Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İspaniyadan Lənkərana xoş müjdə

31 Avgust 2017
 

Jalə Əliyevanın 13 yaşı var.  Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbinin şagirdidir.  Onu bu sənət ocağına gətirən uşaq yaşlarından kağız və fırçaya marağı olub. Dəfələrlə Lənkəranda və Bakıda keçirilən rəsm sərgilərində iştirak edib.

Bu yaxınlarda İspaniyadan Lənkərana gələn xoş müjdə isə təkcə Jalənin, valideynlərinin deyil, müəllim və sinif yoldaşlarının da sevincinə səbəb olub. Madrid şəhərində dünyanın 147 ölkəsindən olan uşaqların əl işlərinin nümayiş etdirildiyi “Dünya üçün texnologiya” beynəlxalq sərgisində yüksək mükafata layiq görülüb.

Jalə qazandığı bu uğur barədə dedi: “Bizə İspaniyadan təklif gəldi ki, “İnternetin insan həyatında rolu” mövzusunda şəkil çəkib müsabiqəyə göndərək. Mən şəkli çəkməmişdən əvvəl xeyli düşündüm. Axı internetin uşaqların da həyatında müstəsna rolu var. İnternet uşaqlara dərslərini öyrənməkdə böyük kömək göstərir. Rəsmi çəkərkən göy qurşağının təsvirini qabarıq verdim. Çünki göy qurşağı rəngarəng olur. Həmin rəsmi İspaniyaya yola saldıq. Əsərim bəyənildi və oradan  mənə diplom göndərdilər”.

Jalənin sənət müəllimi Günay Talışinskaya, məktəbin direktoru Adil Əsədli dedilər ki, Jalə məktəbin ən istedadlı şagirdlərindəndir. Onun bu möhtəşəm müsabiqədə yer tutub mükafat qazanması bizim üçün də çox qürurvericidir.  

Bu, məktəb yetirməsinin qazandığı ilk uğur deyil. Rəssamlığın sirlərinə burada yiyələnənlər hər il 3-4 xarici ölkədən, o cümlədən Avropanın tanınmış ölkələrindən diplomlar, sertifikatlar, medallar alırlar. Məsələn, Çexiya Respublikasında keçirilən rəsm müsabiqəsində Aliyə Əmənovanın çəkdiyi rəsm əsəri “Qran pri” mükafatına layiq görülüb. Başqa bir şagirdin adı Yaponiyada “Dünya uşaqların gözü ilə” rəsm müsabiqəsində qaliblər sırasına düşüb.

 

Ağaddin BABAYEV,

Lənkəran şəhəri