Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Dövlət Universitetinin ilk azərbaycanlı rektoru Tağı Şahbazinin xatirə barelyefinin açılışı olub

30 Avgust 2017
Bakı Dövlət Universitetinin (BDU) ilk azərbaycanlı rektoru, görkəmli ictimai xadim və yazıçı Tağı Abbas oğlu Şahbazinin (Simurğ) anadan olmasının 125 illiyi ərəfəsində avqustun 30-da onun yaşadığı evin qarşısında (İstiqlaliyyət küçəsi, 63) xatirə barelyefinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində BDU-nun rektoru, akademik Abel Məhərrəmov T.Şahbazinin həyat və fəaliyyətindən danışıb.

Qeyd olunub ki, 1892-ci ildə anadan olan Tağı Şahbazi Xarkov Universitetində təhsil alıb, Azərbaycanda müxtəlif mühüm vəzifələrdə çalışıb. O, 1922-1923-cü illərdə Azərbaycan xalq maarif komissarının müavini, “Maarif və mədəniyyət” jurnalının redaktoru, 1923-1926-cı illərdə Azərbaycan MİK-in katibi, 1926-1929-cu illərdə Bakı Dövlət Universitetinin rektoru, 1930-1937-ci illərdə isə Azərbaycan xalq səhiyyə komissarının müavini vəzifələrində işləyib.

Tağı Şahbazi amansız repressiya dövründə həbs olunaraq 1937-ci ildə güllələnib.

Akademik A. Məhərrəmov Bakı Dövlət Universitetinin ilk azərbaycanlı rektoru Tağı Şahbazinin təhsilin və mədəniyyətin inkişafındakı xidmətlərini, ictimai fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Çıxış edən digər alimlər də Tağı Şahbazinin təhsilə, mədəniyyətə, ədəbiyyata verdiyi töhfələrdən bəhs ediblər.