Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tütünçülüklə bağlı qəbul olunan dövlət proqramının əsas məqsədi qeyri-neft sektorunun inkişafını daha da sürətləndirməkdir

13 Avgust 2017
 

Azərbaycanın hərtərəfli inkişafı istiqamətində bir çox layihələr uğurla icra olunur. Xüsusilə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramları bu sahədə böyük dönüşün yaranmasına imkan verib. 

Bu sənədlərin qəbulu sayəsində bölgələrdə minlərlə kiçik, orta və iri sənaye, turizm, kənd təsərrüfatı müəssisələri fəaliyyətə başlayıb. Həmin müəssisələrin işə düşməsi iqtisadi inkişafımıza fayda verməklə yanaşı, bölgələrdə əhalinin məşğulluq probleminin həllində də mühüm rol oynayır.
Bununla belə, dövlət proqramlarının icrası bölgələrin geniş potensialından tam istifadənin gerçəkləşməsini hələ təmin etməyib. Deməli, əlavə tədbirlərin görülməsinə ehtiyac var. Prezident İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə ayrı-ayrı bölgələr üzrə müxtəlif sahələrin inkişafına həsr olunan müşavirələrin keçirilməsi, dövlət proqramlarının qəbulu da bu zərurətdən irəli gəlir.
İlk belə müşavirə martın 28-də Saatlıda pambıqçılığın inkişafı məsələlərinə həsr olundu. Həmin tədbirdə qeyd edildi ki, pambıqçılığın inkişafı ölkəmiz üçün prioritet sahə sayılır. Lakin məlum səbəblərdən bu sahədə müəyyən müddətdə geriləmə müşayiət olunub. Odur ki, mövcud geriliyi aradan qaldırmaq məqsədilə bu sahənin inkişafına yeni yanaşmanın tətbiq olunmasına qərar verildi. Bu məqsədlə dövlət fermerlərə pambıq əkinini genişləndirmək üçün əlavə güzəştlər tətbiq etdi. Yeri gəlmişkən qeyd edək ki, təkcə ötən il büdcə vəsaiti hesabına 1800 texnika, o cümlədən 94 pambıqyığan kombayn və 300-ə yaxın traktor alınıb. Bu il 3811 texnika, o cümlədən 209 pambıqyığan kombayn və 810 traktor sifariş verilib. Həmin texnikaların alınması üçün dövlət 150 milyon dollar vəsait xərcləyib.
Fermerlərə edilən güzəştlər artıq öz nəticəsini verir. Belə ki, ötən il 51 min hektardan 90 min tona yaxın pambıq götürüldü. Hədəf isə 2020-ci ildə bu rəqəmi 600 min tona çatdırmaqdır. Son 2-3 ilin rəqəmləri müqayisə edildikdə, 2020-ci ildə qarşıya qoyulan hədəfə çatmaq real görünür.
Pambıqçılığın inkişafı həm də bölgələrdə sosial problemlərin həllinə yol açır. Belə ki, bu məhsulun yetişdirilməsinin stimullaşdırılması bir tərəfdən fermerlərə gəlirlərini artırmaq imkanı verir, digər tərəfdən əhalinin işlə təminatını yaxşılaşdırır.
Təkcə cari il pambıqçılıqla bağlı 22 rayonda 200 min yeni iş yeri açılıb. Lakin bu, son rəqəm deyil. Əkin sahələri genişləndikcə daha çox işçi qüvvəsinin işə cəlb edilməsi lazım olacaq. Bu da 22 rayonda əhalinin məşğulluğunun təminatına geniş zəmin yaradır.
Ölkənin hərtərəfli inkişafında qeyri-neft sektorunun rolu böyükdür. Bu sahənin inkişafı ümumi inkişafa sanballı fayda verməklə bərabər, onun idxaldan asılılığını azaldır, ixrac imkanlarını artırır. Hər üç faktorun ölkəmiz üçün xüsusi əhəmiyyəti var. Buna görə də son dövrlər həyata keçirilən iqtisadi siyasətdə bu amilə xüsusi diqqət yetirilir.
Aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində qeyri-neft sektorunun inkişafı geniş şəkildə müzakirə olundu. Bu tədbirdə dövlət başçısı yeni iqtisadi modelin əsas hədəfinin iqtisadi islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektorunun inkişafı olduğunu bəyan etdi. Qeyd edildi ki, iqtisadi sahədə görülən tədbirlər, həyata keçirilən islahatlar sayəsində cari ilin birinci rübündə qeyri-neft sektoru 2,4, o cümlədən qeyri-neft sənayesi 2, kənd təsərrüfatı 3,5 faiz artıb. Hesabat dövrü ərzində ticarət dövriyyəsi 15, ixrac 50 faiz çoxalıb, idxal 17 faiz azalıb, aqrar sektorda isə məhsul ixracı 44 faiz artıb. Nəzərə alsaq ki, bu artım ilin birinci rübünə aiddir, ilin sonuna qədər həmin rəqəmlərin daha yüksək olacağı şübhəsizdir.
Qeyri-neft sektorunun inkişafı ölkəmizdə üç əsas məsələnin həllində başlıca rol oynayır. İlk növbədə, ölkənin müxtəlif istehlak mallarına olan tələbatı daxili istehsal hesabına ödənilir. Bu zaman həm də lüzumsuz valyuta axınının qarşısı alınaraq maliyyə sabitliyi yaranır, valyuta gəlirləri artır, başlıcası isə neftdən asılılıq azalır. Bütün bunlar ölkənin hərtərəfli sosial-iqtisadi inkişafına xidmət edən vacib şərtlərdir.
Elə avqustun 4-də Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə həsr olunan respublika müşavirəsi də buna xidmət edirdi. Həmin tədbirdə dövlət başçısı demişdir: “Qeyri-neft iqtisadiyyatımız, qeyri-neft sənayemiz artdı. İxrac 36 faiz, qeyri-neft ixracı 27 faiz artıb. Kənd təsərrüfatı ixracı 40 faizdən çox artıb... Bir sözlə, idxaldan asılılığı azaltmaq, daxili tələbatı daxili istehsal hesabına təmin etmək və ixrac imkanlarımızı genişləndirmək məsələləri Azərbaycanda uğurla təmin edilir. Əminəm ki, bugünkü müşavirənin nəticəsində bizim üçün ənənəvi olan sahələr - baramaçılıq, tütünçülük, fındıqçılıq da uğurla inkişaf edəcək, fermerlər, kəndlilər daha da böyük fayda görəcək, eyni zamanda, dövlətimiz də güclənəcək”.
Qaxda keçirilən müşavirədə vurğulandı ki, tütünçülük Azərbaycan üçün ənənəvi sahələrdən biridir. Sovet dönəmində bu məhsulun istehsalının pik dövrü 1978-ci ilə təsadüf edir. Həmin il tütünün əkin sahələrinin həcmi 18 min hektara çatmışdır. Amma 90-cı illərdən bu sahədə tənəzzül dövrü başlandı. Hətta yaxın 2014-cü ildə ölkə üzrə cəmi 1000 hektarda tütün əkilmişdir. Yalnız son illər dövlət tərəfindən bu sahənin inkişafına göstərilən qayğı nəticəsində tütünçülük də digər ənənəvi sahələr kimi dirçəlməyə başlayıb. Məsələn, 2015-ci ildə Şəkidə 600 hektarda tütün əkilmişdisə, hazırda bu rəqəm 843 hektara çatdırılıb. Zaqatalada əkin sahələri 460 hektardan 740, Qaxda 300 hektardan 600 hektara çatıb. Hazırda ölkə üzrə 3200 hektarda tütün əkilir. Bu gəlirli sahənin inkişafı 13 rayonda bərpa edilib. Prezident İlham Əliyevin 10 avqust 2017-ci il tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın icrası isə tütün istehsalını daha yüksək səviyyəyə çatdırmağa imkan verəcək. Bu proqramın qəbul olunmasında məqsəd tütün və tütün məmulatlarına olan tələbatın ödənilməsi, tütün emalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsi və müasir texnologiyalar əsasında yeni müəssisələrin yaradılması, xammal təminatının yaxşılaşdırılması, tütünçülük məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə tütünçülüyün inkişafını stimullaşdırmaqdır.
Azərbaycanda ipəkçiliyin qədim tarixi var. Uzun illər ölkəmiz dünyada ipək istehsal olunan ölkələrdən biri kimi tanınıb. Azərbaycan ipəyi öz keyfiyyətinə görə analoji məhsulların içərisində üstün mövqedə olub. Ötən əsrin 70-ci illərində respublikamızda barama istehsalı 5 min tona çatmışdı. “Şəki İpək” Kombinatı bu xammaldan hazır məhsul istehsal edərək keçmiş SSRİ-nin müxtəlif respublikalarına və xarici ölkələrə ixrac edirdi. Təəssüf ki, sonralar bu sahədə də məlum səbəblərdən tənəzzül yarandı. Lakin artıq dövlətin dəstəyi ilə baramaçılıq özünün yeni - müasir inkişaf mərhələsinə daxil olub. Əgər 2015-ci ildə ölkədə cəmi 200 kiloqram barama tədarük edilmişdisə, hazırda bu rəqəm 244 tona çatdırılıb. Həmin göstəricini daha da artırmaq üçün 30 rayonda barama istehsalı bərpa edilib.
Aqrar sektorda ən gəlirli sahələrdən biri də fındıqçılıqdır. Fındıqçılıq digər sahələrə nisbətən az ziyan çəkib. Ona görə ki, daxili bazarda bu məhsula tələbat həmişə yüksək olub. Buna görə də fındıq istehsalı sabit qalıb. Lakin ölkənin istehsal potensialından aşağı olub. İndi bu təzadı aradan qaldırmaq üçün fındıq əkin sahələri genişləndirilir. 2002-ci ildə fındıq bağlarının sahəsi 18 min hektar idisə, hazırda bu rəqəm 55 min hektardır. İmkanlar isə daha genişdir. Beləliklə, gələcəkdə fındığın əkin sahələri və məhsul istehsalını daha da artırmağa imkan var.
Göründüyü kimi, Prezident İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə müxtəlif sahələrin inkişafına həsr olunan respublika müşavirələri ümumilikdə ölkənin sosial-iqtisadi tərəqqisinə geniş imkanlar açır. Bu istiqamətdə həyata keçirilən tədbirlər ölkənin ümumi inkişafına xidmət etməklə yanaşı, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafını təmin edir, ixrac potensialını artırır, son nəticədə isə əhalinin sosial rifahını yüksəldir.

Rüstəm KAMAL,
“Azərbaycan”