Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Rahatlıq gətirən yeniliklər

31 Avgust 2017
 

Əvvəllər kəndimizdəki məktəbin binası demək olar ki, yararsız vəziyyətdə idi. Təbii ki, belə şəraitdə təhsilin keyfiyyətini yüksəltmək, təlim-tərbiyə sahəsində istənilən nəticəyə nail olmaq mümkün deyildi.

Ötən il bu narahatlığa son qoyuldu. Məktəb əsaslı şəkildə təmir edildi, əlavə korpuslar tikilib müəllim və şagirdlərin istifadəsinə verildi. Açılış mərasimini kənd sakinləri böyük sevinclə qeyd etdilər.

505 ailənin yaşadığı Otuzikilər kəndinin sakinləri bu yaxınlarda dövlətin qayğısı sayəsində daha bir rahatlığa qovuşdular. Mənzillərdə təbii qaz yenidən şölələndi.

Ötən il kəndimizin yolu da əsaslı şəkildə bərpa edildi, keyfiyyətli asfalt örtük çəkildi. Əvvəllər maşınla rayon mərkəzinə bir saata getdiyimiz yola indi cəmi 15 dəqiqə vaxt sərf edirik.

Bir sözlə, ölkəmizdə həyata keçirilən geniş quruculuq-abadlıq işləri kəndlərin də simasının əsaslı şəkildə dəyişməsinə, əhalinin güzəranının, yaşayış səviyyəsinin durmadan yaxşılaşdırılmasına şərait yaradır. Ən əsası da odur ki, əvvəllər dolanışıq üçün iri şəhərlərə üz tutan gənclərimiz indi doğma dədə-baba yurdlarına qayıdır, iqtisadiyyatın yüksəldilməsinə öz töhfələrini verirlər.

 

Telman HÜSEYNOV,

Bərdə rayonu, Otuzikilər kəndinin sakini