Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bilik Fondunun təşkilatçılığı ilə Astarada qızlar toxuculuq sənətinin sirlərini öyrənirlər

22 Avgust 2017
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu əhalinin maarifləndirilməsi ilə yanaşı, gənclərin müxtəlif peşələrə maraqlarının artırılması, bilik və bacarıqlarının təkmilləşdirilməsi, məşğulluğunun təmin edilməsi istiqamətində müxtəlif layihələr həyata keçirir. Belə ki, Bilik Fondunun təşkilatçılığı ilə Astara Bilik Evində toxuculuq kursları fəaliyyət göstərir. Kurslarda 12 qız ödənişsiz əsaslarla qədim el sənətinin sirlərini öyrənir. Rayonda təcrübəli və peşəkar toxucu kimi tanınan Şaxanım Zülfüqarovanın rəhbərliyi ilə keçirilən təlimlərdə iştirak etmək, toxuculuq bacarığına yiyələnmək və bu qədim el sənətini yaşatmaq istəyənlərin sayı getdikcə artmaqdadır.

Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, burada gənc toxucular üçün lazım olan dəzgah, avadanlıq və müxtəlif növ alətlər kurs iştirakçılarının istifadəsinə verilib. Bilik Fondu gənc toxucuların əl işlərindən ibarət yaradıcılıq sərgiləri keçirmək, yaradıcılıq nümunələrini müxtəlif mövzularda təşkil olunacaq tədbirlərin iştirakçılarına, bilik yarışları və müsabiqələrin qaliblərinə vermək niyyətindədir.

Fondun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla diqqətə çatdırıb ki, bundan əvvəl Qax və Nardaran bilik evlərində “Avto Azərbaycan” MMC ilə birgə reallaşdırılan layihə çərçivəsində 24 gənc avtomobillərə texniki xidmət üzrə üçaylıq təlim kursu keçib. Müvafiq sertifikatlara layiq görülən həmin gənclərdən bir çoxu işlə təmin olunub. Bilik Fondunun təşkilatçılığı ilə bölgə gənclərinin asudə vaxtlarının səmərəli təşkili, müxtəlif peşələrə maraqlarının artırılması, məşğulluğunun təmin olunması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.