Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Metro”: Azərbaycan ilk baxışdan özünü sevdirir

30 Avgust 2017
“Azərbaycan turistləri özünün rəngarəngliyi ilə təəccübləndirəcək” - Anna Xramtsovanın Rusiyada çıxan “Metro” qəzetinin 30 avqust tarixli nömrəsində dərc olunan məqaləsi belə adlanır. AZƏRTAC oxucuları bu yazı ilə tanış edir.

                                             

 X X X

 

Jurnalist yazır: “Dağ mənzərələrindən zövq almaq, Şərq şirniyyatının dadına baxmaq, müasir arxitekturanın möcüzələrini öz gözünlə görmək və dənizdə çimmək üçün İsveçrəyə, Mərakeşə, Birləşmiş Ərəb Əmirliklərinə, yaxud Tailanda uçmağa ehtiyac yoxdur. Bütün bunları özünü elə ilk baxışda sevdirən günəşli Azərbaycanda da tapa bilərsiniz. Moskvadan Azərbaycanın paytaxtına həm təyyarə, həm də avtobusla getmək olar. Şəxsən mən birinci variantdan istifadə etdim və üç saat sonra Bakı şəhərində, texnikanın son nailiyyətlərini tətbiq etməklə inşa edilmiş aeroportda yerə endim.

                                     

     Köhnə Bakı

 

Mənim İçərişəhərdə gəzintim indiyədək dəqiq yaşı müəyyən edilməmiş qədim tikilidən - Bakının rəmzi olan Qız qalasından başlandı. Arxeoloqlar hesab edirlər ki, qalanın tikintisi iki mərhələdə aparılıb: Birinci mərhələ İslamdan əvvəlki dövrə, ikinci mərhələ XII əsrə aiddir. Qaladan ayrı-ayrı dövrlərdə müxtəlif məqsədlər üçün istifadə edilib: XII əsrdə müdafiə təyinatlı qala olub, XVII-XIX əsrlərdə mayak rolu oynayıb, indi isə Qız qalasının içərisində müasir interaktiv muzey və şəhərə gözəl mənzərə açılan baxış meydançası yerləşir.

                               

 “Brilyant əli” filminin izləri ilə

 

İçərişəhərdə gəzişmək adama xüsusi zövq verir. Hər biri unikal olan evlərin memarlıq üslubu adamı az qala ovsunlayır. Hələ ətrafa necə qoxuların yayıldığını demirəm! Sizə ənənəvi armudu stəkanlarda Azərbaycan çayının və ballı paxlavanın dadına baxmağı məsləhət görürəm. Məsələn, bunun üçün “Brilyant əl” kafesinə gedə bilərsiniz. Kafe yarım əsrdən çox əvvəl Leonid Qaydayın eyniadlı filmində Yuri Nikulinin qəhrəmanı Semyon Qorbunkovun yıxıldığı və artıq əli gipslənmiş vəziyyətdə ayıldığı yerdədir. Bu yer rusiyalı turistlər üçün bir növ əsl pərəstiş məkanına çevrilib: İnsanlar bura şəkil çəkdirmək və “Çyort poberi” sözlərini ucadan demək istəyi ilə gəlirlər.

 

                                       Müasir Bakı

 

Bakıda qədim binalar müasir tikililərə - Avropa səviyyəli dəbdəbəli otellərə, ticarət və biznes mərkəzlərinə gözəl uyğunlaşıb. İçərisində ofislər, mehmanxanalar və mənzillər olan üç göydələndən ibarət “Alov qüllələri” şəhərin hər yerindən görünür. Onu da deyim ki, Bakı əsl müasir arxitektura şedevridir. Elə götürək əfsanəvi arxitektor Zaha Hadidin layihəsi əsasında inşa edilmiş Heydər Əliyev Mərkəzini. Bina zahirən ya nəhəng balinanı, ya da kəpənəyi xatırladır. Nə qədər çalışdımsa onun şəklini bütünlüklə çəkim, alınmadı.

                               

 Dəniz kənarında istirahət

 

Amma istənilən halda Bakının ən görməli yerlərindən biri Xəzər dənizidir. Onun bu dərəcədə təmiz və mülayim olması mənim üçün yenilik oldu. Şəhərin mərkəzində xüsusi çimərliklər yoxdur. Odur ki, çimmək və gündə qaralmaq üçün “Sea Breeze Resort” kurort qəsəbəsinə yollanmaq olar. Onun yaxınlığında, “Yanardağ” qoruğunda Abşeron yarımadasının ən heyrətamiz məkanlarından biri yerləşir. Nə yağışın, nə də qarın söndürə bildiyi alovun şölələndiyi dağ yamacı. Bu qeyri-adi mənzərənin izahı sadədir: torpağın yuxarı qatlarından ayrılan təbii qaz oksigenlə reaksiyaya girərək alova çevrilir.

 

                                       Qəbələ

 

Mən Azərbaycana azı on gün müddətinə gəlməyi məsləhət görürəm. Axı paytaxta tamaşa etmək, bütün ölkəni görmək demək deyildir. Bakının 200 kilometrliyində Qəbələ şəhəri yerləşir. Onu tez-tez “Azərbaycanın İsveçrəsi” adlandırırlar. İlin isti vaxtlarında “Yeddi gözəl” şəlaləsinə gedə, raftinqlə məşğul ola, yaxud piyada dağ səyahətinə çıxa, qışda isə kanat yolları ilə təchiz edilmiş dağ kurortunda istirahət edə bilərsiniz. Amma ilin hansı fəslində gəlirsinizsə-gəlin, yerli delikateslərin – müxtəlif növ kababların, dolmanın, Azərbaycan plovunun, qutabın, şərab və bir çox başqa digər təamların dadına baxmaq fürsətini əldən verməyin.

 

AZƏRTAC