Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İdman diabetə nəzarətin vacib bir hissəsidir

24 Avgust 2017
İdman diabetə nəzarətin, pəhrizə əməl etmək və dərman müalicəsi qədər vacib bir hissəsidir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası idmanın şəkərli diabetdən əziyyət çəkənlərə təsiri barədə məlumat verib.

Bildirilib ki, diabet xəstələri idmanla məşğul olduqları zaman insulin ehtiyacı azalır, insulinə rezistentlik azalaraq təsiri artırır. Bundan əlavə idman qanda qlükozanın səviyyəsini normallaşdırır, ürək-damar sisteminə müsbət təsir edir, diabetin fəsadlarının qarşısını alır, qan təzyiqini normada saxlayır, xolesterini azaldır, çəkini nəzarətdə saxlamağa kömək edir, əzələ gücünü, həyat keyfiyyətini və özündən əminliyi artırır.

Xüsusilə onu da qeyd etmək lazımdır ki, idmana başlamazdan əvvəl, idman vaxtı və sonra qandakı qlükoza səviyyəsi ölçülməlidir. Bu xüsusilə insulin istifadə edən diabetlilər üçün çox vacibdir. Qandakı qlükoza 120-180mg/dL aralığında olmalıdır. Qlükoza səviyyəsinin düşmə ehtimalı nəzərə alınmalı və yaxınlıqda meyvə suyu, qənd kimi qidalar olmalıdır. Bundan əlavə idmanin növü, müddəti, günün və hansı saatında edilməli olduğu mütləq olaraq müalicə həkimi ilə planlaşdırılmalıdır. Ümumilikdə həftədə 3-5 dəfə, gündə 30-45 dəq (48 saatdan çox ara verilmədən) gəzinti, üzgüçülük, velosiped sürmək, aerobik və dinamik hərəkətlər diabet xəstələri üçün ideal hesab olunur.