Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın yeni kənd təsərrüfatı sistemi yaradılır

29 Avgust 2017
 

Aqroparkların həm istehsalın artırılması, həm məhsulların satışının təşkili, həm də məşğulluğun təminatında əvəzi yoxdur

 

İqtisadi inkişafda qeyri-neft sektorunun alternativi olmadığı kimi, qeyri-neft sektorunun inkişafında da kənd təsərrüfatının əvəzi yoxdur. Bunun səbəbləri çoxdur, lakin biz onların yalnız bir neçəsini, daha doğrusu, ən mühümlərini qeyd edəcəyik: əvvəla, dünyanın indiki mürəkkəb vaxtında ərzaq təhlükəsizliyini daxili istehsal hesabına təmin etmək heç vaxt olmadığı kimi bu gün daha aktualdır. Özü də o dərəcədə ki, bu, bəzən hətta az qala “olum, ya ölüm” dilemması qədər vacib məsələ səviyyəsinə çatır. Hansı ölkə istəyər ki, onun daxili ərzaq istehlakçıları xarici ərzaq istehsalçılarından asılı olsun?! Xüsusən də bu asılılığı yaradan tələbatın ödənilməsi bir çox amillərdən (hava şəraitindən tutmuş qiymətlərə təsir edən çoxsaylı səbəblərəcən) asılıdırsa... Belə olan halda yalnız idxala bel bağlamaq əhalini çörəklə sınağa çəkməyə bənzəyərdi. Hətta bizdə buna aid atalar məsəli də var: qonşunun çırağına ümid edən işıqsız qalar.
Elə bu yerdə kənd təsərrüfatının inkişafının vacibliyini labüd edən ikinci səbəbə keçək. O səbəb də bundan ibarətdir ki, bütün hallarda aqrar, o cümlədən ərzaq məhsullarının ixrac potensialı böyükdür. Azərbaycan kimi münbit torpağı, bol suyu və qızmar günəşi olan ölkənin həmin potensialdan istifadə etməməsi, yumşaq desək, fürsəti boşa verməsi demək olardı. Üstəlik, ölkəmizin əhalisinin də az qala yarısı bu və ya digər dərəcədə kənd, yaxud kənd təsərrüfatı ilə bağlıdır. Başqa sözlə desək, təxminən 4-5 milyon soydaşımızın güzəranı birbaşa, yaxud dolayısı aqrar sektorun inkişafından asılıdır, yəni çörəyi həmin sahədən çıxır. Bu isə həm də aqrar sektorun aktuallığını artıran növbəti səbəbdir. O səbəb ki, əhalinin sosial müdafiəsinin təminatı baxımından onun vacibliyini şərh etməyə ehtiyac yoxdur.
Amma gəlin görək, bütün bu amillərin və səbəblərin qarşılığında Azərbaycanın indiki kənd təsərrüfatı sistemi qarşıya qoyulan vəzifələrin öhdəsindən tam gəlməyə qadirdirmi?
Bu suala birmənalı cavab vermək çətindir. Çünki dünən kolxozçu və ya sovxoz fəhləsi olmuş Azərbaycan kəndlisinin müasir fermerə, yaxud torpaq mülkiyyətçisinə çevrilməsi qısa zamanda öhdəsindən gəlinəsi proses deyil, baxmayaraq ki, həmin qısa zamanda o, dövlətin hərtərəfli dəstəyi hesabına ölkənin ərzaq təhlükəsizliyinin təminatı üçün az iş görməyib. Əgər indi ölkəmizin bir çox strateji ərzaq məhsullarına olan tələbatının xeyli, bəzilərinin isə tam hissəsi yerli istehsal hesabına ödənilirsə, bu elə həmin hesabadır.
Lakin zamanın özü kimi, tələbləri də dəyişir. Artıq kiçik fermer və ailə təsərrüfatları bugünkü qlobal tələblər qarşısında aciz qalır, zamanla ayaqlaşa bilmirlər. Bəs nə etməli?
Hələ neçə il öncə Prezident İlham Əliyev ölkənin aqrar sektorunun gələcək inkişafının iri təsərrüfatların yaradılmasında gördüyünü bəyan etmiş və bu istiqamətdə konkret əməli addımlar atmışdır. Aqroparkların və bu qəbildən olan digər təsərrüfatların yaradılması da həmin addımlardandır. Hətta dövlət başçısı bu günlər ölkənin qərb bölgəsinə səfəri çərçivəsində həmin rayonda olarkən belə təsərrüfatlardan birinin - Şəmkir Aqroparkının Logistika Mərkəzinin açılışını da etmişdir.
Öncə Azərbaycanın aqrar sektorunda yeni olan Şəmkir Aqroparkı haqqında məlumat vermək istərdik. Aqroparka 8604, o cümlədən, Könüllü kəndi ərazisində 604, “Ceyrançöl” massivində isə 8000 hektar torpaq sahəsi ayrılıb. Sonra iri taxılçılıq, bitkiçilik və meyvəçilik təsərrüfatlarını özündə birləşdirən aqroparkın ərazisində kənd təsərrüfatının inkişafına xidmət edəcək 8000 hektar torpaq sahəsinin əkin dövriyyəsinə daxil edilməsi, Kür çayından əraziyə 2 istiqamətdə 730 millimetr diametrli dəmir borularla 27,5 və qismən kiçik diametrli borularla 15,6 kilometr təsərrüfatdaxili su xətlərinin çəkilməsi təmin edilib.
Ərazidə lazımi infrastrukturun yaradılması üçün Prezidentin 13 yanvar 2017-ci il və Nazirlər Kabinetinin 10 oktyabr 2016-cı il tarixli sərəncamlarına əsasən, dövlət büdcəsindən 3 milyon 200 min manat vəsait ayrılıb. Bu vəsait hesabına aqropark üçün müasir “New Holland” markalı traktor və 45 adda müxtəlif kənd təsərrüfatı maşın və qoşqu avadanlıqları alınıb, ümumi tutumu 15 milyon kubmetr olan 3 sututar inşa edilib, sahəsi 2016 kvadratmetrlik anbar hazırlanıb. Ərazidə 16000 kVa gücündə elektrik yarımstansiyası və 6 transformator quraşdırılaraq ümumilikdə 35 km elektrik xətti də çəkilib. 2 üzən panton üzərində isə 3 yeni motor və su nasosu, həmçinin 1000 hektar torpaq sahəsində ABŞ-ın “Lindsay” şirkətindən alınmış müxtəlif radiuslu 14 müasir pivot suvarma aqreqatları və avadanlıqları quraşdırılıb.
Bütün bunlar məhsuldarlığa müsbət təsir göstərib. Məsələn, pivotaltı sahələrə ötən il şəkər çuğunduru əkilərək 14000 ton məhsul yığılıb və İmişli Şəkər Zavoduna təhvil verilib. Cari ildə isə həmin pivotaltı sahəyə qarğıdalı bitkisi əkilib. Onu da əlavə edək ki, “Ceyrançöl”də 35 nəfər daimi, 200 nəfər mövsümi işlə təmin olunub.
Ərzaq təhlükəsizliyinin təmin edilməsinə dəstək vermək məqsədilə Aqroparkda mövcud 1000 hektar pivotaltı sahənin genişləndirilərək 2017-ci ildə 2000, 2018-ci ildə 1600 hektar olmaqla ümumilikdə 4600 hektara çatdırılması planlaşdırılır. Bu ilin payızında 3000 hektar pivotaltı sahəyə taxıl əkilməsi və 15 min ton məhsul istehsalı, 2018-ci ildə isə 3000 hektardan 30 min ton qarğıdalı götürülməsi nəzərdə tutulur.
Eyni zamanda intensiv bağçılığın yaradılması üçün 2400 hektarda damlama suvarma sistemlərinin quraşdırılması layihələndirilib. Bu hesaba gələcəkdə 36 min ton məhsul istehsal olunacaq. Pivotaltı sahəyə gələcəkdə növbəli əkin prinsipinə uyğun olaraq soya, kartof, soğan və digər bitkilər də əkiləcək. Həmin məhsulların saxlanılması üçün 30 min tonluq taxıl-anbar kompleksinin qurulması, 10 min tonluq kartof saxlama-soyuducu kamerasının yaradılması nəzərdə tutulur.
Digər bir fakt: 8 min hektar torpaq sahəsini əhatə edəcək aqrotexniki qulluq prosesini vaxtında yerinə yetirmək məqsədilə aqroservis bazasının genişləndirilməsi üçün ABŞ-ın “John Deere” şirkətinin istehsalı olan 30 adda müasir kənd təsərrüfatı texnika və avadanlıqlarının alınması planlaşdırılır. Nəticədə 5000 daimi, 1500 mövsümi iş yerinin açılacağı gözlənilir.
“Ceyrançöl”də salınacaq bağçılıq təsərrüfatının məhsulları təməli Prezident İlham Əliyev tərəfindən qoyulmuş Şəmkir Aqroparkının Logistika Mərkəzində emal ediləcək, həmin məhsulların satışı və ixracı məhz buradan təmin olunacaq.
Aqroparkın Könüllü kəndi ərazisində yerləşən hissəsinin ümumi ərazisi 604 hektardır. Bu ərazinin 100 hektarı sənaye sahəsi, 200 hektarı istixanalar, 274 hektarı intensiv bağçılıq, 25 hektarı tingçilik, 5 hektarı şitilçilik üçün nəzərdə tutulub.
Aqroparkda həyata keçirilən bütün bu işlər ölkəmizdə kənd təsərrüfatının ÜDM-də pay nisbətini artırmağa və əhalini yerli və keyfiyyətli məhsullarla təmin etməyə xidmət edəcək.
Yeni fəaliyyətə başlayan Logistika Mərkəzinin ərazisi isə 12,3 hektardır. İstehsal sahəsi 3,9 hektar ərazini əhatə edir. Burada Fransanın “Maf Roda” şirkətinin meyvələri ölçüsünə, rənginə, zədəliyinə görə çeşidləyən və qablaşdıran avadanlıqları quraşdırılıb. İri kalibrli meyvələri çeşidləyən avadanlıqların gücü saatda 50, kiçik kalibrli meyvələri çeşidləyən avadanlıqların gücü isə saatda 2 tondur.
Mərkəzdə İtaliyanın “Isolcell” şirkətinə məxsus tutumu 24 min ton olan ULO tipli 71 soyuducu saxlama kameraları quraşdırılıb. Soyuducu depolarda meyvə və tərəvəzi növlərinə görə 25 gündən 270 günə qədər minimum itki və keyfiyyətlə saxlamaq mümkündür. İstehsal sahəsində həmçinin eyni zamanda 200 ton məhsul qəbul edə biləcək 2 terminal, 120 ton hazır məhsul yola sala bilən terminal var.
Şəmkir Aqroparkının Logistka Mərkəzində müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya da fəaliyyət göstərir. Burada meyvə və tərəvəzlər keyfiyyəti, toksikliyi, bakterioloji və mikrobioloji göstəriciləri üzrə analiz olunaraq yoxlanılır. Mərkəzdə meyvə və tərəvəzlərin çeşidlənməsi, qablaşdırılması və soyuducu saxlama kameralarında saxlanılması da müasir standartlara uyğun mühüm texnoloji proseslərdən keçirilərək aparılır. Bu zaman laboratoriya təhlilləri nəzərə alınır, sonra məhsul xüsusi hidroşoklama qurğusundan keçirilir. Nəticədə məhsulun çeşidlənməsi və qablaşdırılması zamanı, həmçinin soyuducu kamerada temperatur fərqində zədə alması minimuma enir. Mərkəzdə regionda yetişdirilən xurmanın alıcılıq qabiliyyətini aşağı salan xüsusi dadın aradan qaldırılmasını təmin edən və sutkada gücü 1 ton olan “determing room” qurğusu da var.
Sahibkarların ixrac əməliyyatları ilə əlaqədar prosedurları sadələşdirmək və sürətləndirmək məqsədilə mərkəzdə “bir pəncərə” sistemi qurulub. Burada Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi İstehlak Mallarının Ekspertizası Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, “Atabank” kommersiya bankının müvafiq strukturları fəaliyyət göstərəcək.
Aqroparkın kommunikasiya təminatı üçün dövlət dəstəyi ilə 25 meqavat gücündə elektrik stansiyası tikilib, saatda buraxılışı 18 min kubmetr olan 9 kilometr qaz xətti, 48 portluq 22 km fibrooptik rabitə xətti çəkilib. Hazırda 11 km uzunluğunda dəmir yolu xəttinin çəkilməsi layihələndirilir.
Şəmkir Aqroparkının Logistika Mərkəzi tam gücü ilə fəaliyyət göstərdiyi halda 274 nəfərin işləməsi nəzərdə tutulur. Hazırda burada 179 nəfər çalışır. Orta əməkhaqqı 600 manatdır.
İnfrastruktura gəldikdə, mərkəzdə 2600 kvadratmetrlik ofis binası, konfrans zalı, yeməkxana işçilərin istifadəsinə verilib. Ərazisində isə geniş abadlıq işləri aparılıb, sənaye sahəsinə yaşıl ot örtüyü və asfalt döşənib. Mərkəzin ərazisində avtodayanacaq (o cümlədən, 25 TİR tipli yük avtomobilinin dayana biləcəyi TIR PARK), helikopter meydançası, qazanxana və 45 kv-luq yarımstansiya tikilib.
Göründüyü kimi, 3 il ərzində Şəmkirdə Azərbaycan üçün ilk olan və böyük perspektivlər vəd edən yeni bir təsərrüfat yaratmaq mümkün olmuşdur. Onu da qeyd edək ki, belə təsərrüfatlar ölkənin digər regionlarında da yaradılır. Bu isə o deməkdir ki, Azərbaycanın aqrar sektorunun qarşısında duran strateji vəzifələrin öhdəsindən gələcəyi daha ehtimal yox, reallıqdır.

Raqif MƏMMƏDOV,
“Azərbaycan”