Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Daşkənddə müxtəlif xalqların nümayəndələri Özbəkistanın müstəqillik günü ilə bağlı bayram şənliyi keçiriblər

02 Sentyabr 2017
Daşkənddəki Dostluq parkında bu ölkədə yaşayan müxtəlif xalqların nümayəndələri Özbəkistan Dövlət müstəqilliyinin 26 illiyi ilə bağlı böyük bayram şənliyi keçiriblər.

Tədbirdə ölkədə fəaliyyət göstərən milli mədəniyyət mərkəzləri, o cümlədən Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMM) də iştirak edib.

Azərbaycan üçün ayrılan guşədə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, dövlətimizin tarixi və mədəniyyəti ilə bağlı kitablar və suvenirlər nümayiş etdirilib.

Bayram şənliyi böyük konsert proqramı ilə başa çatıb. Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri bir-birindən gözəl rəqslərimizi ifa ediblər.

RAMM-nin icraçı direktoru Firdovsi Hüseynov bildirib ki, Özbəkistanda 60 minə yaxın azərbaycanlı yaşayır. Onlar iqtisadiyyatın müxtəlif sahələrində çalışır və müstəqillik günü onların da sevimli bayramlarından biridir. Özbəkistan vətəndaşı olan soydaşlarımızın hüquqları ölkə Konstitusiyası və qanunları ilə qorunur.

 

AZƏRTAC