və çəltik sahələrini suvarmaq mümkün olacaq. Bu, bizim mövcud su ehtiyatlarımızın 20 faizindən çoxdur.

İxracyönümlü məhsul istehsalının artırılması üçün verdiyiniz tapşırıqların icrası ilə bağlı rayonda əlavə tütün, giləmeyvə, faraş kələm əkinləri də genişlənir, yeni sitrus bağları salınır.

Çox hörmətli cənab Prezident, Sizi əmin etmək istəyirik ki, tapşırığınıza müvafiq olaraq, kənd təsərrüfatının bir çox sahələrinin dinamik inkişafının təmin edilməsi üçün bundan sonra da bütün imkanlar səfərbər olunacaq, qarşımıza qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacağıq.

Diqqətinizə görə çox sağ olun.

 

x x x

 

“Cənub-Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin aqronomu Fərman ABDULLAYEV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli müşavirə iştirakçıları.

Bu gün biz fəxrlə deyə bilərik ki, Sizin yüksək diqqət və qayğınız ilə ölkə iqtisadiyyatında əldə olunan nailiyyətlərin parlaq nümunələrini doğma Lənkəranımızda da əyani şəkildə görürük. Bu inkişaf meyilləri hər bir lənkəranlı kimi biz fermerləri də hədsiz sevindirir və daha yaxşı işləməyə, qurub-yaratmağa həvəsləndirir.

Sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsini, o cümlədən fermerlərə güzəştli kreditlərin, subsidiyaların və investisiya təşviqi sənədlərinin verilməsini, aqrolizinq xidmətlərinin göstərilməsini və dövlətin bu cür dəstək mexanizmlərinin həyata keçirilməsini biz istehsalçılara göstərilən əvəzsiz qayğı kimi qəbul edirik və buna görə də bütün fermerlərin adından Sizə dərin təşəkkürümüzü bildiririk.

Məhz bu qayğıdan ruhlanaraq ötən ildən başlayaraq biz regionumuzda əkinçiliyin qədim ənənəvi növü olan çəltikçiliyin yenidən bərpası işinə başlamışıq. 2016-cı ildə 20 hektar sahədə çəltik əkini həyata keçirmişik və hər hektardan 50 sentner məhsul əldə etmişik.

Bu il isə əlavə olaraq 80 hektarda çəltik əkməklə əkin sahəsini 100 hektara çatdırmışıq. Gələn təsərrüfat ilində bunu daha 100 hektar genişləndirməyi nəzərdə tutmuşuq.

Çəltikçilik rayonumuz üçün vaxtilə ənənəvi əkin növlərindən biri olub. Hətta keçmiş sovetlər dövründə ötən əsrin 60-cı illərinə kimi bölgədə çəltikçiliyin elmi əsaslarla inkişaf etdirilməsi məqsədilə Ümumittifaq Çəltikçilik İnstitutunun zona təcrübə stansiyası fəaliyyət göstərmişdir. Lakin sonradan əkin sahələri tədricən azalmağa başladı.

Çəltik bitkisinin yetişdirilməsi çox zəhmət tələb edən işdir. Əsas məqsədimiz müasir texnologiyaların köməyi ilə “Ağ ənbərbu”, “Qırmızı ənbərbu”, “Həsəni”, “Akulə”, “Çampo”, “Sədri”, “Yetimi”, “Xəzər” kimi keçmişdə geniş şöhrət qazanmış dədə-baba çəltik sortlarından qiymətli ərzaq olan düyü istehsal etməklə yanaşı, ölkənin ərzaq təhlükəsizliyi proqramına öz töhfəmizi verməkdir.

Adlarını qeyd etdiyim düyü sortları özünəməxsus dada və fərdi xüsusiyyətlərə malikdir. Yaxşı bilirik ki, indiki vaxtda istər daxili və istərsə də xarici bazarlarda bu cür ekoloji cəhətdən təmiz düyülərə böyük ehtiyac var. Elit texnologiyalardan, qabaqcıl təcrübədən istifadə etmədən əkinçiliyin bütün sahələrində olduğu kimi, çəltikçilikdə də uğur qazanmaq mümkün deyil. Fəaliyyətimizdə çalışmışıq ki, düyü istehsalı sahəsində ixtisaslaşmış ölkələrin qabaqcıl texnologiya və təcrübələrindən istifadə edək.

Biz təsərrüfatımızda bölgəmizin torpaq-iqlim şəraitinə uyğun olaraq çəltiyi ənənəvi Asiya üsulu ilə, yəni, şitil yetişdirib sahələrə köçürməklə əkirik. Bu üsulun müsbət cəhətləri çoxdur. Belə ki, burada, ilk növbədə, toxuma qənaət olunur. Səpmə üsulu ilə əkin keçirildikdə hektara 150-200 kiloqram, bəzən daha çox toxum sərf olunduğu halda, şitillə əkin zamanı 3-4 dəfə az - hektara 50-60 kiloqram toxum tələb olunur. Şitillə əkin aparıldıqda sonrakı becərmə mərhələlərində lazımi aqrotexniki işlərin görülməsi rahat başa gəlir. Xüsusilə, belə şəraitdə alaq otları texnika vasitəsilə təmizləndiyindən zərərli pestisidlərdən istifadə etməyə ehtiyac qalmır. Bu da ekoloji cəhətdən çox əhəmiyyətlidir. Həm də bölgəmiz subtropik iqlimə malik olduğundan yaz-payız aylarında intensiv yağışlar yağır və məhsul yığımı zamanı itki çox olur. Buna görə də tətbiq etdiyimiz əkin üsulu biçin vaxtını bir ay tezləşdirir və məhsul itkisiz yığılır.

Təsərrüfat fəaliyyətimizi genişləndirmək məqsədilə Koreya Respublikasından çəltik əkən iki maşın, iki biçin kombaynı, iki traktor və digər avadanlıqlar gətirilib və onlardan səmərəli istifadə edirik. Hazırda yaşıl çəltik zəmilərimiz göz oxşayır, məhsulumuzun bol olacağını saçaqların sıxlığından da görmək olur.

Cənab Prezident, icazənizlə çəltik əkini ilə məşğul olan fermerlərin bəzi istək və arzularını da diqqətinizə çatdırmaq istəyirəm. Regionda çəltikçiliyin inkişafının sürətləndirilməsi, əkin sahələrinin genişləndirilməsi və emal müəssisələrinin istehsal gücünün artırılması, eyni zamanda, çəltikçiliyin inkişaf modelinin hazırlanması üçün müasir standartlara cavab verən toxumçuluq təsərrüfatının və toxumun keyfiyyət göstəricilərini təyin etmək üçün laboratoriyanın yaradılmasına ehtiyac var.

Qeyd edim ki, çəltikçiliyin inkişafı ərazidə kənd təsərrüfatının digər sahələrinin də inkişafına müsbət təsir göstərəcək. Belə ki, biçilmiş çəltik zəmiləri, eyni zamanda, heyvandarlıq, quşçuluq, balıqçılıq və digər sahələr üçün həm də yem bazasıdır. Bu da Lənkəran kimi aztorpaqlı rayonda ərzaq istehsalı prosesində mühüm əhəmiyyətli məsələdir. Qarşımızda duran başlıca hədəf istehsal edilən məhsulun keyfiyyətinin davamlı olaraq yaxşılaşdırılması, rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, məhsuldarlığın artırılması və daxili bazarı təmin etməklə yanaşı, ixracın genişləndirilməsinə nail olmaqdır.

Cənab Prezident, Sizin regionlarda sahibkarlığın inkişafını daim diqqətdə saxlamağınız biz iş adamlarını öz fəaliyyətimizdə daha da məsuliyyətli olmağa sövq edir. Biz də öz növbəmizdə Sizi əmin edirik ki, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə qarşıya qoyulmuş vəzifələrin icrasında yorulmadan çalışacağıq. Diqqətinizə görə minnətdarıq.

 

x x x

 

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İBRAHİMOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Son illər Sizin rəhbərliyinizlə həyata keçirilən islahatlar ölkəmizin qeyri-neft sektorunun inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Çox böyük uzaqgörənliklə müəyyən etdiyiniz və həyata keçirdiyiniz yeni iqtisadi kurs, o cümlədən aqrar sahənin inkişafı ilə bağlı inqilabi dəyişikliklər Ağdaş rayonunda da öz müsbət nəticələrini verməkdədir.

Rayonda ilkin olaraq fermerləri və keçmiş təsərrüfat işçilərini də cəlb edərək bütün mülkiyyət növləri üzrə torpaq sahələrindən səmərəli istifadənin vəziyyəti araşdırılıb, əkin məqsədləri üçün istifadə olunmayan, eləcə də səmərəsiz istifadə olunan torpaq sahələrində müxtəlif növ kənd təsərrüfatı bitkilərinin əkilməsi təmin edilib.

Möhtərəm cənab Prezident, əkinçiliyin ən qədim sahələrindən olan çəltikçilik əsasən cənub bölgəsinə xas olsa da, Ağdaş rayonunda da əhalinin daim maraq göstərdiyi kənd təsərrüfatı sahələrindən biridir. Lakin 1990-cı illərin əvvəllərində məlum səbəblər üzündən aqrar sektora göstərilən biganəlik bu sahənin də geriləməsinə səbəb olub.

Ölkəmizdə kənd təsərrüfatının strateji sahələrinin inkişaf etdirilməsi ilə bağlı Sizin qəbul etdiyiniz müdrik qərarlar, verdiyiniz tapşırıq və tövsiyələr əsasında çəltikçiliyin də sürətli inkişafı üçün qısa müddətdə əlverişli şərait yaradıldı. Çəltik istehsalçılarına il ərzində hər hektara görə 90 manat subsidiyanın verilməsi insanların bu sahəyə marağını artırıb və bunun nəticəsində rayonumuzda da əkinçiliyin ənənəvi növü olan çəltikçilik xeyli inkişaf edib.

Cənab Prezident, 2017-ci ildə Ağdaş rayonunun 59 yaşayış məntəqəsində 2454 hektarda çəltik əkilib. Bu, 2014-cü illə müqayisədə təqribən 5 dəfə çox olmaqla respublikada əldə edilən ən yüksək göstəricidir. Yerlərdə aparılan monitorinqlər onu deməyə əsas verir ki, hər hektardan çəltiyin məhsuldarlığı 30-35 sentner olacaqdır və təqribən 8 min tonadək çəltik, yəni 6 min tonadək düyü istehsal ediləcəkdir. Bu da təqribən 12 milyon manat vəsait və yaxud 7 milyon manat xalis gəlir deməkdir.

Rayonun Orta Ləki kəndindən olan fermer Ramiz Abdullayev 23 hektar sahədən orta məhsuldarlıq 45 sentner olmaqla 103 ton çəltik istehsal edərək 65 min manat gəlir əldə edib. Eyni zamanda, yüksək məhsuldarlığa nail olan Malay kənd sakini Əli Musayev 45 min manat, Qəribli kənd sakini Nicat İsmayılov 35 min manat, Yenicə kənd sakini Zəhmət Məmmədov 33 min manat gəlir əldə ediblər. Belə misalları çox çəkmək olar.

Ağdaş rayonunda çəltik əkini və becərilməsi ilə əlaqədar 2100 nəfər kənd sakini mövsümi işlə təmin olunub. Cari ildə hər bir fermer ailəsinin büdcəsinə təqribən 8200 manatdan çox vəsait daxil olacağı gözlənilir ki, bu da rayon üzrə 850 fermerin ümumilikdə 7 milyon manat xalis gəlir əldə edəcəyi deməkdir.

Fermerlər “Yerli bezos”, “Ağ mirvari”, “Qırmızı mirvari”, “Çappa”, “Ağ gilə” sortlarının əkilməsinə daha çox üstünlük verirlər. Ölkəmizdə istehsal olunan digər kənd təsərrüfatı məhsulları kimi yerli düyü ekoloji cəhətdən təmiz, qidalılıq fərqinə görə idxal edilən düyülərdən daha keyfiyyətlidir. Təsadüfi deyildir ki, yetişdirilən yerli düyü bu gün daxili bazarda “Ağdaş düyüsü” adı ilə tanınır.

Cənab Prezident, icazənizlə, ağdaşlı fermerlərin xahişlərini burada səsləndirmək istəyirəm. Qarşıdakı illərdə çəltik istehsalı sahəsində hədəflərimizin daha yüksək olduğunu nəzərə alaraq, elmi əsaslara söykənmiş toxumçuluq təsərrüfatlarının və yüksək məhsuldar toxum sortlarının yaradılması, çəltik əkini və yığımı üçün xüsusi təyinatlı texnikaların gətirilməsi və lizinq yolu ilə istehsalçılara verilməsi, eyni zamanda, düyü istehsalı üçün müasir çəltik emalı müəssisəsinin yaradılmasına dəstək verilməsini xahiş edirik.

Qeyd olunanlarla yanaşı, bildirmək istəyirəm ki, 2017-ci ildə rayonumuzda kənd təsərrüfatının digər sahələrində də uğurlu nəticələr əldə edilib. Cari ildə ötən ilə nisbətən 3 dəfə çox, yəni 3000 hektar sahədə pambıq əkilib və becərmə işlərinə 3000 nəfərə yaxın işçi qüvvəsi cəlb olunub. Baramaçılıqda ötən illə müqayisədə 3 dəfə çox, 6,4 ton məhsul tədarük edilib və 101 kümçü ailəsi ümumilikdə 57 min 700 manat gəlir götürüb. Eyni zamanda, cari ildə 834 hektar sahədə tərəvəz, 253 hektar sahədə bostan bitkiləri əkilib və hazırda da məhsul yığımı davam edir. Meyvə bağlarında yetişdirilən nar, heyva, xurma, alça, gilas və digər məhsullar MDB ölkələrinə ixrac edilir.

Ağdaş rayonu üçün aqrar sektorun yeni sahəsi olan dərman bitkisi - biyanın istehsalı və emalına diqqət artırılıb. Sizin tövsiyənizlə bu məqsədlə 1000 hektar sahədə biyan məhsulunun yetişdirilməsi və biyan kökü emalı müəssisəsinin yaradılmasına başlanılıb və tikinti işlərinin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Cənab Prezident, bütün bunları sadalamaqda bir məqsədim var. Apardığınız siyasət nəticəsində insanlar torpağa bağlanıb, aqrar sahədə çalışanların həyat şəraiti dəyişib, maddi rifah halları xeyli yaxşılaşıb və ölkədə məhsul bolluğu yaranıb. Artıq kənd yerlərində işsiz insan yoxdur və onlar halal zəhmətləri ilə öz dolanışıqlarını təmin edirlər.

Möhtərəm cənab Prezident, çıxışımın sonunda Sizi əmin etmək istəyirəm ki, respublikamızda aqrar sahənin inkişafı ilə bağlı qarşıya qoyduğunuz mühüm vəzifələrin rayonumuzda uğurla icra olunması üçün bütün imkanları səfərbər edəcək, qarşıdakı illərdə daha yüksək nəticələrə nail olmaq üçün bu işlərə öz layiqli töhfələrimizi verəcəyik. Diqqətinizə görə minnətdaram.

 

x x x

 

“Gilan Orchards” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Vaqif SÜLEYMANOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli müşavirə iştirakçıları.

Bəyan etdiyiniz kimi, ölkənin inkişafının hazırkı mərhələsində qarşıya qoyulmuş əsas hədəflər çoxşaxəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, qeyri-neft sektorunun inkişafı və əhalinin rifahının davamlı olaraq yaxşılaşdırılmasıdır. Bu istiqamətdə göstərdiyiniz fədakar fəaliyyətə görə bütün sahibkarlar adından Sizə dərin təşəkkürümüzü bildiririk.

Möhtərəm cənab Prezident, Sizin rəhbərliyiniz ilə ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsi olaraq biz də digər sahibkarlar kimi yaradılmış əlverişli şəraitdən maksimum yararlanmağa çalışırıq. Bizim əsas fəaliyyət istiqamətimiz sitrus meyvələri istehsalı və satışıdır. Müəssisəmiz 2015-ci ildə yaradılıb. Yeni yaradılmış sitrus meyvə təsərrüfatının ümumi sahəsi 100 hektar təşkil edir. Rayonda sitrus meyvələrinin istehsalı üçün əlverişli şərait bu sahənin gələcəkdə daha da inkişaf etdirilməsini şərtləndirən əsas amillərdən biridir.

Tapşırığınıza uyğun olaraq aidiyyəti dövlət qurumları tərəfindən sahibkarlığın inkişafına daim dəstək göstərilir. Belə dəstək tədbirlərinə misal olaraq İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kreditlərin verilməsi, ixrac bazarlarının tapılması və ixrac missiyalarında iştirakla bağlı AZPROMO ilə əməkdaşlıq, Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə aqrolizinq xidmətlərinin göstərilməsi, subsidiyaların verilməsi və sair bu kimi tədbirləri göstərə bilərik. Bütün bunlar isə kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını stimullaşdırır.

Fəaliyyətə başladığımız dövrdən respublikada ilk dəfə olaraq tərəfimizdən Koreya Respublikasından gətirilmiş 20 min “Hallabonq” sitrus ağacı 15 hektar sahədə əkilib.

Böyük fərəh hissi ilə bildirirəm ki, Sizin 2015-ci ildə rayona səfəriniz zamanı baxış keçirdiyiniz həmin sahələrdən ötən il 1,5 ton yüksək keyfiyyətli nübar məhsul yığılıb. Eyni zamanda, bu məhsulun nümunələri Novruz bayramı ərəfəsində Bakı şəhərində Dənizkənarı Bulvarda təşkil edilmiş sərgidə nümayiş etdirilib.

Hazırda sitrus meyvə bağlarının genişləndirilməsi istiqamətində işləri davam etdiririk. Bu məqsədlə əlavə olaraq xaricdən 25 min sitrus ağacı gətirilərək cari ilin yaz aylarında 85 hektar sahədə əkilib. Sitrus təsərrüfatında 200 nəfər yerli sakin daimi işlə təmin edilib. Rayonun dağətəyi ərazilərində terras əkin üsulu ilə sitrus sahələrinin salınması davam etdirilir.

Görülən işlər nəticəsində rayonda istifadəsiz qalmış torpaqlar yenidən əkin dövriyyəsinə cəlb ediləcək ki, bu da minlərlə yerli sakin üçün daimi iş yeri olacaq. Yeni salınmış sitrus bağlarında suvarma ilkin olaraq damcı üsulu ilə həyata keçirilir. Sonrakı mərhələlərdə çiləmə və daha mütərəqqi suvarma üsullarından da istifadə edilməsi nəzərdə tutulub.

Xüsusilə vurğulamaq istəyirəm ki, yeni əkilmiş “Hallobong” sitrus meyvə növü əvvəllər rayonda kütləvi şəkildə əkilmiş naringi növlərindən 2-3 dəfə tez məhsul verməklə bərabər, məhsuldarlıq da 2-3 dəfə çox olur. Bu yüksək nəticəni biz yeni salınmış sitrus bağımızda praktik olaraq gördük. Qazanılmış nəticə bizi daha da həvəsləndirir. Bu sahənin daha sürətlə inkişaf etdirilməsi planlaşdırılır.

Bu məhsulun ixracqabiliyyətli olduğunu nəzərə alaraq yaxın illərdə daxili bazarla yanaşı, xarici bazarlara ixrac edilməsi məqsədilə rayonda fəaliyyət göstərən “Gilan-Lənkəran” konserv zavodunda məhsulun müasir standartlar səviyyəsində çeşidlənməsi və qablaşdırılması üçün yeni müasir texnoloji avadanlıq quraşdırılacaq.

Möhtərəm cənab Prezident, təsərrüfatımızın fəaliyyəti təkcə bununla məhdudlaşmır. Gələcəkdə rayonun əlverişli iqlim və torpaq şəraitinə uyğun olaraq sitrus meyvəçiliyi ilə yanaşı, çayçılıqla da məşğul olmağı qərara almışıq. Artıq bununla bağlı çay əkini üçün yararlı yeni torpaq sahələri müəyyənləşdirilir.

Cənab Prezident, gördüyümüz işlər bizi daha böyük nailiyyətlər əldə etməyə ruhlandırır. Sizin kənd adamlarına göstərdiyiniz qayğı və diqqət bizi bir daha əmin edir ki, qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəyik və bol məhsul istehsal edəcəyik. Dövlətimizin qüdrətlənməsinə və ölkəmizin tərəqqisinə öz töhfəmizi verəcəyik. Diqqətinizə görə sağ olun.

 

x x x

 

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər AĞAYEV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Son illərdə ölkəmizdə kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyi digər bölgələrimizdə olduğu kimi, Astara rayonunda da aqrar sektorun inkişafına böyük təkan verib.

Sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, o cümlədən fermerlərə güzəştli kreditlərin, subsidiyaların və investisiya təşviqi sənədlərinin verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi bu il rayonumuzda ümumi əkin sahəsinin 10 min hektara çatdırılmasına səbəb olub. Bu da rayonumuzun əkinəyararlı torpaq sahəsinin 75 faizini təşkil edir. Çalışırıq ki, rayonumuzda əkinəyararlı torpaq sahələri istifadəsiz qalmasın. Bu məqsədlə ilk olaraq mülayim-subtropik iqlim qurşağında yerləşən rayonumuz üçün ənənəvi olan çayçılıq, sitrusçuluq və çəltikçilik sahələrinin inkişaf etdirilməsini prioritet məsələ kimi qarşıya qoymuşuq.

Cənab Prezident, rayonumuz üçün əsas ənənəvi istehsal sahəsi sitrusçuluqdur. Hazırda rayonumuzda əvvəlki illərlə müqayisədə 8 dəfə çox - 2350 hektar sitrus bağı var ki, onun da 425 hektarı ötən il salınıb. Keçən il bu bağlardan 44 min ton sitrus meyvələri tədarük olunub. Cari ildə isə məhsulun daha çox olması gözlənilir. Məlumat üçün bildirim ki, bu sahədə çalışanların sayı 11 min nəfərdən çoxdur.

Aqrar sahəni, xüsusən də sitrusçuluğu innovasiyalar tətbiq etmədən, xarici ölkələrin qabaqcıl təcrübəsini öyrənmədən inkişaf etdirmək qeyri-mümkündür. Bu məqsədlə cari ilin aprel və iyun aylarında rayonumuzda sitrus məhsulları istehsalçıları üçün təşkil edilən seminara Türkiyənin Subtropik Meyvəçilik Mərkəzinin alimləri dəvət olunmuşdular. Qabaqcıl təcrübələri barədə məlumat verən qonaqlar rayonun sitrus bağlarında olmuş, sitrusçuluğun səmərəliliyini artırmaq üçün yeni növ tinglərin əkilməsini tövsiyə etmişlər. Bu məqsədlə rayona 10 mindən artıq yüksək məhsuldarlığı və şaxtaya davamlılığı ilə seçilən “Satsuma” yapon sortu naringi və limon tingləri gətirilərək əkilib. Mövcud sitrus bağlarının tədricən yeni növ tinglərlə əvəzlənməsi qarşıya vəzifə kimi qoyulub. Bu da, öz növbəsində, gələcəkdə məhsuldarlığın artmasına böyük təkan verəcək.

Yeni məhsuldar sortların gətirilməsi və müasir tingçilik təsərrüfatlarının yaradılması, ixtisaslı mütəxəssislərin hazırlanması bu sahədə çalışan fermerlərə, torpaq mülkiyyətçilərinə imkan verərdi ki, öz təsərrüfatlarını daha da genişləndirsinlər.

Cənab Prezident, rayonumuz üçün ən perspektivli sahələrdən biri də çayçılıqdır. Ötən əsrin 70-80-ci illərində çayçılıq Astara rayonunda ən yüksək inkişaf mərhələsinə çatmış, 3 min hektar çay plantasiyasından 7 min tona qədər məhsul istehsal edilmişdi. Həmin dövrdə çay plantasiyalarında işləyənlərin sayı 12 min nəfərdən çox olmuşdu. 1990-cı illərin əvvəllərində diqqətdən kənarda qalan çay sahələri tədricən sıradan çıxmışdır. Torpaq islahatı aparılan zaman çayçılıq üçün əlverişli olan torpaqlar sakinlərə pay torpağı, çay kolları isə əmlak kimi verilmişdir. Pay torpağından tədarük etdiyi yaşıl kütləni təhvil verməyə yer tapmayan mülkiyyətçi çox əziyyətlər bahasına başa gəlmiş və məhsuldarlığının ən yüksək mərhələsində olan kolları qıraraq oduncaq kimi istifadə etmişdir. Hazırda rayonumuzda mövcud olan 345 hektar çay plantasiyasından 188 hektarı bərpa olunan, 157 hektarı isə yeni salınan çay sahələridir. Ötən il 1500-dək sakinimizin çalışdığı plantasiyalardan 646 ton yaşıl çay yarpağı tədarük edilib. Cari ildə isə bu göstəricinin 1000 tona çatdırılması nəzərdə tutulur.

2015-ci ilin aprel ayında “Astaraçay” çay emalı fabrikinin açılışı zamanı qeyd etdiniz ki, “Əminəm ki, vaxt gələcək Azərbaycan öz çayını daha da böyük həcmdə dünya bazarlarına çıxaracaqdır”. Sizin bu çağırışınızdan ruhlanan çayçılarımız rayonumuzun əvvəlki şöhrətini qaytarmaq əzmindədirlər.

Cənab Prezident, son illər diqqətdən kənarda qalan, kənd təsərrüfatının ən gəlirli sahələrindən biri də çəltikçilikdir. Aqrar sahəyə olan dövlət dəstəyi və aparılan maarifləndirmə işlərinin nəticəsidir ki, son iki ildə çəltik əkini 7 dəfədən çox artırılaraq 450 hektara çatdırılıb. Aqrotexniki qulluğun yaxşılaşdırılması, daha məhsuldar toxumun əkilməsi ilə bu il 2 min tona yaxın çəltik istehsalı gözlənilir. Artıq çəltik yığımına başlanıb, bu günə olan məlumata görə, sahələrdən 1750 ton məhsul yığılıb və biçin davam edir. Bu il rayonumuzda çəltik əkini ilə məşğul olanların sayı 1345 nəfər olub. Azərbaycan bazarlarında yerini tutmuş, ekoloji cəhətdən təmiz və keyfiyyətli olan, ətirli Astara düyüsünün ixrac potensialı da böyükdür. Aparılan təhlillər göstərir ki, rayonun suvarma şəbəkələrini genişləndirməklə çəltik sahələrini bir neçə dəfə artırmaq mümkündür.

Hazırda rayonumuzda 8 kiçik çəltik emalı sahəsi fəaliyyət göstərir. Növbəti ildə müasir tələblərə cavab verən və saatda istehsal gücü 5 ton olan yeni çəltik emalı və qablaşdırılması zavodu inşa ediləcək.

Bu il Astara rayonunda ümumi dəyəri 50 milyon manata yaxın çay, çəltik və sitrus meyvələri tədarük ediləcək. Bu da ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə olmaqla yanaşı, sakinlərimizin maddi rifah halının yaxşılaşmasına səbəb olacaq.

Möhtərəm cənab Prezident, ölkədə aqrar sektorun davamlı inkişaf etdirilməsi üçün verdiyiniz tapşırıqların icrası ilə əlaqədar bütün imkanları səfərbər edərək qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacağıq. Diqqətinizə görə çox sağ olun.

 

x x x

 

Dövlətimizin başçısı müşavirədə yekun nitqi söylədi.

 

Azərbaycan Prezidenti İlham Əliyevin yekun

nitqi

 

-Çıxışlarda səslənən fikirlər, təkliflər təhlil ediləcəkdir. Bu təkliflərin icra edilməsi gələcək fəaliyyətimiz üçün də əhəmiyyət daşıyır.

Bugünkü müşavirə bir daha onu göstərir ki, Azərbaycanda kənd təsərrüfatı prioritet sahə olaraq qalır və qalacaqdır. Eyni zamanda, qeyd etdiyim kimi, kənd təsərrüfatının şaxələndirilmiş şəkildə inkişaf etdirilməsi də qarşıda duran əsas vəzifələrdən biridir. Kənd təsərrüfatının bütün sahələri bizim üçün əhəmiyyətlidir. Biz ölkəmiz üçün ənənəvi olan sahələri dirçəldirik, bərpa edirik, yeni sahələr yaradılır. Bir sözlə, Azərbaycanda ərzaq təhlükəsizliyi və idxaldan asılılığın azaldılması məsələləri diqqət mərkəzindədir. Son illərdə bu istiqamətdə çox böyük nəticələr əldə edilmişdir. Bunu həm statistik göstəricilər, həm də real həyat göstərir. Son vaxtlar bütün bölgələrdə kənd təsərrüfatına göstərilən diqqət və dövlət tərəfindən aparılan siyasət artıq gözəl nəticələrini verir.

Qarşıya vəzifə qoyulur ki, ənənəvi olan sahələrin bərpası, dirçəldilməsi prosesi növbəti illərdə daha da sürətlə getsin və biz tezliklə bu ənənəvi sahələri bərpa edə bilək. Bu gün müzakirə mövzusu olan ənənəvi sahələrin bərpası artıq böyük bir canlanmaya gətirib çıxarıb. Bu siyasət fermerlər tərəfindən bəyənilir. Artıq yüzlərlə, minlərlə yeni iş yeri yaradılır. Vaxtilə baxımsız olan, istifadəsiz qalan torpaqlarda indi çəltikçilik, çayçılıq inkişaf etdirilir, insanlar işə cəlb olunublar. Beləliklə, biz kənd təsərrüfatının bütün sahələrini inkişaf etdirərək bir neçə məqsədə çatmış oluruq. Ölkəmizin iqtisadi potensialı artır, idxaldan asılılıq azalır, yeni iş yerləri, yeni sənaye müəssisələri yaradılır və Azərbaycan dünya bazarlarına öz keyfiyyətli məhsulunu təqdim edir.

Onu da qeyd etməliyəm ki, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları çox keyfiyyətlidir, təbiidir, orqanikdir. Əlbəttə, xarici bazarlarda da bizim məhsullarımıza böyük maraq var. Biz öz məhsullarımızı xarici bazarlara daha da böyük həcmdə təqdim etmək üçün indi müxtəlif tədbirlər görürük. Azərbaycanın ticarət evləri yaradılır. Artıq birinci belə ticarət evi yaradılıb, növbəti evlərin yaradılması prosesi gedir. Müxtəlif ölkələrə ticarət missiyaları göndərilir. Mən də xarici səfərlərimdə və həmkarlarımı Azərbaycanda qəbul edərkən bu məsələləri daim qaldırıram ki, Azərbaycan məhsulları müvafiq ölkələrə ixrac edilsin.

O ki qaldı, bu gün müzakirə etdiyimiz sahələrdən biri olan çayçılığa, hamımız yaxşı bilirik ki, Azərbaycanda çayçılığın çox böyük ənənələri var. Lənkəranda birinci çay fabriki 1930-cu illərdə yaradılmışdır. Çayçılığın sürətli inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1970-ci ildə 8 min hektarda çay əkilirdisə, 1982-ci ildə təxminən 12 min hektarda çay əkilmişdir və çayın istehsalı 26 min tona çatmışdır. Burada da qeyd olundu, müəyyən səbəblər üzündən fermerlər, kəndlilər tərəfindən çayçılığa maraq azaldı, dövlət də öz dəstəyini göstərə bilmədi. Ona görə biz demək olar ki, çayçılığı itirmək ərəfəsində idik. Son illər ərzində bu sahəyə göstərilən xüsusi diqqət hesabına biz çayçılığı bərpa edirik və edəcəyik.

Hələ ki, min hektarda çay plantasiyaları əkilib. Bu, əlbəttə ki, əvvəlki dövrlə müqayisədə çox aşağıdır. Ancaq biz çay plantasiyalarını tədricən bərpa edəcəyik. Əsas vəzifələrdən biri də məhz bundan ibarətdir ki, yeni çay plantasiyaları salınmalıdır. Dövlət öz dəstəyini göstərməlidir, yerli icra orqanları fermerlərə dəstək verməlidirlər. Bu sahələr müəyyən edilməlidir. Çünki cənub zonasında boş qalan o qədər də böyük torpaq sahələrimiz yoxdur. Ona görə biz istifadəsiz qalan torpaq sahələrində, çayçılıq üçün münbit olan torpaqlarda plantasiyalar salmalıyıq. Eyni zamanda, çayçılığın inkişaf etdiyi dünyanın aparıcı ölkələrinin təcrübəsi də öyrənilməlidir. O ölkələrdə həm məhsuldarlıq çox yüksəkdir, eyni zamanda, onlar torpağın hər qarışından istifadə edirlər. Dağətəyi ərazilərdə, yamaclarda terras şəklində çay plantasiyaları salınır. Bu, eyni zamanda, sitrus meyvələrinin istehsalına da aiddir. Biz sitrusçuluğu da dağətəyi ərazilərdə, o cümlədən bu ərazilərdə inkişaf etdirməliyik. Müvafiq dövlət qurumları burada yeni çay plantasiyalarının salınması ilə bağlı təkliflərini tezliklə verməlidirlər. Əlbəttə, bu plantasiyaların su təminatı da təşkil edilməlidir. Davamlı su təminatı olmalıdır. Dünyanın ən qabaqcıl texnologiyaları tətbiq edilməlidir. Dünən çayçılıq təsərrüfatında olarkən mənə məruzə edildi ki, biz ən qabaqcıl texnologiyaları tətbiq etsək məhsuldarlığı bir neçə dəfə artıra bilərik. Bu, onu deməyə əsas verir ki, biz hətta məhdud olan torpaq sahələrində keyfiyyətli və böyük həcmdə çay istehsalına nail ola bilərik.

Çayçılıq intensiv şəkildə inkişaf etdirilməlidir. Ötən əsrin 80-ci illərindən fərqli olaraq, bu gün bu sahə üzrə kənd təsərrüfatı elmi inkişaf edib. Qeyd etməliyəm ki, dünyanın ən qabaqcıl texnologiyaları Azərbaycanda tətbiq olunmalıdır. Astara rayonuna keçən səfərimdə “Astaraçay” müəssisəsində olmuşam. Bu dəfə də həmin müəssisənin plantasiyalarında olarkən məruzə edildi ki, onlar məhz bu yanaşmanı tətbiq edirlər, ən müasir texnologiyalar tətbiq olunur.

İri çayçılıq və tingçilik təsərrüfatı yaradılmalıdır. Əlbəttə ki, xüsusi texnika gətirilməlidir. İndi bu texnika var, gətirilir. Kənd Təsərrüfatı Nazirliyi növbəti illərdə xüsusilə çayçılıq, çəltikçilik, sitrusçuluq üçün xüsusi texnikanın alınmasını təmin etsin. Mən giriş sözümdə qeyd etdim ki, 10 min texnika gətirilib. Bu texnika daha çox pambıqçılığın inkişafına xidmət göstərəcək. Biz bunun hesabına pambığın əkin sahələrini təxminən 10 dəfə artırmışıq. Bu sahələr üçün də xüsusi texnika gətirilməlidir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli şərtlərlə kreditlər verilməlidir ki, bu işlər daha da sürətlə aparılsın.

2016-cı ildə ölkəmizə 12 min 600 ton çay idxal edilib. Bu məqsədlər üçün ölkəmizdən 45 milyon dollar vəsait gedib. Eyni zamanda, keçən il 1100 ton çay ixrac edilib və ölkəmizə 6 milyon 100 min dollar məbləğində valyuta gəlib. Yəni, biz görürük ki, burada tarazlıq bizim xeyrimizə deyil. Biz çayı ixrac edirik. Ancaq daha çox idxal edilən xammal əsasında paketlənmiş, ya da qarışdırılmış çay ixrac edirik. Biz isə Azərbaycanda yetişdirilən çayı emal edib ixrac etməliyik. Belə olan halda, ölkəmizdən bu qədər valyuta getməyəcək.

Başqa sahələrdə olduğu kimi, nəzərə alsaq ki, indi Azərbaycanda çayçılıq geniş vüsət alır, bir neçə çayçılıq təsərrüfatı yaradılır, hesab edirəm, Çay İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaradılması məsələsinə də baxmaq olar. Digər sahələrdə belə assosiasiyalar bizim tövsiyəmizlə yaradılıb. Onlar, əlbəttə ki, o sahələrin inkişafına xidmət göstərir.

Çəltikçiliyin inkişafına gəldikdə, qeyd etməliyəm ki, Azərbaycanın 12 rayonunda çəltikçilik inkişaf edir. Dünən mən Lənkəranda çəltikçilik təsərrüfatının işi ilə tanış olmuşam. Eyni zamanda, emal müəssisəsi də yaradılıb. Çıxışlarda səslənən təkliflərdən biri də ondan ibarətdir ki, dövlət dəstəyi hesabına yeni emal müəssisələri yaradılsın. Mən bunu dəstəkləyirəm. Bu emal müəssisələrində əlbəttə ki, həm çeşidləmə, həm keyfiyyət və həm də paketləmə üzrə ən yüksək texnologiya tətbiq edilməlidir. Paketləmə elə səviyyədə olmalıdır ki, düyünü dünyanın istənilən ölkəsinə ixrac edə bilək. Bu sahəyə də diqqət göstərilməlidir.

Qeyd etməliyəm ki, çayçılıqdan fərqli olaraq, çəltikçilik son illər ərzində sürətlə inkişaf edib. Dövlət dəstəyi kifayət qədər yüksək olub. Bu sahəyə fermerlər tərəfindən də böyük maraq var. Çünki bu, çox gəlirli bir sahədir. Sadəcə olaraq, dövlət əlavə dəstəyin verilməsi ilə bu sahəni fermerlər üçün daha da cəlbedici edə bilər. Ümumiyyətlə, biz bütün təbii imkanlarımızdan istifadə etməliyik. Mən dünən Cəlilabad rayonunda bir paketləmə müəssisəsinin açılışında da olmuşam. Orada mərci, noxud paketlənir və satışa çıxarılır. Bu da çox gözəl və gəlirli bir sahədir. Əfsuslar olsun ki, biz bu gün də özümüzü bu məhsullarla təmin edə bilmirik və idxaldan asılıyıq. Ona görə, bu sahələrə də çox ciddi dəstək verilməlidir. Hər bir rayonun öz spesifik kənd təsərrüfatı inkişafı proqramı olmalıdır.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı keçən dəfə Masallıda olarkən məsələ qaldırdı ki, taxılçılığın o qədər də böyük səmərəsi yoxdur. Amma indi görün, bu çıxışında məruzə edir ki, digər sahələrin vətəndaşlar, fermerlər və dövlət üçün, ixrac üçün nə qədər böyük səmərəsi var. Ona görə, biz təbii iqlim şəraitindən düzgün istifadə etməliyik. Çünki Azərbaycanda demək olar ki, bütün kənd təsərrüfatı məhsulları yetişir. Bizim 9 iqlim zonamız var. Biz indi tropik meyvələrdən başqa istənilən kənd təsərrüfatı məhsulunu yetişdirə bilərik - meyvə, tərəvəz, tütün, üzüm, pambıq, gərzəkli meyvələr, çay, sitrus meyvələri. Ona görə, biz bu imkanlardan maksimum səmərə ilə istifadə etməliyik.

Çəltikçiliyə gəldikdə, 1991-ci ildə - müstəqilliyin ilk ilində 1000 hektarda çəltik əkilmişdisə, 2016-cı ildə bu, 2500 hektara çatmışdır və 5600 ton çəltik yığılmışdır. Bu il isə 5 min hektarda çəltik əkilib. Yəni, keçən illə müqayisədə əkin sahələri iki dəfə genişləndirilib. Bu, çox müsbət haldır. Yenə də qeyd etməliyəm ki, fermerlər tərəfindən bu sahəyə çox böyük maraq var. Əgər əvvəlki dövrlərdə çəltikçilik çox əziyyətli bir sahə idisə, insanları çox incidirdisə, əziyyət verirdisə, bu gün artıq bu sahə tam avtomatlaşdırılıb. Dünən mənə çəltikçilik təsərrüfatında nümayiş etdirilən yeni texnoloji proses onu göstərir ki, çəltikçiliyin inkişafı əziyyətsiz də mümkündür - həm səpin, həm də yığım vaxtı. Ona görə, indi texnika gətirilib. Biz çəltikçiliyin artım dinamikasına uyğun xüsusi texnikanın alınması məsələsinə də mütləq baxmalıyıq.

Əkin sahələrinin su təminatı əlbəttə ki, çox vacibdir. Əfsuslar olsun ki, bu gün bizdə istifadəsiz olan, su altında qalan sahələr, bataqlıq sahələri var. Onlardan da çəltikçiliyin inkişafı üçün istifadə edilməlidir.

Toxumçuluğa da fikir verilməlidir. Burada bu məsələyə də toxunuldu. Bu da vacib məsələdir.

Çəltikçiliyin inkişafı üçün də güzəştli şərtlərlə kreditlər verilməlidir və yeni, müasir düyü emalı müəssisələri yaradılmalıdır. Keçən il ölkəmizə 48 min ton düyü idxal edilmişdir və xaricə 37 milyon dollar getmişdir.

Sitrus meyvələrinin istehsalına gəldikdə, bu sahəyə də çox böyük diqqət göstərilir. Deyə bilərəm ki, bu sahədə də artım var. Misal üçün, 2000-ci ildə 1700 hektarda sitrus meyvələri əkilmişdisə, hazırda 2500 hektarda əkilir. Artım var, ancaq artım daha da sürətli ola bilər. Qeyd etməliyəm ki, dağətəyi ərazilərdə, yamaclarda terras üsulu ilə sitrus bağlarının salınması məsələlərinə baxmaq lazımdır. Əlbəttə ki, su təminatı olmalıdır. Məndə bəzi rəqəmlər var, hesab edirəm ki, fermerlər üçün maraqlı olar. Keçən il 470 hektarda limon, 255 hektarda portağal, 1700 hektarda naringi əkilmişdir. Yeni soyuducu kameralar yaradılmalıdır və sitrusçuluq üçün kiçik qabaritli xüsusi texnikanın gətirilməsi də mütləq lazımdır. Bu sahədə olan problemlərdən biri də mütəxəssis çatışmazlığıdır. Bizim Aqrar Elm Mərkəzində bu məsələyə baxılmalıdır, lazım olarsa ilkin mərhələdə xaricdən də mütəxəssislər cəlb edilməlidir ki, bu sahə sürətlə inkişaf etdirilsin.

Məlumat üçün qeyd etməliyəm ki, 2016-cı ildə ölkəmizə 17 milyon dollar dəyərində 27 min ton sitrus meyvələri idxal edilmişdir. Ondan 9 min tonu limon, 4600 tonu naringi, 12 min tonu portağal, 2 min tonu kivi olub. Mən bu rəqəmləri ona görə səsləndirirəm ki, sahibkarlar bunu eşitsinlər. Məhz ilkin mərhələdə Azərbaycanda bu qədər sitrus meyvələri yetişdirilməlidir ki, biz idxaldan asılılığı aradan götürək. İdxaldan asılılığı aradan götürmək üçün Azərbaycanda əlavə 27 min ton sitrus meyvələri istehsal olunmalıdır. Məndə olan məlumata görə, bizdə 2010-cu ildə 19 min ton, 2016-cı ildə isə 46 min ton sitrus meyvələri tədarük edilmişdir. Artım çox böyükdür - 6 il ərzində iki dəfədən çox. Bu, yaxşı dinamikadır, ancaq hələ ki, bizi tam qane edə bilməz.

Beləliklə, əgər bu üç sahənin ümumi idxal həcmini götürsək görərik ki, hər il ölkəmizə 45 milyon dollarlıq çay, 37 milyon dollarlıq düyü, 17 milyon dollarlıq sitrus meyvələri idxal olunur. Bu da təqribən 100 milyon dollar deməkdir. Biz bu ənənəvi sahələri daxili istehsal hesabına inkişaf etdirsək, özümüzü təmin etsək bu məbləğə qənaət etmiş olarıq. Bu, birinci vəzifədir, birinci mərhələdir. Əsas məsələ ondan ibarətdir ki, biz böyük ixrac potensialı da yaradaq. Verilən tapşırıqlar yerinə yetirilməlidir. Belə olan halda biz bu məqsədə çatacağıq. Bununla paralel olaraq, biz bu məhsullar üçün ixrac bazarlarını da axtarmalıyıq.

Çayçılığa gəldikdə, artıq bu bazarlar var. Sadəcə Azərbaycanda idxal olunan xammal əsasında daha çox çay istehsal edilir. O ki qaldı, sitrus meyvələrinin, düyünün istehsalına, əlbəttə ki, biz paralel olaraq ixrac bazarlarına çıxmalıyıq.

Bütün bu işləri görmək üçün müvafiq dövlət orqanları birgə işləməlidir - Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti, yerli icra orqanları. İşlərin ümumi rəhbərliyini Prezident Administrasiyası icra edəcək.

Bu müşavirə bir daha onu göstərir ki, bizim üçün kənd təsərrüfatının bütün sahələri böyük əhəmiyyət daşıyır. Son vaxtlar görülən işlər və keçirilən müşavirələr, mənim bölgələrə səfərlərim bir daha onu göstərir ki, biz düzgün yoldayıq. Biz qısa müddət ərzində özümüzü təminetmə əmsalını daha da artıracağıq. Azərbaycan öz keyfiyyətli məhsulu ilə dünya bazarlarına daha da böyük həcmdə çıxacaq. Beləliklə, ölkə iqtisadiyyatı çoxşaxəli istiqamətdə inkişaf edəcək. İdxaldan asılılıq minimum səviyyəyə düşəcək və yeni iş yerləri, istehsalat sahələri yaradılacaq ki, bunun Azərbaycan vətəndaşları üçün, dövlətimiz üçün böyük faydası var.

Mən əminəm ki, bu gün verilən bütün tapşırıqlar qısa müddət ərzində icra ediləcək. Qeyd etməliyəm ki, müşavirədə səslənən təkliflər bir daha təhlil olunmalıdır. Mənə konkret təkliflər verilməlidir ki, tezliklə bütün tapşırıqlar yerinə yetirilsin və bu sahələr sürətlə inkişaf etsin. Sağ olun.

 

x x x

 

Sonra Prezident İlham Əliyev müşavirə çərçivəsində təşkil edilmiş sərgi ilə tanış oldu.

İqtisadiyyat naziri Şahin Mustafayev sərgi barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, burada yerli çay və çəltik əkini və emalı, sitrus meyvələrinin, meyvə-tərəvəzin yetişdirilməsi və arıçılıq ilə məşğul olan sahibkarlıq subyektləri məhsullarını nümayiş etdirirlər. Ümumilikdə, sərgidə çayçılıq, çəltikçilik, sitrus meyvəçilik və arıçılıq üzrə 13 yerli müəssisənin 100-dən çox çeşiddə məhsulu nümayiş olunur.

Prezident İlham Əliyevə Azərbaycanda çayçılığın mövcud vəziyyəti və inkişaf perspektivləri barədə də məlumat verildi. Hazırda respublikada çayın ümumi əkin sahəsi 1016 hektardır ki, bundan da 664 hektarı bar verir. Əkin sahələrinin 94 faizi, istehsalın isə 94,7 faizi Lənkəran iqtisadi rayonunun payına düşür. Ötən il min ton çay istehsal edilib, 12 hektar yeni çay plantasiyaları salınıb, hər hektardan orta məhsuldarlıq 14 sentner təşkil edib. 2017-2021-ci illərdə 985 hektar yeni çay plantasiyalarının salınması nəzərdə tutulur. Hazırda respublikada illik emal gücü 24,3 min ton olan 10 çay emalı fabriki fəaliyyət göstərir. Ötən il 6,2 milyon dollar dəyərində 1,1 min ton çay ixrac edilib. Çayçılıqla məşğul olan 14 sahibkara 10,7 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 450 yeni iş yeri yaradılıb. Ötən il respublikada 2,5 min hektarda çəltik əkilib, 5,6 min ton məhsul istehsal olunub. Çəltik əsasən Ağdaş, Ucar, Lənkəran və Astara rayonlarında becərilir. Respublikada becərilən əsas sitrus bitkiləri isə limon, portağal, naringi, feyxoa və kividir. Sitrus meyvələrinin əkin sahəsi 3,7 min hektar təşkil edir. Ötən il 56,6 min ton sitrus meyvələri istehsal edilib. Sitrus bağçılıqla məşğul olan 40 sahibkara 1,7 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 200-dən çox yeni iş yeri yaradılıb.