Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İqtisadi inkişafın əsas impulsu - kapital qoyuluşu

24 Avgust 2017
 Cari ilin 7 ayında ölkə iqtisadiyyatına 8,7 milyard manatdan çox sərmayə yatırılıb

 

Məlum məsələdir ki, hər bir iqtisadi siyasətin uğur qazanması üçün onun maliyyələşməsi əsas şərtdir. İstər ölkənin, istərsə də müxtəlif sahələrin inkişafı bundan asılıdır. O da bəllidir ki, sərmayə yatırımı xarici və daxili mənbələr hesabına həyata keçirilir. Xüsusilə, xarici kapitalın ölkə iqtisadiyyatına cəlb edilməsi müsbət faktor kimi dəyərləndirilir. Bunun ilk şərti sərmayə qoyulan ölkədə qanunvericilik bazasının və sabitliyin olmasıdır.
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, Azərbaycana kapital qoyuluşunun yüksək olmasının səbəbi bu amillərlə bağlıdır. Dövlət başçısı həmçinin vurğulayır ki, dünyada baş verən münaqişələrin, siyasi qarşıdurmaların fonunda Azərbaycan sabitlik adasıdır. Ona görə də ölkəmiz xarici investorlar üçün cəlbedicidir. Bu səbəbdən də uzun illərdir ki, ölkəmizə yatırılan kapitalda xarici sərmayə üstünlük təşkil edir.
Azərbaycan iqtisadiyyatının özünəməxsus unikal formaları mövcuddur. Bunlardan biri dövlətin birbaşa investor kimi çıxış etməsidir. Həmin siyasətin özünün də iki əsas istiqaməti var. Birincisi, dövlət ölkənin iqtisadi inkişafı üçün iri infrastruktur layihələri maliyyələşdirərək həyata keçirir. İkinci istiqamət sahibkarlığın inkişafına dövlət tərəfindən güzəştli şərtlərlə kreditlərin ayrılmasıdır. Nəticə göz qabağındadır. Hazırda Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrində mövcud olan infrastruktur yaradılıb və bu istiqamətdə işlər davam edir.
Son dövrlər həyata keçirilən iqtisadi siyasətin bir istiqaməti də investisiya təşviqi proqramının icrasıdır. Ölkə daxilində yeni yaradılan texnoparkların, sənaye zonaları və məhəllələrin, digər istehsal və xidmət obyektlərinin tikintisi üçün investisiya təşviqi proqramından geniş şəkildə istifadə olunur. Belə ki, bu mexanizm işə düşəndən sonra ölkə iqtisadiyyatına 1,6 milyard manat dəyərində investisiya qoyulub.
Prezident İlham Əliyev avqustun 4-də Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində kapital qoyuluşunun ölkə iqtisadiyyatı üçün əhəmiyyətini vurğulayaraq demişdir: “Qeyri-neft iqtisadiyyatımız, qeyri-neft sənayemiz artdı. İxrac 36 faiz, qeyri-neft ixracı 27 faiz artıb. Kənd təsərrüfatı ixracı 40 faizdən çox artıb. Biz 6 ayda valyuta ehtiyatlarını nəinki qoruya bilmişik, görülmüş tədbirlər, düşünülmüş iqtisadi siyasət nəticəsində 3 milyard dollar əlavə valyuta gəlib. Azərbaycana birinci altı ayda 5 milyard investisiya qoyulub. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu ölkə iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 37-ci yerə layiq görüb. Bu, MDB məkanında birinci göstəricidir... Dövlət xətti ilə ölkə iqtisadiyyatına sərmayə qoyulur. Özəl sektor da buna qoşulur. 40-a yaxın aqropark yaradılır. Yaxın 1-2 il ərzində bu aqroparklarda istehsal olunacaq məhsul böyük bazarlara ixrac ediləcək, daxili ərzaq təhlükəsizliyi təmin ediləcəkdir”.
Dövlət başçısının çıxışından da aydın görünür ki, ölkənin qazandığı iqtisadi uğurlarda kapital qoyuluşu və sahibkarlığın maliyyələşdirilməsi önəmli rol oynayır. Daha böyük uğurlar qazanmaq üçün bu siyasət davam etdirilib. Sözsüz ki, bunun nəticəsində qarşıdakı illərdə yatırılan istər xarici, istərsə də yerli investisiyalar iqtisadi inkişafımızın daha da artmasına imkan verəcək.
Azərbaycanda əhalinin rifahına xidmət edən sosial layihələr də həyata keçirilir. 2004-cü ildən keçən dövr ərzində ölkədə 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, 50-yə yaxın olimpiya idman kompleksi tikilib. 2017-ci ilə qədər 11 min kilometr yeni yollar (həm magistral, həm də kənd yolları) salınıb, meliorasiya layihələri icra edilib, əhalinin təbii qazla təminatı 93 faizə, içməli su və enerji verilişi ilə təchizat da yüksək səviyyəyə çatdırılıb.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8 milyard 728,8 milyon manat vəsait yönəldilib. İstifadə edilən vəsaitin 6 milyard 912,1 milyon manatı məhsul istehsalı, 1 milyard 358,1 milyon manatı xidmət sahələri obyektlərinin, 458,6 milyon manatı ümumi sahəsi 973,7 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf edilib.
Sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi özəl sektorun inkişafına getdikcə daha güclü təkan verir. Bunu kapital qoyuluşunda qeyri-dövlət sektorunun ön mövqeyə çıxması da sübut edir. Hesabat dövründə ümumi sərmayənin 28,6 faizi dövlət, 71,4 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən yatırılır. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin dəyəri isə ümumi sərmayənin 39,5 faizini təşkil edir. Yeri gəlmişkən qeyd edək ki, əsas kapitala yönəldilən sərmayədə müəssisə və təşkilatların vəsaitləri 6251,8, bank kreditləri 924,1, büdcə vəsaitləri 999,5, büdcədənkənar fondların vəsaitləri 118,7, əhalinin şəxsi vəsaitləri 387,1 milyon manat və s. vəsaitlər 47,6 milyon manatdır. Bu dövrdə əsas kapitala yönəldilən ümumi vəsaitin 67,5 faizi sənaye, 15,3 faizi tikinti, 11,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,6 faizi kənd və meşə təsərrüfatları, bağçılıq, qalan hissəsi digər sahələrin inkişafına sərf edilib.
Qeyd edildiyi kimi, ölkəmizdə olan münbit investisiya mühiti və siyasi sabitlik xarici kapitalın cəlb edilməsinə imkan yaradır. Dünyada baş verən ciddi maliyyə sıxıntılarına baxmayaraq, ölkəmizə xarici sərmayənin yatırılması davam edir. Təkcə cari ilin yanvar-iyul aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 5 milyard 281,1 milyon manat vəsait yönəldilib. Bunun 4 milyard 654,2 milyon manatı İngiltərə, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ, Yaponiya və Çexiya investorlarına məxsusdur.
Bu ilin 7 ayında Bakı şəhərində Bakı Ali Neft Məktəbinin yeni kampusu, Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binası, Pirallahıda körpü, “Pirallahı” Günəş Elektrik Stansiyası, Yevlaxda Varvara Balıqartırma və Balıqyetişdirmə Zavodu, Saatlıda 110/35/10 kilovoltluq “Sarıcalar” elektrik yarımstansiyası, Naxçıvan Muxtar Respublikasında 2136 şagirdlik 4 ümumtəhsil məktəb binası, 224 yerlik məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib.
İnşaat sektorunda yenidən baş verən canlanma bu sahədə çalışanların sayının və əməkhaqlarıının artmasına da imkan yaradıb. Belə ki, cari ilin yanvar-iyun aylarında inşaat sektorunda işçilərin orta siyahı sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz artaraq 97,8 min nəfər olub. Onların əməkhaqları keçən ilin müvafiq dövrünə nisbətən 0,5 faiz artaraq 807,8 manat təşkil edib. Binaların tikintisində çalışanların əməkhaqqı 7,5, mülki təyinatlı inşaat işlərində işləyənlərin əməkhaqqı 8,8 faiz artıb.

Rüstəm KAMAL,
“Azərbaycan”