Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gəzməyə də vətən yaxşı...

31 Avgust 2017
 

Hörmətli redaksiya!

Biz Rusiyanın Sankt-Peterburq şəhərində yaşasaq da, hər il yay aylarını doğma Azərbaycanda keçiririk. Əvvəlki illərdə vətənimizə gələndə hotellərdə qalsaq da, bu dəfə həyət evində dincəlməyə qərar verdik. Bu məqsədlə yolumuzu Quba rayonuna saldıq. Bilirdik ki, kənd turizmi Qubada yaxşı təşkil edilib. İstirahət üçün seçilən evlər  qənaətbəxşdir. Qubanın həm kəndlərində, həm də rayon mərkəzində müxtəlif dillərdə  danışan xarici vətəndaşlarla rastlaşmaq isə adi hala çevrilib.

Bunlar çox yaxşıdır. Bu məktubu sizə göndərməkdə məqsədim çatışmayan iki cəhətə diqqəti yönəltməkdir. Biz İkinci Nügədi kəndini tapmaq üçün xeyli əziyyət çəkdik. Birinci Nügədini keçəndən sonra ikincinin başlanacağı barədə heç bir göstərici yox idi. İstirahət mərkəzləri barədə isə yalnız onlara yaxınlaşanda məlumat lövhəsi ilə üzləşirsən. Kəndarası yollar da yaxşı deyil. Bu da nabələd adamlarda vaxt itkisinə, yol yorğunluğuna səbəb olur. Kəndarası yollar qaydaya salınsa, yollara məlumat lövhələri vurulsa, dincəlməyə gələnlər əlavə vaxt itirməzlər. Yəqin ki, bunu Qubada da bilir və görürlər. Bu iş nə qədər tez həll edilsə, fikrimizcə, kəndlərdə istirahət etməyə gedənlərin sayı daha çox olar.

Lakin buna baxmayaraq, təbiətin Qubaya bəxş etdiyi gözəlliklər - meşələr, buz bulaqlar, çəmənliklər insanın ruhunu oxşayır.

 

Zümrüd BEHBUDOVA,

Quba