Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sözümüz eşidildi, istəyimiz yerdə qalmadı

31 Avgust 2017
 

Sulut, Sərsurə və Kələzeyvə kəndləri İsmayıllı şəhərindən 40-45 kilometr aralıda - Ağsu rayonunun Kalva zonası ilə qonşuluqda yerləşir. Bir müddət əvvəl Sərsurə kəndinin yaxınlığında yol sürüşmüşdü. Məcbur olub qeyri-münasib yoldan istifadə edirdik. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov kəndimizdə səyyar qəbul keçirməyə gələndə həmin yerə də baş çəkdi. Dedi ki, məsələnin müsbət həllinə çalışacaq. Belə də etdi.

“Azəravtoyol” ASC qarşısında məsələ qaldırdı. Həmin təşkilat da məsələyə çox həssas yanaşdı və az müddətdə Basqal-Sulut yolu qaydaya salındı. İndi Sulut, Sərsurə və Kələzeyvə kənd sakinləri həmin yolla rahat gedib-gəlirlər.

Sulutda kənddaxili yollar da abadlaşdırılır. Bir neçə il əvvəl burada yaxşı bir məktəb də tikilib. Dediyimiz odur ki, ölkəmizdə aparılan böyük quruculuq işlərinin dağ kəndlərini də əhatə etməsi bizi qəlbən sevindirir, daha yaxşı işləməyə ruhlandırır. Onu da yaxşı bilirik ki, quruculuq işləri ölkə rəhbəri cənab İlham Əliyevin apardığı düşünülmüş siyasət sayəsindədir. Fürsətdən istifadə edib dövlət başçısına, arzumuzu qısa müddətdə yerinə yetirən 9 nömrəli yol idarəsinin kollektivinə, kənddaxili yolları düzəldən təşkilatın işçilərinə minnətdarlığımızı bildiririk.

 

Sulut, Sərsurə və Kələzeyvə kənd sakinləri adından:

Yavud ƏFƏNDİYEV,

əmək veteranı