Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin parlamentlərarası dostluq qrupunun üzvləri Kanada qanunverici orqanına müraciət ediblər

30 Avgust 2017
Bəzi erməni kütləvi informasiya vasitələrində Kanada parlamentinin üzvlərinin də daxil olduğu nümayəndə heyətinin Ermənistanda səfərdə olması və Dağlıq Qarabağa gedəcəkləri ilə bağlı məlumat yayılıb.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin Azərbaycan-Kanada parlamentlərarası dostluq qrupunun rəhbəri Fuad Muradov bununla bağlı bəyanat verib.

Bəyanatda deyilir ki, özünü Kanada nümayəndə heyətinin rəhbəri kimi təqdim edən Məcid-əl-Şəfi adlı şəxs bir neçə nəfərlə Ermənistanda səfərdədir. O, özü Kanada parlamentinin üzvü olmasa da mətbuatda “Kanada parlamentinin nümayəndə heyətinin rəhbəri” kimi təqdim olunub.

“Azərbaycan-Kanada parlamentlərarası dostluq qrupu olaraq öz həmkarlarımıza müraciət edərək bildiririk ki, sözügedən “nümayəndə heyəti”nin tərkibində Konservativ partiyanın üzvü Toni Klement adlı deputat da var. Əldə etdiyimiz məlumata görə, həmin “nümayəndə heyəti” Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməyi planlaşdırır. Biz Kanada parlamentinə müraciət edərək beynəlxalq hüquq və normalara hörmətlə yanaşmağı, Toni Klement kimi insanlara bu cür səfərlərin qadağan olduğunu izah etməyi, sülh və sabitliyin pozulmasına yönəlmiş qızışdırıcı mövqeyindən əl çəkməsini tələb edirik. İnanırıq ki, Azərbaycan-Kanada əməkdaşlığı naminə, eyni zamanda, beynəlxalq qanunlara riayət edərək belə məsuliyyətsiz addımlar atılmayacaq. Bir daha bəyan edirik ki, Azərbaycan regionda sülhün və sabitliyin qorunub saxlanmasının tərəfdarıdır”, - deyə bəyanatda qeyd edilir.