Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan qlobal layihələri beynəlxalq əməkdaşlıq şəraitində həyata keçirir

19 Avgust 2017
 

Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən növbəti qlobal layihə - “Cənub qaz dəhlizi” uğurla icra edilir. Özü də Azərbaycan bu layihəni tərəfdaşlıq etdiyi ölkələrlə, dünyanın tanınmış şirkətləri ilə, beynəlxalq təşkilatlarla birlikdə icra edir. Başqa sözlə, Azərbaycan dünyada nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatı yaradıb.

Müstəqilliyimiz bərpa olunandan sonra dünyanın bir sıra tanınmış enerji şirkətləri Azərbaycana işləməyə dəvət olundu. “Əsrin müqaviləsi” imzalandı, müəllifi ümummilli lider Heydər Əliyev olan Azərbaycanın yeni neft strategiyası həyata keçirilməyə başlandı.
Beləliklə, Xəzər dənizi beynəlxalq əməkdaşlıq məkanına çevrildi və dünyanın əsas neft-qaz şirkətləri buraya çox böyük həcmdə sərmayələr yatırdı. Azərbaycanın bugünkü nailiyyətləri bu siyasətin nəticəsidir. Odur ki, ölkəmiz dövlətlər və şirkətlər arasında beynəlxalq əməkdaşlığa böyük dəyər verir və dünyada etibarlı tərəfdaş kimi tanınır. Bunun əsas səbəblərindən biri Prezident İlham Əliyevin dediyi kimi, ölkəmizdə bütün sərmayələrin zəruri səviyyədə qorunmasıdır: “Hasilatın pay bölgüsünə dair Azərbaycanın beynəlxalq neft şirkətləri ilə imzaladığı bütün müqavilələr parlamentimiz tərəfindən ratifikasiya olunur və qanun formasında Prezident tərəfindən imzalanır”.
Bu, həmin müqavilələrin mətninin bir sözünün belə dəyişdirilməyəcəyi ilə bağlı 100 faiz zəmanətdir. Belə zəmanət sərmayəçilərdə inam, əminlik yaradır və Azərbaycanın etibarlı tərəfdaş kimi tanınmasında mühüm rol oynayır.
Azərbaycanın əməkdaşlıq və tərəfdaşlığı iki mərhələdən ibarətdir. Regional əməkdaşlıq dedikdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında uzun illərdir mövcud olan uğurlu qarşılıqlı əlaqələr nəzərdə tutulur. Bu əməkdaşlığın nəticəsində Xəzərdən Qara dənizədək uzanan Bakı-Supsa kəməri inşa edilib. Sonra sözügedən üç ölkəni birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri çəkilib. Daha sonra “Şahdəniz” qazını daşıyan Bakı-Tbilisi-Ərzurum xətti istifadəyə verilib. Beləliklə, daha böyük layihələrə, daha geniş dəhlizlərə yol açılıb.
Bu barədə “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının cari ilin fevral ayında Bakıda keçirilən üçüncü toplantısında Prezident İlham Əliyev belə demişdir: “Regional əməkdaşlığa gəldikdə, bu regionda üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə uzun illərdir ki, uğurla əməkdaşlıq edir və bu üç ölkə dəhlizlər yaratmağa müvəffəq olmuşdur. Bu, ən vacib olan məsələ idi. Xəzər dənizini Qara dəniz ilə bağlayan neft kəməri mövcud deyildi. Biz ilk olaraq buradan Gürcüstanın Qara dəniz sahillərinədək uzanan Bakı-Supsa neft kəmərini inşa etdik. Daha sonra Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas neft kəməri və nəhayət, Bakı-Tbilisi-Ərzurum qaz kəməri inşa edilmişdir. “Cənub qaz dəhlizi”nin tərkib hissəsi olan həmin kəmər bu gün genişləndirilməkdədir”.
“XXI əsrin layihəsi”, “Avropanın enerji xəritəsini dəyişdirəcək layihə” adlandırılan “Cənub qaz dəhlizi” daha çox ölkə və şirkətlərlə birgə həyata keçirilir. Bu layihə 7 dövlətin, onlarca şirkətin və topdan qaz alıcısının sıx əməkdaşlığı sayəsində reallaşdırılır. Layihənin təşəbbüsçüsü, lideri və aparıcı qüvvəsi isə Azərbaycandır.
Azərbaycanla “Cənub qaz dəhlizi” layihəsində tərəfdaşlıq edən ölkələr Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyadır. Layihəyə gələcəkdə üç Balkan ölkəsinin qoşulacağı gözlənilir və bu istiqamətdə də müvafiq işlər aparılır.
Deməli, layihənin coğrafiyası genişləndirilir, gələcəkdə daha da genişləndirilə bilər. Çünki bu, hər bir ölkəyə fayda gətirəcək layihədir. İştirakçı olan bütün ölkələr və şirkətlər qazanc əldə edəcəklər.
“Cənub qaz dəhlizi” layihənin iştirakçısı olan bütün tərəflərin uzunmüddətli maraqlarını təmin edəcək. Layihə reallaşandan sonra ölkəmizin maliyyə imkanları xeyli artacaq. Azərbaycan Avropanın mavi yanacaqla təmin olunmasında mühüm rol oynayacaq, regional əməkdaşlıq, enerji təhlükəsizliyi baxımından indikindən daha çox, daha böyük önəm daşıyan ölkə olacaq.
Enerji təhlükəsizliyi həm də ölkələrin milli təhlükəsizlik məsələsidir və Azərbaycan bu sahədə də bölgəyə, eləcə də Avropaya sanballı töhfələr verir.
Azərbaycanın enerjinin şaxələndirilməsi istiqamətində atdığı addımlar da artıq öz müsbət nəticələrini verib. Bu da çox önəmli məsələdir. Həm də ölkəmizin icra etdiyi layihələrin üstünlüyü ondan ibarətdir ki, burada marşrutlar və mənbələr çoxşaxəlidir.
Bu gün Azərbaycan qazının əsas satış məkanı Avropa bazarıdır. Öz növbəsində Avropa üçün də yeni mənbələr böyük əhəmiyyət daşıyır. Əlbəttə, marşrutlar da önəmlidir. Bununla belə, əsas enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi dedikdə, ilk növbədə, yeni mənbələr nəzərdə tutulur. Avropa ölkələri üçün yeganə yeni mənbə Azərbaycandır. Çünki qalan bütün mənbələr Avropanı artıq uzun illərdir təbii qazla qidalandırır. Üstəlik də Azərbaycan böyük və yaxında yerləşən mənbədir.
Azərbaycan elə bir mükəmməl əməkdaşlıq formatı yaradıb ki, həm hasilatçı, yəni Azərbaycan, həm tranzit ölkələr, həm də istehlakçılar ortaq maraqlar əsasında çalışırlar. Bu nəhəng layihənin uğurlu icrasını məhz həmin maraqlar balansı təmin edəcək. Çünki burada texniki, maliyyə, iqtisadi, siyasi məsələlər çoxdur və onlar birgə səylərlə həll olunur. Artıq inamla demək olar ki, “Cənub qaz dəhlizi” layihəsi uğurla icra ediləcək və Azərbaycan uzun illər ərzində həm bölgə, həm də Avropa ölkələrini təbii qazla təmin edəcək.
Ən önəmli cəhətlərdən biri də odur ki, “Cənub qaz dəhlizi”ni tərəfdaşlarla birlikdə icra etmək üçün Azərbaycan dövlətinin təkcə maliyyə resursları deyil, güclü siyasi iradəsi də var. Əgər Azərbaycan dövləti “Cənub qaz dəhlizi”nin seqmentlərini təşkil edən dörd nəhəng layihəyə - “Şahdəniz” yatağının ikinci mərhələsinin işlənməsinə, CQBK-nın (Cənubi Qafqaz Boru Kəməri) genişləndirilməsinə, TANAP-ın (Transanadolu Qaz Boru Kəməri) və TAP-ın (Transadriatik Qaz Boru Kəməri) çəkilişinə sərmayə qoymasaydı, digər investorlar da bu işə qoşulmazdı.
Prezident İlham Əliyev bu il mayın 31-də 24-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışında bununla bağlı demişdir: “O layihələrə sərmayə qoyulmasaydı, biz öz enerji resurslarımızı heç bir yerə ixrac edə bilməzdik. Çünki biz qapalı bir ərazidə yaşayırıq. Okeanlara, açıq dənizlərə çıxışımız yoxdur. Belə olan halda neft-qaz kəmərləri resurslarımızı xarici bazarlara çıxarır. Burada təkcə iqtisadi tərəf kifayət etməz, burada mütləq regional əməkdaşlıq olmalıdır. Biz tərəfdaşlarla birlikdə bu əməkdaşlığı yaratmışıq və möhkəmləndiririk. Azərbaycanın neft-qaz layihələri, eyni zamanda, regionda təhlükəsizliyin, sabitliyin, inkişafın təminatçısıdır”.

Flora SADIQLI,
“Azərbaycan”