Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kəndli ərzaq üçün şəhərə gedirsə...

16 Avgust 2017
 

...bunun səbəbi məcburiyyətdən daha çox tənbəllikdir

 

Bu yaxınlarda Prezident İlham Əliyevin ölkənin şimal-qərb bölgəsinə səfəri çərçivəsində Zaqatala rayonunun Aşağı Tala kəndindəki qızılgül yağı istehsal edən müəssisədə olarkən oranın işçisi Xəzəngül Zeynalova ilə maraqlı dialoqu oldu. Hətta o dərəcədə ki, həmin dialoqun məzmunu və mövzusu ölkənin bir çox aparıcı KİV-nin manşet xəbərinə çevrildi və bu, təsadüfi deyildi. Çünki dünənədək təxminən 26 il əvvəl bərpa olunmuş müstəqilliyimizin ən ciddi sosial-iqtisadi problemlərindən biri kənd əhalisinin məşğulluğunun təminatı olmuşdur.
Bu gün Bakının əhalisinin faktiki sayını dəqiq bilən yoxdur. Bilinən rəsmi statistikada açıqlanan aşağı-yuxarı 2 milyon nəfərdir ki, bunun da reallığı əks etdirmədiyi hamıya məlumdur. Ən azından küçəyə çıxanda, ictimai nəqliyyatdan istifadə edəndə, paytaxtın ətrafındakı qanuni, yaxud qanunsuz salınan yeni yaşayış massivlərini görəndə Bakıda həqiqətdə rəsmi statistikada göstərilən saydan faizlə yox, dəfələrlə çox əhalinin yaşadığı gün kimi aydın olur. Sadəcə bu “artıq əhali” qeydiyyata düşmədiyi üçün rəsmi statistikadan kənar qalmışdır. Necə deyərlər, onlar de-yure yox, de-fakto bakılıdırlar.
Bu məlum reallığı, yaxud faktı xatırlatmaqda məqsədimiz var. O da bundan ibarətdir ki, Bakının həmin “de- fakto artıq əhali”sinin əksəriyyəti ötən əsrin 90-cı illərində - SSRİ-nin tam dağıldığı, müstəqil Azərbaycanınsa tam qurulmadığı dövrdə sosial-iqtisadi səbəblər üzündən kəndi tərk edənlərdir.
Həmin zaman kənddəki ev-eşiklərini, həyət-bacalarını, məşğuliyyətlərini və nəhayət, həyat tərzlərini atıb yaxın-uzaq şəhərlərə, bəzənsə hətta ölkələrə üz tutanları başa düşmək olardı. Çünki o illər kəndin təkcə təsərrüfat sistemi - kolxoz və sovxozlar ləğv edilməmişdi (baxmayaraq ki, bunun özü çox ciddi fəsadların, ən əsası, işsizliyin yaranmasına səbəb olmuşdu), həm də adi sosial və məişət həyatı sönmüşdü, azdan-çoxdan olan infrastrukturu dağılmışdı. İndi adi görünən elektrik enerjisi nədir, kəndlərimiz ona da həsrət qalmışdı. Bu gün ölkənin 90 faizdən çox yaşayış məntəqəsinə çəkilmiş təbii qazdan, abad yoldan, beynəlxalq standartlara cavab verən içməli sudan isə danışmağa dəyməz. Hələ kəndliyə əkin-biçini genişləndirmək, heyvandarlığı inkişaf etdirmək üçün verilən subsidiyaları, güzəştli qiymətlərlə satılan texnikanı, yanacağı, sürtkü yağlarını, gübrəni, istehsal etdiyi məhsulu saxlamaq üçün tikilən soyuducu kameraları, satmaq üçünsə yaradılan şəraiti və sairəni demirik. Bunların heç biri o vaxt nəinki yox idi, hətta onları kəndli yatıb yuxusunda görə bilməzdi.
Yenə qayıdaq dövlət başçısının Zaqatalanın Aşağı Tala kəndindəki qızılgül yağı istehsal edən müəssisə ilə tanışlığına və oradakı dialoquna. Əvvəl sözügedən müəssisə barədə qısa məlumat verək. Deməli, “AzRose” MMC-yə məxsus olan bu müəssisənin tikintisi hələ başa çatmamışdır. Amma ümumi ərazisi 3 hektar olan müəssisənin istehsal bölməsi, anbarı, ofisi və digər infrastruktur obyektləri istifadəyə verilmişdir. Bundan əlavə, müəssisənin ərazisində sututumu 5 min kubmetr olan süni göl yaradılmış, damcı suvarma sistemi qurulmuş, 3 artezian quyusu qazılmış, qaz və elektrik xətləri çəkilmiş, müasir işıqlandırma sistemi yaradılmışdır. Ən əsası isə, xammal üçün 107 hektarda Bolqarıstandan gətirilən “Dəməşq” və “Lavanda” qızılgül plantasiyaları salınmışdır və həmin plantasiyalardan 600 ton gül ləçəyinin toplanması nəzərdə tutulur. Məhz bu gül ləçəklərindən alınacaq yağlar “AzRose” adı və “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxarılacaq. Sonda onu bildirək ki, illik istehsal gücü 1250 ton yaş gül, 250 litr qızılgül və 6 min litr “Lavanda” gül yağı olan müəssisədə 31 daimi, 100-ə yaxın mövsümi iş yeri açılacaq. Müəssisənin istehsal etdiyi məhsula - gül yağına gəldikdə, bu barədə də çox maraqlı və gərəkli faktlar var. Birinci fakt odur ki, il ərzində dünya üzrə cəmi 3 ton qızılgül yağı istehsal olunur və onun 50 faizi Türkiyə, 40 faizi Bolqarıstan, 10 faizi digər ölkələrin payına düşür. İkinci faktsa ondan ibarətdir ki, sözügedən müəssisənin timsalında Azərbaycanın ilkin mərhələdə istehsal edəcəyi 125 litr qızılgül yağı həmin bu pay bölgüsündə 5 faizlə yer alacaq.
İndi təsəvvür edin ki, belə bir müasir müəssisə paytaxtda, yaxud ölkənin digər iri şəhərində, hətta rayon mərkəzində yox, kənddə tikilir. Onu da vurğulayaq ki, bu, kənddə açılan ilk və son müəssisə deyil. Hələ bunacan da Azərbaycanın kəndlərində ən müxtəlif istehsal sahələri üzrə müəssisələr istifadəyə verilmişdir və onların əksəriyyətinin ölkə sənayesinin emal sektorunda sanballı çəkisi var.
Yəqin ki, 15-20 il əvvəl bunu kənddə kimə desəydilər, inanmazdı. Necə ki, bu gün kənddə yaşayıb iş tapmayan, ərzaq dalınca şəhərə, dükan-bazara üz tutan adamın olduğuna inanmadığımız kimi... Bu isə Prezidentin Aşağı Tala kəndindəki müəssisədə sadə bir kənd xanımı ilə, yazımızın əvvəlində qeyd etdiyimiz kimi, ölkədə geniş rezonans doğurmuş dialoqunun birbaşa mövzusudur.
Bəli, bu gün kənddə yaşayıb... özünə iş yeri axtaran adamlar az da olsa var. İş demirik ona görə ki, belələrinin işi var və o da gecə-gündüz işsizlikdən şikayət etməkdən, işləmədiyinə hər cür bəraət qazandırmaq və bəhanə tapmaq cəhdindən ibarətdir. Belələri üçün həyət-baca yalnız istirahət guşəsi, pay torpağı (əgər satıb yeməyibsə) dincə qoyulmuş sahədir. Onların yaşam tərzi, həyat fəlsəfəsidir: “Kimdir əkib-becərən, qoyun-quzuya, mal-qaraya baxan. Nə istəyirsən bazarda, dükanda var, təki pul olsun”.
Əvvəla, kənddə yaşayıb yağı, südü, qaymağı demirik, hətta çörəyi və yumurtanı da dükan-bazardan alırsansa, həyətindən təndir çörəyinin iyi, toyuq-cücənin, mal-heyvanın səsi gəlmirsə, onda elə şəhərin darısqal, havasız və qaranlıq kirayə evlərində gün keçirmək daha yaxşıdır. Heç olmasa deyərlər ki, “bəxtəvər” şəhərdə yaşayır. İkincisi də, pulu qazanmaq lazımdır.
Bəli, xüsusən kənd yerində pul qazanmaq asan deyil. Gərək səhər tezdən durub qaş qaralanacan işləyəsən, bel, kətmən əlindən düşməsin. Kənddə yaşadınsa, həm əkinçi olmalısan, həm də maldar, gərək işinə həm sahiblik edəsən, həm də fəhləlik. Torpağı dövlət təmənnasız verib. Əkib-becərsən, subsidiya da ala bilərsən. Toxum, texnika da problem deyil, güzəştli şərtlərlə almaq mümkündür. O ki qaldı ilkin vəsaitə, istəyən onu da tapır, təki cəhd olsun. Olmayan, tapılmayan təkcə zəhmətə, torpağa bağlılıqdır ki, o da yalnız insanın özündən asılıdır. Tənbəl oldunsa, evin yıxıldı, həmişə onun-bunun əlinə baxacaqsan, ömür boyu deyinə-deyinə bir qarnı ac yaşayacaqsan.
İşləməmək üçün həmişə bəhanə tapmaq mümkündür. Çətini və vacibi işləmək üçün stimul tapmaqdır. Yəqin ki, hamı eyni kənddə müxtəlif səviyyədə yaşayan insanlarla, ailələrlə rastlaşıb. Bilirsiniz bu müxtəlifliyin səbəbi nədir? Sözsüz ki, işgüzarlıq və bacarıq. Yəni o keyfiyyətlər ki, onlar heç cür tənbəlliklə bir araya sığmır.
İndi Azərbaycanda qeyri-neft sektorunun aparıcı sahəsi kimi kənd təsərrüfatının inkişafına əvvəlkindən daha çox diqqət verilir. Xüsusən ənənəvi gəlirli sahələrin dirçəldilməsi üçün məhsul istehsalçılarına sərfəli güzəştlər edilir, heç bir ölkədə olmayan maddi və mənəvi dəstək verilir. Götürək Prezidentin sədrliyi ilə bu günlər Qaxda keçirilən müşavirəni. Fındıqçılığın, tütünçülüyün, baramaçılığın inkişafı ilə bağlı olan həmin tədbirdə kənd adamlarına nələr vəd olunmadı! Reallaşmasına heç kimin şübhə etmədiyi həmin vədlərin arxasındakı konkret tədbirlərin hər biri təkcə dövlətin bu sahələr üzrə hədəflədiyi məqsədlərə çatmasına deyil, həm də kənd adamının halal zəhmət hesabına güzəranının daha da yaxşılaşmasına xidmət edir. Kənd təsərrüfatının başqa sahələri (taxılçılıq, üzümçülük, pambıqçılıq, heyvandarlıq və s.) ilə məşğul olanlar üçün də bu gün ölkədə eyni şərait yaradılmışdır. O şərait ki, ondan istifadə edib qazana bilməyən kəndli yalnız özünü qınamalı və özündən küsməlidir. Çünki onun problemi işləməməsinə, zəhmət çəkməməsinə bəhanə və bəraət üçün axtarıb tapdığı “arqument”lər yox, sadəcə, tənbəllik və “ver yeyim, ört yatım” psixologiyasıdır.

Raqif MƏMMƏDOV,
“Azərbaycan”