Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İlin əvvəlindən sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,6 faiz artıb

18 Avgust 2017
 

Nəticədə onun ÜDM-də xüsusi çəkisi 62 faizə yaxınlaşıb

 

Dövlət Statistika Komitəsi cari ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən hesabat açıqlayıb. Hesabatda bildirilir ki, bu müddətdə Azərbaycanda 37 milyard 645,4 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilmişdir. 7 ay ərzində iqtisadiyyatın qeyri-neft sektorunda ÜDM istehsalı 2,2 faiz artmış, neft sektorunda 6,9 faiz azalmışdır.
Hesabat dövründə qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 61,8 faiz olmuşdur. Əlavə dəyərin 41,1 faizi sənaye, 10,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,9 faizi tikinti, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,4 faizi kənd və meşə təsərrüfatları, balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə, 15,6 faizi digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,1 faizini təşkil etmişdir. İlin əvvəlindən ötən 8 ay ərzində əhalinin hər nəfərinə düşən ÜDM 3875,6 manata bərabər olmuşdur.
Yanvar-iyul aylarında Azərbaycanda 21 milyard 834,1 milyon manatlıq sənaye məhsulları istehsal edilmişdir. Bu məhsulların 70 faizi mədənçıxarma, 24,8 faizi emal, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarının payına düşmüşdür. Mədənçıxarma sektorunda neft hasilatı 8,9, əmtəəlik qaz hasilatı 1,3 faiz azalsa da, emal sektorunda bir çox məhsulların istehsalı üzrə kifayət qədər yüksək artım qeydə alınmışdır. Belə ki, göstərilən müddətdə ölkə üzrə qida məhsulları istehsalı 2,3, içki istehsalı 30, toxuculuq sənayesi məhsulları istehsalı 98,5, geyim istehsalı 49, ağac emalı və ağacdan məmulatlar istehsalı 83,3, kimya sənayesi məhsulları istehsalı 20,3, rezin və plastik kütlə məmulatları istehsalı 57,3, tikinti materialları istehsalı 38,3, kompüter və elektron məhsulları istehsalı 57,6, elektrik avadanlıqları istehsalı 69, maşın və avadanlıqların istehsalı 19,1, mebel istehsalı 26,1 faiz, əczaçılıq məhsulları istehsalı 2,2 dəfə artmışdır. Artım həmçinin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda qeydə alınmışdır. Ümumilikdə bu dövrdə sənayenin qeyri-neft sektorunda 4,6 faiz artım müşahidə olunmuşdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-iyul aylarında əsas kapitala 8 milyard 728,8 milyon manat vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 6 milyard 912,1 milyon manatı (79,2 faiz) məhsul istehsalı, 1 milyard 358,1 milyon manatı (15,6 faizi) xidmət sahələri obyektlərinin, 458,6 milyon manatı (5,2 faizi) ümumi sahəsi 973,7 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf edilmişdir. Bu dövrdə əsas kapitala yönəldilən vəsaitlərin 3 milyard 447,7 milyon manatı (39,5 faizini) daxili vəsaitlər olmuşdur. Xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 5 milyard 281,1 milyon manat vəsait yönəldilmişdir. Xarici vəsaitin 88,1 faizi Böyük Britaniya, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ, Yaponiya, Çexiya sərmayədarlarına məxsusdur.
Hesabat aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisə və fiziki şəxslər tərəfindən 126,2 milyon ton yük, 1 milyard 85,9 milyon nəfər sərnişin daşınmışdır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 2,1, sərnişin daşınması 2,3 faiz artmışdır. İnformasiya və rabitə müəssisələri tərəfindən göstərilən xidmətlərin həcmi 958,2 milyon manatlıq olmuşdur. 72 faizindən əhalinin istifadə etdiyi həmin xidmətlərin dəyəri 4,9 faiz artmışdır. Bunun nəticəsində əldə edilmiş gəlirin 81 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
Əhalinin maaşlarına və gəlirlərinə gəldikdə, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, yanvar-iyul aylarında ölkə üzrə muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı keçən ilin eyni dövrünə nisbətən 6,9 faiz artaraq 522 manata çatmışdır. Əhalinin gəlirləri nominal ifadədə ümumilikdə 27 milyard 716,9 milyon manat olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz çoxdur.
Bu artım ölkənin pərakəndə ticarət dövriyyəsində də özünü göstərir. Belə ki, hesabat dövründə əhaliyə 18 milyard 987,3 milyon manatlıq məhsul satılmış və 4 milyard 444,7 milyon manatlıq ödənişli xidmətlər göstərilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 1,8, ödənişli xidmətlərdən əldə olunan gəlir 0,5 faiz artmışdır.
Dövlət Statistika Komitəsinin hesabatında Azərbaycanın xarici ticarət dövriyyəsi haqqında da ilkin məlumatlar verilmişdir. Dövlət Gömrük Komitəsinə istinadən verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında ölkəmizin xarici ticarət dövriyyəsi 8 milyard 678,4 milyon ABŞ dolları həcmində olmuşdur. Ticarət dövriyyəsinin 60,7 faizini ixrac, 39,3 faizini idxal məhsulları təşkil etmişdir ki, bu da 1 milyard 859 milyon dollarlıq müsbət saldo deməkdir. 2016-cı ilin yanvar-iyun aylarına nisbətən xarici ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 14,5, o cümlədən idxal 28,6 faiz azalmış, ixrac 0,7 faiz artmışdır. İdxalın azalması, ixracın artması ilk növbədə ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlərin nəticəsidir.
Hesabatda kənd təsərrüfatına aid rəqəmlər də açıqlanır. Həmin rəqəmlərə görə, avqust ayının 1-nə kimi Azərbaycanda dənli və dənli-paxlalı bitkilər (qarğıdalısız) əkilmiş əkin sahələrinin 97,3 faizi, yəni, 915,7 min hektarı biçilərək 2 milyon 628 min ton məhsul götürülmüşdür. Orta hesabla hər hektarın məhsuldarlığı 28,7 sentner olmuşdur. Bundan əlavə, 3,4 min hektar qarğıdalı sahəsindən 14,9 min ton məhsul yığılmışdır. Digər məhsullara gəldikdə, göstərilən tarixədək sahələrdən 526 min ton kartof, 800,8 min ton tərəvəz, 311,5 min ton bostan, 202 min ton meyvə və giləmeyvə, 4,1 min ton üzüm, 1,8 min ton dən üçün günəbaxan, 2 min ton tütün, 444,1 yaşıl çay yarpağı toplanmışdır. Heyvandarlıq sahəsində ötən illərə nisbətən xeyli irəliləyiş müşahidə olunmuşdur. Belə ki, bu ilin 7 ayı ərzində diri çəkidə ət istehsalı 3,4 faiz artaraq 272,5 min, süd istehsalı 1,4 faiz çoxalaraq 1 milyon 184,8 min tona, yumurta istehsalı 7,1 faiz artaraq 1 milyard 15,3 milyon ədədə çatmışdır. Ümumilikdə, bu dövr ölkə üzrə kənd təsərrüfatı məhsulları istehsalı 1,2, o cümlədən heyvandarlıq məhsulları istehsalı 3 faiz artmışdır.

“Azərbaycan”