Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mənəvi yüksəlişə səsləyən dəyərlər

13 Avgust 2017
 

Ulu öndər Heydər Əliyevin 2001-ci il 13 avqust tarixli bəyanatı aktuallığını bu gün də qoruyub saxlayır

 

Təmiz mənəviyyat cəmiyyətdə sağlam mühitin əsas göstəricisidir. Tarixən formalaşmış ənənələr, mental baxışlardan qaynaqlanan əxlaqi dəyərlər, ictimai şüurda özünə yer tapmış dini ayin və mərasimlər hər bir millətin kamillik səviyyəsinin təcəssümü olmaqdan savayı, həm də bəşər sivilizasiyasına ən gözəl töhfədir. Milli kimliyi ifadə edən bu dəyərlər, eyni zamanda, xalqın mənəvi sərvəti, toxunulmaz xəzinəsidir. Mənəvi dəyərlər həmişə sabit ənənəyə, qayğıkeş münasibətə, ən başlıcası isə ictimai rəyin ehtiramına möhtacdır. O, gözdən düşəndə qeybə çəkilir. Mənəviyyatın qıtlığı isə təhlükəli amildir. Cəmiyyəti geriyə, nizamsız meyillərə doğru istiqamətləndirir.
Bu gün əsrlərin sınağından çıxmış xalqımız ülvi dəyərlərini, adət-ənənələrini hifz etməklə yanaşı, eyni zamanda, ümumbəşəri, mütərəqqi dəyərlərə tolerant münasibət bəsləyir, daim müasirliyə və yeniliyə can atır. Prezident İlham Əliyevin milli mədəniyyətin, mənəvi və dini dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti bu baxımdan çağdaş dövrün reallıqları ilə şərtlənir. Ölkə başçısı hesab edir ki, müasir qloballaşma zamanında elmi-texniki tərəqqinin sürətli inkişafı mütərəqqi dəyişikliklərə yol açsa da, bu prosesin tarixi-mədəni irsə müəyyən təhlükəli meyilləri də özünü qabarıq göstərir. Belə bir mərhələdə xalqların mədəni dəyərlərinin assimilyasiyaya məruz qalması halları baş verir. Çünki dünya inkişafının aparıcı istiqamətlərindən sayılan qloballaşma prosesi dövlətlər və ölkələr arasında sərhədləri nisbi anlayışa çevirir, milli məkanı müxtəlif, yad təsirlərə məruz qoyur. Ali mənəvi dəyərlərin saxta ideallarla əvəzlənməsi kimi arzuolunmaz meyillər ortaya çıxır. Ümummilli lider Heydər Əliyevin hələ 2001-ci il avqustun 13-də verdiyi bəyanat bu proseslərdən doğan narahatlıqlarla bağlı idi. Ulu öndər aparılan iqtisadi islahatlarla yanaşı, mənəvi dəyərlərin nisbətini tapmağı da vacib hesab edirdi. Bəyanatda göstərilirdi ki, mənəviyyata əsaslanmayan maddi quruculuq xalqa heç vaxt uğur gətirə bilməz. Burada araşdırılan əxlaq məsələsi, gənc nəslin yad təsirlərdən müdafiəsi, dini məsələlərə münasibət, kütləvi informasiya vasitələrində milli dəyərlərə hörmət hissinin qorunması, sosial ədalət və digər geniştutumlu mövzular müasir dünyamızda hər gün üz-üzə gəldiyimiz böyük problemlərdir. Ulu öndərin dövlətçilik irsinin ən mühüm tərəfi də xalqın mənəvi gücünü səfərbər etməkdir.
Azərbaycan istər insan potensialı, istərsə də təbii sərvətlər baxımından dünyanın ən zəngin ölkələrindəndir. Amma ötən əsrin 80-ci illərinin ortalarından sonra müəyyən müddətdə cəmiyyətdə gedən mənəvi tənəzzül və aşınmalar ölkəmizin tərəqqisinə mane olan əsas səbəblərdən biri oldu. Çətinliklərin qlobal səbəbləri elə bu sosial tərbiyə sisteminin və keçid dövrünün qüsurları ilə əlaqədar idi. Bəyanatda açıq göstərilirdi ki, mənəviyyat hər bir dövrdə daxili nizamın əsas özəyidir. Düzdür, tarixdə belə keçid dövrləri həmişə cəmiyyətin mənəvi dayaqlarında, sosial bazalarında, fərdlərin davranışında, dəyərlərə münasibətdə aşınmalarla müşayiət olunur. Lakin onların qarşısını almaq üçün həmişə ayıq olmalı, nəzarəti gücləndirməli və vaxtında tədbirlər görməliyik. Ona görə də xalqımızın sabahı deyəndə, ən birinci, gəncliyin milli-mənəvi, əxlaqi dəyərlərə yiyələnməsi barədə düşünməliyik. Hazırda ağrılı cəhət uşaqlar arasında təbəqələşmənin aydın şəkildə təzahürüdür. Maddi bolluq içərisində, imkanlı ailələrdə böyüyən gənclərin tərbiyəsində bəzən qüsurlara rast gəlirik. Əyləncə gənclər üçün təbii haldır. Lakin ifrat əyləncə aludəliyi mənəvi dəyərlərə bağlılığın əksidir və bu, insanların həyat tərzinin əsasına çevrilməməlidir. Üstəlik, bu vərdişlər ziyanlı, qeyri-konstruktiv hal alanda, yalnız israfçılığa, maddi sərvətlər bolluğunda gələcəyi olmayan niyyətlərlə istifadəyə yönələndə daha dözülməz olur. Normal, sağlam cəmiyyət bunu qəbul etmir. Ona görə də böyüklərin biganəliyi və laqeydliyi ucbatından cəmiyyət daha bir potensial problemlə üz-üzə qalır. Bir çox sosioloq və psixoloqların fikrincə, cəmiyyət tərəqqi etdikcə, elmi-texniki biliklərə ehtiyacın səviyyəsi yüksəldikcə insan tərbiyəsinin, ilk növbədə, ailə tərbiyəsinin əhəmiyyəti artır. Çünki ailə münasibətlərində bu gün göz yumduğumuz hər bir nöqsan sabah ağır nəticələr verə bilər.
2001-ci il tarixli bəyanatda gənc nəsli yaşatmaq, uşaqlar arasında fərqli həyat səviyyəsini yaxşılaşdırmaq üçün xeyli müddəalar göstərilmişdir. Normal cəmiyyətlərdə insan tərbiyəsinin əsas məqsədi sağlam şəxsiyyətlər yetişdirməkdir. Bu sağlamlıq isə şəxsiyyətin mənəvi keyfiyyətləri, onun həyata baxışları, niyyətləri ilə bağlıdır. Çox təəssüfləndirici hal olardı ki, bizim gənclər mənəvi dəyərlərə deyil, maddi, əyləncə xarakterli vərdişlərə aludəçilik zəminində böyüyəydilər. Bu, sözün həqiqi mənasında, dağıdıcı bir nəsil olardı. Bizə isə qurucu və ideal bir nəsil lazımdır. Ulu öndər belə bir nəslin yetişməsinin fərqində idi. Valideyn-övlad, müəllim-tələbə, böyük-kiçik, öyrədən-öyrənən qarşılıqlı münasibətləri Azərbaycan xalqının mənəvi-psixoloji, əxlaqi-etik dəyərlərinin inkişaf mənbəyi olmuşdur. Ən böyük həqiqət düz yoldur. Ümummilli lider mənəviyyatla bağlı bütün nitqlərində bir amilə - cəmiyyət üçün faydalı insan böyütmək amilinə xüsusi diqqət yetirməyi həmişə vurğulayırdı. Bizim mənəvi sahədə böyük ənənələrimiz, sağlam milli mentalitetimiz var. İnsan tərbiyəsi sistemini təkmilləşdirərkən ilk növbədə, bu bazaya əsaslanmalı, bəşəriyyəti tərəqqiyə aparan yolla getməliyik.
Mənəviyyat problemlərindən danışarkən Azərbaycan ötən illərdə qazandığı nailiyyətlərlə yanaşı, həm də regionda və bütövlükdə Avropa məkanında fərqli dini sivilizasiyaların qovuşduğu tolerant məkan kimi də tanınır. Ulu öndər ölkədə mütərəqqi islam dəyərlərinin inkişafına xüsusi diqqət yetirməklə yanaşı, başqa dinlərin inkişafına da dözümlü mühitin yaradılmasını təmin etmiş, dini konfessiyalar arasında qarşılıqlı hörmətə söykənən münasibətlərin formalaşmasına çalışmışdır. Milli-dini mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın vətəni üçün milli sahiblik hissini yaşaması da tolerantlığın bariz təzahürüdür. Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası bu gün dini tolerantlığın ən başlıca təminatçısı kimi çıxış edir.
Ölkə başçısı İlham Əliyev daim vurğulayır ki, bu gün milli ideologiyamızın əsas tərkib hissələrindən biri də məhz azərbaycançılıqdır.
Ulu öndərin müdriklə irəli sürdüyü azərbaycançılıq ideologiyası həyat tərzində, əxlaqda, mənəviyyatda, dildə, dində, ədəbiyyatda, bir sözlə, mənəvi mədəniyyətin bütün sahələrində istiqamətləndirici məfkurə olmalıdır. Əsrlərdən miras qalmış mütərəqqi mənəvi dəyərlər Azərbaycan xalqının milli mövcudluğunun və dövlətçiliyinin qarantına çevrilməlidir. Eyni zamanda hər bir vətəndaş bu torpağa, vətənə, xalqa mənsubluğu, milli-mənəvi, dini dəyərləri ilə qürur duymalıdır. Müasir Azərbaycan cəmiyyətində bərqərar olmuş yüksək tolerantlıq modeli müstəqil dövlətçiliyin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Respublikamızın eyni zamanda İslam dininin yayılmasında və müsəlman intibahının bərqərar olmasında da özünəməxsus yeri var. Ölkəmizdə “Multikulturalizm ili”nin davamı kimi 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edilməsi məhz həmin çoxəsrlik zəngin tarixi təcrübənin dinimizdəki rəmzi ifadəsidir. Azərbaycanın hazırda islam sivilizasiyasının əsas mərkəzlərindən birinə çevrilməsi tarixi təkamül prosesinin məntiqi yekunu kimi mümkün olub. Əsrlərin sərt sınaqlarından uğurla çıxan xalqımız tarixinin ən keşməkeşli, çətin anlarında belə insanlığın yüksəlişinə, mənəviyyatın təntənəsinə xidmət edən dini dəyərlərdən dönməyib, onları daim uca tutub. 70 il tərkibində yaşadığımız sovet imperiyası öz ideologiyasına uyğun ateizm təbliğatı apararaq insanlarımızı tarixi keçmişindən, dini və milli-mənəvi dəyərlərindən uzaqlaşdırmaq istəsə də, buna əsla nail olmayıb.
İslam dininin saflığını, humanist və insanpərvər mahiyyətini nümayiş etdirən əlamətdar günlər azərbaycanlıların müqəddəs bayramı kimi qeyd olunur. Bu və digər dini dəyərlərə qəlbən inanan Azərbaycan vətəndaşı həm də kamilliyə, mənəvi paklığa qovuşmağa, xeyirxah işlər görərək savab qazanmağa can atıb. İslam dininin mahiyyətini dərk edərək onun müqəddəs çağırışlarına, mərasim və ayinlərinə əməl etməyə çalışıb.
Azərbaycan Prezidenti İlham Əliyev bu fikirdədir ki, müasir dünyada qloballaşma prosesinin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın dini dəyərlərinin qorunmasını çağdaş zamanın aktual məsələlərindən birinə çevirib. Məhz bunun nəticəsi olaraq son 14 ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsinə, xüsusən də yeni ziyarətgahların əsaslı təmiri və yenidən qurulmasına xüsusi diqqət ayrılıb. Azərbaycan Prezidentinin islam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini inanc yerlərinin təmiri, bərpası ilə bağlı sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənləri bir daha təsdiqləyir.
Dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın cəmiyyətin mühüm təbəqəsi olan dindarlarla mütəmadi görüşləri, onların ehtiyaclarına həssaslıqla yanaşması, mərasimlərdə iştirak etmələri xalq arasında böyük razılıq və minnətdarlıqla qarşılanır, cəmiyyətdə etnik-dini dözümlülüyün, tolerantlıq və həmrəyliyin fövqündə mühüm stimul rolu oynayır. Bu diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, yüzlərlə islam və qeyri-islam dini icmaları öz etiqadlarını azad və sərbəst şəkildə icra edirlər. Son illərdə ölkədə 500-dən artıq dini icmanın dövlət qeydiyyatından keçməsi də tolerantlığın bariz təcəssümü sayıla bilər.
Azərbaycanın Şərqlə Qərb mədəniyyətləri arasında tutduğu mövqe, bu iki dünyanın zəngin mədəni irsinə sahibliyi mədəniyyət diplomatiyasında ölkəmizin önəmini son dərəcə artırır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu digər sahələrdəki nailiyyətləri ilə yanaşı, mənəviyyat məsələlərində də özünün mükəmməl örnəyini yaratmışdır.
Hazırda ölkəmiz sivilizasiyalararası dialoq təşəbbüslərinin mərkəzinə çevrilib. Bakıda keçirilən forumlar müxtəlif ölkələrin dövlət siyasətində multikulturalizmin mövqe və imkanlarının təhlilinə, etnik və mədəni özünüdərk arasında azad seçimin təmin olunmasına imkan verir. Fondun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. May ayında keçirilmiş IV İslam Həmrəyliyi Oyunları respublikamızın bütün sahələrdə əldə etdiyi nailiyyətlərin və mövcud iqtisadi-siyasi potensialın təbliği baxımından əhəmiyyətli olmaqla yanaşı, ümumən unikal təbliğat platforması kimi də diqqəti cəlb etmişdir.
Cəmiyyətin sağlamlığı əsasən iqtisadi və mənəvi tərəqqi amilində özünü daha qabarıq büruzə verir. İndi biz Azərbaycanda baş verən görünməmiş tərəqqinin şahidiyik. Bu sürət dünyanı heyran qoymuşdur. Gələcək uğurlarımıza yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə daha dərindən aşılamaqdır. Bütün bunlar göstərir ki, ulu öndər Heydər Əliyevin ideyalarını hər sahədə uca tutan, onları praktik şəkildə gerçəkləşdirən Prezident İlham Əliyevin yeritdiyi siyasətin qayəsində xalqın milli-mənəvi, mədəni və elmi intellektual potensialının gücləndirilməsi məqsədi ön planda dayanır. Ölkə rəhbəri elmi, habelə yaradıcılıq sahələrində irəliləyişi, mədəniyyət məsələlərinə dövlət himayəsini iqtisadi-sosial tərəqqi ilə ayrılmaz şəkildə bağlayır. Bu, dünyanın ümumi həyatının rəhnidir və hər bir millətin gələcəyində, dövlətin qabaqcıl ölkələrlə eyni hüquqi səviyyədə yaşayıb inkişaf etməsində həlledici amildir.

İradə ƏLİYEVA,
“Azərbaycan”