Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan-Koreya parlamentlərarası əlaqələrinin inkişafı ilə bağlı məsələlər müzakirə edilib

17 Avgust 2017
Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransında iştirak edən Koreya Respublikası Milli Assambleyasının bir qrup deputatı avqustun 17-də Azərbaycan Respublikası Milli Məclisində olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Dünya Skaut Konfransının əhəmiyyəti, Azərbaycanda Koreya şirkətlərinin fəaliyyəti, parlamentlərarası əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva bildirib ki, bu cür beynəlxalq tədbirin Bakıda keçirilməsi Azərbaycanın necə inkişaf etdiyinin bariz göstəricisidir. Azərbaycanda son illər bir sıra beynəlxalq tədbirlər keçirilir, dünyanı narahat edən məsələlər məhz burada müzakirə olunur və həll yolları tapılır. Bu, Azərbaycan təcrübəsini dünyaya göstərir, eyni zamanda, beynəlxalq əlaqələrimizi genişləndirir. Azərbaycan dünyada tolerantlıq mərkəzi kimi tanınır. Multikulturalizm Azərbaycanda dövlət siyasətinin tərkib hissəsinə, həm də həyat tərzinə çevrilib. Əsrlərdir ki, müxtəlif mədəniyyətlərin nümayəndələri burada sülh, qarşılıqlı hörmət şəraitində yaşayırlar.

Koreyalı deputatlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat verilib. Qeyd edilib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşayır. Bu insanların arzusu doğma torpaqlarına qayıtmaqdır. Dünyada miqrant problemləri müzakirə ediləndə bütün dövlətlər birlikdə bu problemin həllinə nail olmağa çalışırlar, bundan çıxış yolu axtarırlar. Ancaq Azərbaycan illərdir ki, bu problemlə qarşı-qarşıya qalıb və bunun öhdəsindən gələ bilib.

Koreya nümayəndə heyətinin rəhbəri, Milli Assambleyanın üzvü Li Yu-yanq Azərbaycanda olmaqdan məmnunluqlarını bildirib, bu səfərin onlarda zəngin təəssüratlar yaratdığını qeyd edib. Qonaq Azərbaycan ilə Koreya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi çərçivəsində yaxın vaxtlarda Azərbaycanda Koreya mədəniyyəti günlərinin və digər tədbirlərin təşkil ediləcəyini diqqətə çatdırıb. O vurğulayıb ki, Koreya istehsalı olan texnologiyalar Azərbaycanın sərvətləri ilə birləşəndə böyük uğurlar əldə etmək mümkündür. Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatları yüksək qiymətləndirən deputat Koreya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün əlverişli şərait yaradıldığını söyləyib. O, həmçinin Bakıda 41-ci Dünya Skaut Konfransının yüksək səviyyədə təşkil edildiyini vurğulayıb.

Söhbət zamanı ölkələrimizin qanunverici orqanları arasında əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.