Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanda bütün sosial proqramlar uğurla icra edilir

13 Avgust 2017
 

Cari ilin altı ayının sosial-iqtisadi qiymətləndirilməsi deməyə əsas verir ki, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətin ən ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün layiqli həyat tərzinin təmin olunması, ölkədə azad və demokratik cəmiyyətin qurulmasıdır. Bütün bu proseslərdə Prezidentə ən böyük dəstək də xalqdan gəlir. 

Prezident İlham Əliyev iqtisadi sahədə islahatları sistemli və ardıcıl şəkildə, təkamül yolu ilə gerçəkləşdirir. Respublikanın investisiya və sosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva edir. Dövlətin vətəndaşların həyati tələbatlarının ödənilməsinə göstərdiyi qayğı özünü bilavasitə sosial təminat sistemində büruzə verir. Vətəndaşların sosial ehtiyaclarının dolğun şəkildə ödənilməsinə xidmət edən iqtisadi siyasət ümumən insan amilinin inkişafına təkan verir. Hökumət azad iqtisadi münasibətlərə, rəqabətə, özəl mülkiyyətçiliyə və sahibkarlığın inkişafına zəruri kömək göstərməklə yanaşı, cəmiyyətdə himayəyə, dəstəyə ehtiyacı olan təbəqəni də nəzərdən qaçırmır.
Dövlət başçısının sosial-iqtisadi siyasətinin əsasında dayanan prinsiplərdən biri də respublikanın ümumi inkişafı şəraitində sosial cəhətdən həssas qruplardan olan insanların etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmasıdır. Bu amili son illərin dövlət büdcəsinə nəzər salarkən aydın şəkildə görmək olar. Məlumat üçün bildirək ki, 2017-ci ilin dövlət büdcəsinin 40,3 faizinin məhz sosialyönümlü xərclər təşkil etməsi sosial sahənin, o cümlədən sosial müdafiənin təmin edilməsinin ölkə rəhbərinin daim diqqət mərkəzində olduğunu təsdiq edir. Ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin qısa müddət ərzində tikilərək istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi son nəticədə Azərbaycan vətəndaşının mədəni-intellektual səviyyəsinin yüksəlişinə, mənəvi-əxlaqi dəyərlərin cəmiyyətimizdə əsas meyara çevrilməsinə xidmət göstərir.
Hazırda Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal rayonunda sosial mənzillərin tikilməsi prosesi sürətlə gedir. Bu qurumun əsas vəzifəsi aztəminatlı ailələrə əlverişli şərtlərlə mənzillərin verilməsidir. Eyni zamanda, bu proses kütləvi xarakter alandan sonra bunun inşaat və tikinti materialları istehsalı sektorlarına, beləliklə, sənaye potensialımıza çox müsbət təsiri olacaq.
Prezident İlham Əliyev bu yaxınlarda Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində sosial sahədə əldə olunan nəticələrlə bağlı bildirib: “Sosial infrastruktur yaradıldı, 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, bölgələrdə 50-yə yaxın olimpiya idman kompleksi tikildi. Eyni zamanda, sahibkarlara verilən kreditlər hesabına yüz minlərlə yeni iş yeri yaradılmışdır. Bütövlükdə, 2004-cü ildən bu günə qədər 1 milyon yarım iş yeri açılmışdır ki, bunun böyük əksəriyyəti daimi iş yeridir. Demək olar ki, hazırda Azərbaycanda işsizlik kimi bir çox ölkələri incidən, boğan sosial amil yoxdur. İşsizlik 5 faiz səviyyəsindədir. Bu gün işləmək istəyən özü üçün iş tapa bilər. Son iki il ərzində xüsusilə kənd təsərrüfatı, sənaye sahələrində çox böyük işlərin görüldüyünü nəzərə alsaq, Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsi daha da aşağı düşəcək. Biz xalqımızı, dövlətimizi bu böyük bəlalardan qurtara bildik”.
Ötən altı ayda əldə olunmuş əhəmiyyətli sosial-iqtisadi göstəricilər də əhalinin rifah halının yaxşılaşdırılmasına, o cümlədən gəlirlərin və orta aylıq əməkhaqqının artmasına real şərait yaratmışdır. Bazar iqtisadiyyatı prinsipləri bir sıra liberal xüsusiyyətləri ilə yanaşı, əhalinin sosial müdafiəsi institutunun yaradılması kimi sosialyönümlü tədbirləri də özündə ehtiva edir. Azərbaycan Prezidenti İlham Əliyev sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində insan və vətəndaş mənafeyinə xidmət edən islahatların dərinləşdirilməsini vacib sayır. Son illər korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində yaradılmış “ASAN xidmət” mərkəzləri qısa müddətdə ictimaiyyətin inam və etimadını qazanaraq Azərbaycanın milli brendinə çevrilmişdir. Bu, dövlət idarəçiliyinə özəl sektorda yayılmış “müştəri məmnunluğu” ideyasının geniş tətbiqinə, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan vermişdir.
Ölkə rəhbərinin 2014-cü il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” regionların, o cümlədən qeyri-neft sektorunun inkişafı sahəsində 2004-cü ildən başlanmış tədbirlərin uğurlu davamına təminat yaradır. Dövlət proqramı ölkədə makroiqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yeni müəssisə və iş yerlərinin yaradılması, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, əhalinin rifah halının daha da yaxşılaşdırılması və yoxsulluq səviyyəsinin azaldılması kimi prioritetləri özündə ehtiva edir.
Prezident İlham Əliyev bununla bağlı bildirib: “2004-cü ildən bu günə qədər Azərbaycan bölgələrinin inkişafı hesab edirəm ki, tarixi nailiyyətdir. Heç vaxt Azərbaycan tarixində belə qısa müddət ərzində bu qədər işlər görülməmişdir. Bu gün Azərbaycan bölgələrində lazım olan bütün infrastruktur layihələri icra edilib və biz sürətli inkişaf dövrünü yaşayırıq.
O vaxt qarşımızda duran əsas vəzifələr infrastruktur məsələlərini həll etmək idi. Yollarımız bərbad idi, elektrik enerjisi ilə özümüzü təmin edə bilmirdik, qaz təchizatı demək olar ki, bölgələrdə ümumiyyətlə yox idi, Bakının yarısı qazsız idi, meliorasiya ilə bağlı olan layihələr, sadəcə olaraq, kağız üzərində qalmışdı. Biz onları həyata keçirdik və infrastruktur məsələlərinin həlli nəticəsində bu gün Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, hətta xaricə də böyük miqdarda ixrac edir və böyük vəsait qazanır. Azərbaycanda tikilmiş 20-dən çox yeni elektrik stansiyası bu imkanları bizə yaratdı. Qazlaşdırma Azərbaycanda hazırda 93 faiz səviyyəsindədir və biz indi dünya üçün, Avropa üçün, qonşu ölkələr üçün qaz təchiz edən etibarlı ölkəyə çevrilmişik. 2004-cü ildən bu günədək, yəni, 2017-ci ilə qədər 11 min kilometr yeni yollar - həm magistral, həm də kənd yolları salınmışdır, böyük meliorasiya layihələri icra edilmiş, Taxtakörpü, Şəmkirçay su anbarları, digər dəryaçalar yaradılmış, kanallar çəkilmişdir və bu proses bu gün də davam etdirilir”.
Azərbaycanın iqtisadi cəhətdən inkişafında, yeni iş yerlərinin açılmasında, ölkənin ixrac potensialının gücləndirilməsi və idxaldan asılılığının azaldılmasında sənaye potensialının əhəmiyyəti də xüsusi vurğulanmalıdır. İnkişafın hazırkı mərhələsində yüksək makroiqtisadi göstəricilərin davamlılığının təmin edilməsi həm də rentabelli sənaye müəssisələrinin yaradılmasından asılıdır. Azərbaycanın davamlı inkişafını elmtutumlu sənaye müəssisələrinin açılması hesabına təmin etmək, eləcə də neft hasilatının azalması ilə bağlı maddi itkiləri kompensasiya etmək mümkündür.
Sənayenin inkişafının müasir innovasiyalar əsasında təmin olunması, texnoparkların sənayeləşmədə əsas strateji layihələr kimi yer alması “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapmışdır. Sənəddə 2020-ci ilədək respublikanın tarixi ənənələri olan iri şəhər və rayonlarında yeni sənaye istehsalı müəssisələrinin yaradılması və həmin müəssisələrdə innovasiyayönümlü texnologiyaların tətbiqinin stimullaşdırılması, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərciklərinin yaradılması qarşıya məqsəd qoyulmuşdur.
Qeyri-neft sektorunun inkişafını prioritet istiqamətlərdən biri elan etmiş Prezident İlham Əliyev vurğulayır ki, hər bir ölkənin sabit iqtisadi inkişafında sənaye potensialının rolu böyükdür. Azərbaycan hazırda inkişafının elə mərhələsindədir ki, qazanılan makroiqtisadi nailiyyətlər ilk növbədə bu sahəyə diqqətin artırılmasını aktual məsələ kimi gündəmə gətirir. Sənayenin inkişafı üçün ölkədə müvafiq qanunverici bazanın formalaşdırılması da diqqət mərkəzində saxlanılır. 2009-cu il 14 aprel tarixli “Xüsusi iqtisadi zonalar haqqında” qanun ölkədə sənayeləşmə prosesinin sürətlənməsinə yeni təkan vermişdir. Dünya təcrübəsi göstərir ki, iqtisadiyyata, qeyri-neft sektorunun inkişafına xarici kapital axınını, habelə beynəlxalq inteqrasiyanı sürətləndirmək baxımından xüsusi iqtisadi zonaların yaradılması zəruridir. Bu cür iqtisadi zonalar xüsusi əlverişli hüquqi rejimə malik müstəqil ərazi təsərrüfat kompleksi olmaqla yanaşı, ölkədə beynəlxalq iqtisadi əlaqələr sisteminə açılan səmərəli dəhlizdir. Bu dəhliz vasitəsilə ölkə iqtisadiyyatına, qeyri-neft sektorunun inkişafına xarici kapital, qabaqcıl texnologiya, mütərəqqi idarəetmə üsulları cəlb edilir. “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda sənayenin perspektivli təmayüllərinin inkişafı xüsusi diqqət mərkəzində saxlanılacaq. Azərbaycan sənayeləşmənin əsas mərkəzi rayonları kimi Bakı və Sumqayıtda güclü texnopark kompleksləri şəbəkəsinı genişləndirməyi əsas hədəf seçmişdir. Respublikamız hazırda onlarca adda və çox qiymətli, keyfiyyətli sənaye məhsullarını dünyanın 30-dan artıq ölkəsinə ixrac edir.
Hər bir ölkənin davamlı inkişaf və tərəqqisi yüksək idarəçilik keyfiyyətlərinə malik rəhbərlə hökumətin səmərəli fəaliyyəti sayəsində mümkün olur. Dəqiq sosial-iqtisadi strategiya əsasında qarşıda duran hədəfləri düzgün müəyyənləşdirən liderlər ümumilikdə inkişafa yönəlik məqsədləri gerçəkləşdirməyə nail olurlar. Bu mənada dövlət başçısı İlham Əliyevin 14 illik prezidentliyi dövründə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar sayəsində Azərbaycan davamlı inkişaf və tərəqqi yoluna çıxıb.

Elnur HACALIYEV,
“Azərbaycan”