Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İnsanları mərhəmətə, həmrəyliyə səsləyən bayram

01 Sentyabr 2017
 

Dünya müsəlmanları mənəvi birlik rəmzi olan Qurban bayramının sevincini yaşayır. Xeyirxahlığı, humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən islam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mənəvi inkişafında müstəsna rol oynayıb, onun mütərəqqi  dəyərləri və ənənələri Azərbaycanda həmişə uca tutulub.

Həm Ramazan, həm də Qurban bayramlarının ölkəmizdə hər il yüksək səviyyədə qeyd olunması isə dövlətimizin milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqətin parlaq təzahürüdür.

70 il tərkibində yaşadığımız sovet imperiyası öz ideologiyasına uyğun ateizm təbliğatı apararaq xalqımızı tarixi keçmişindən, dini və milli-mənəvi dəyərlərindən uzaqlaşdırmaq istəsə də, buna nail ola bilmədi. İslam dininin saflığını, humanist və insanpərvər mahiyyətini nümayiş etdirən Qurban və Ramazan bayramları hər il azərbaycanlıların müqəddəs bayramı kimi qeyd olunur. Bu və digər dini dəyərlərə qəlbən bağlanan Azərbaycan insanı həm də kamilliyə, mənəvi paklığa qovuşmağa, xeyirxah işlər görərək savab qazanmağa can atıb, islam dininin mahiyyətini dərk edərək onun müqəddəs çağırışlarına, mərasim  və ayinlərinə əməl etməyə çalışıb.

Müstəqillik əldə etdikdən sonra Azərbaycanda Qurban bayramı dövlət səviyyəsində qeyd olunur, ölkə Prezidenti xalqı rəsmi müraciətlə təbrik edir. Dövlət başçısının andiçmə mərasimlərində Azərbaycan Respublikası Konstitusiyası ilə yanaşı, müqəddəs Qurani-Kərimə də əl basaraq dövlətə və xalqa sədaqətlə xidmət edəcəyinə, milli-mənəvi, dini dəyərləri qoruyacağına and içməsi ölkəmizdə vicdan azadlığının ən ali səviyyədə təmin olunduğunu bir daha təsdiqləyir. Xalqımızın islami dəyərlərə bağlılığı dövlət rəmzlərində də özünü bariz təcəssüm etdirir. Respublikamızın üçrəngli bayrağında yaşıl rəngin islamçılıq rəmzi kimi yer alması xalqımızın yüzilliklər boyu etiqad göstərdiyi dini dəyərlərə həssas münasibətinin ifadəsidir.

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra respublikamızda yaşayan bütün xalqların mədəniyyətinə, adət-ənənəsinə, dini baxışlarına tolerant münasibətin vacibliyini xüsusi vurğulamışdır. Konstitusiyanın qəbulundan sonra ölkədə dini-mənəvi münasibətləri tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi də bu baxımdan mühüm əhəmiyyət kəsb etmişdir.

Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də son 14 ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunmasına, dini ziyarətgahların əsaslı təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayırmışdır. Azərbaycan Prezidentinin islam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş və inanc yerlərinin təmiri, bərpası ilə bağlı  sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənləri bir daha təsdiqləyir. 

Azərbaycan müsəlman dünyasının ayrılmaz parçası kimi tarix boyu islam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş etmişdir. Dövlət başçısı tərəfindən 2017-ci ilin ölkəmizdə “İslah həmrəyliyi ili” elan edilməsi bunun əyani sübutudur. Çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətində qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayışın, əmin-amanlığın və multikultural mühitin yaranmasında islam dininin də müstəsna rolu olmuşdur.

Azərbaycan xalqı həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşır, dini mərasimləri, o cümlədən Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd edir. Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bu müqəddəs bayramı xarakterizə edərkən vurğulayıb ki, islamın bir din kimi tamamlanmasını və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini özündə təcəssüm etdirən mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə və qardaşlığa dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, uca Tanrıya yaxınlığın fərəhini yaşamaq fürsəti əldə edirlər: “Xalqımız öz milli-mənəvi dəyərlərinə və ənənələrinə həmişə ehtiramla yanaşır. Bütün dini mərasimlər, o cümlədən Qurban bayramı hər il böyük təntənə ilə qeyd edilir. Ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, geniş xeyriyyəçilik işləri görülür, dövlətimizin tərəqqisi və əmin-amanlığı üçün dualar edilir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, bu ilki Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir”.

 

“Azərbaycan”