Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan-Türkmənistan mədəni əlaqələri yeni mərhələyə qədəm qoyur

13 Avgust 2017
 

Tarix, mədəniyyət, etnik köklər birdir və biz fəaliyyətimizi bu möhkəm təməl üzərində qururuq.

İlham ƏLİYEV

 

Türkmən xalqı tarixən bütün milli adət-ənənələri ilə Azərbaycan xalqı ilə eyni kökə, eyni mentalitetə bağlıdır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Respublikası ilə Türkmənistan arasında diplomatik əlaqələr bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son 10 il ərzində dörd rəsmi səfər olub, tərəflər arasında 52 ikitərəfli sənəd imzalanıb.
Böyük iqtisadi inkişafa və mədəni əlaqələrə zəmin yaradan sazişlər əsasında ortaq mədəniyyətə malik xalqlarımız arasında elm, səhiyyə, mədəniyyət, incəsənət və turizm sahəsində uğurlu nailiyyətlərə nail olunub. Beynəlxalq münasibətlərin inkişafına böyük önəm verən Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun bu günlərdə ölkəmizə rəsmi səfəri zamanı görüşündə demişdir: “Apardığımız danışıqlar və imzalanmış sənədlər bir daha onu göstərir ki, Türkmənistan-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu əlaqələrin təməlində xalqlarımızın birliyi, dostluğu, qardaşlığı dayanır. Əsrlər boyu türkmən və Azərbaycan xalqları bir yerdə yaşamış, əməkdaşlıq, dostluq etmişlər. Dövlətlərarası münasibətlər, bu möhkəm təməl üzərində qurulub. Bu il biz diplomatik münasibətlərimizin 25-ci ildönümünü qeyd edirik. Bu 25 il ərzində Azərbaycan və Türkmənistan böyük və uğurlu yol keçmişdir”.
Son illər alimlərin, yazıçıların, şairlərin, mətbuat nümayəndələrinin beynəlxalq konfranslarda, incəsənət xadimlərinin festival və mədəniyyət proqramlarında fəal iştirakı iki qardaş xalqın zəngin mədəni-tarixi irsinin qorunub saxlanması və təbliğində əməkdaşlığı daha da möhkəmləndirmişdir. Bakıda Türkmənistanın Dirçəliş, Birlik və Məhtumqulu Fraqi poeziyası günü münasibətilə konfrans keçirilib. Türkmən müəlliflərinin əsərlərinin, o cümlədən Məhtumqulu Fraqinin “Seçilmiş əsərləri”nin, Mollanepesin “Mən bu diyara gəldim” kitabının, Nurməhəmməd Əndəlibin “Şeirlər, poemalar və dastanlar”ının, Sultan Hüseyn Baykarın “Divan”ının, Zahiruddin Məhəmməd Baburun “Seçilmiş əsərlər”inin, həmçinin bu günlərdə Azərbaycanda rəsmi səfərdə olan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun “Ahaltəkinli fəxrimiz və şöhrətimizdir” kitabının Azərbaycan dilinə tərcüməsi və keçirilən mədəni-kütləvi tədbirlər böyük maraq doğurmuşdur. Türkmənistan Prezidenti Q.Berdiməhəmmədovun dünyanın bir çox dillərində, o cümlədən Azərbaycan dilində çap olunmuş “Türkmənistanın iqtisadi strategiyası: xalqa söykənərək, xalq naminə” kitabı azərbaycanlı iqtisadçı-politoloqların diqqətini çəkmişdir.
Səfirliyin təşəbbüsü ilə “Görkəmli adamların həyatı” seriyasından nəfis tərtibatla hazırlanmış “Heydər Əliyev” kitabı, eləcə də “İnsanlığa qarşı cinayət”, “Azərbaycan xalq nağılları” türkmən dilində nəşr olunub. Bundan başqa, Məhtumqulu adına Türkmənistan Musiqili Dram Teatrında böyük Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan” operettası tamaşaya qoyulmuşdur və bu gün də uğurla nümayiş etdirilir.
Azərbaycanın elm, təhsil, səhiyyə, turizm, idman, mədəniyyət və incəsənət sahəsindəki nailiyyətləri qardaş Türkmənistanda maraqla qarşılanır, onların da bu sahədəki uğurları Azərbaycan ziyalılarında və ədəbi aləmdə fərəh doğurur. Təsadüfi deyildir ki, bir neçə il bundan öncə “Türkmənistanın təbii sərvətlərinin kompleks emalında innovasiya texnologiyaları” mövzusunda Aşqabadda keçirilmiş beynəlxalq elmi konfransda Azərbaycanın görkəmli alimləri V.Abbasovun “Neft, qazçıxarma və neft emalı sənayesi üçün AMEA Neft-Kimya Prosesləri İnstitutunda yaradılan kimyəvi reagentlər” və H.İbrahimovun “Metanol zavodu - qaz sənayesində innovasiya texnologiyaları” məruzələri böyük əks-səda doğurmuş və ən yaxşı çıxışlar sırasına daxil edilmişdir.
Azərbaycan Respublikasının rəsmi şəxslərinin Türkmənistanda keçirilmiş beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirakı ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etmişdir. 2012-ci il mayın 11-12-də İslam Əməkdaşlıq Təşkilatının və BMT-nin Qaçqınların işləri üzrə ali komissarının birgə təşkilatçılığı ilə Aşqabadda keçirilmiş “Müsəlman dünyasında qaçqınlar” beynəlxalq konfransında qəbul olunmuş Aşqabad Bəyannaməsinin 9-cu bəndində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik rayonlarının işğalı nəticəsində bir milyon qaçqın və məcburi köçkün məsələsinin əksini tapması dost dəstəyinin təsdiqidir.
Azərbaycanla Türkmənistan arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyi ərəfəsində Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyinin və Türkmənistan Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Məhtumqulu adına Türkmənistan Musiqili Dram Teatrında H.Ərəblinski adına Sumqayıt Musiqili Dram Teatrı kollektivinin tamaşaya qoyduğu “Ziyarətçi” tamaşası zövqləri oxşamışdır. Aşqabadda keçirilən Azərbaycan Kinosu Günlərində göstərilən filmlər, ölkəmizin musiqi kollektivlərinin konsert proqramları rəngarəngliyi və zənginliyi ilə yaddaqalan olmuşdur. Bütün bunlar onu deməyə əsas verir ki, köklərimizin ümumiliyi, mədəniyyətlərimizin oxşarlığı qardaş xalqları bir-birinə daha da yaxınlaşdırır və dövlətlərimizin sıx əməkdaşlığı üçün möhkəm təməl yaradır.
Prezidentlər İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədovun birgə fəaliyyətləri və xalqlarımızın həmrəyliyi sayəsində Azərbaycan və Türkmənistan iqtisadi, energetika, nəqliyyat sahələrində olduğu kimi, elm, təhsil, səhiyyə, incəsənət və turizm məsələlərində də həm beynəlxalq arenada, həm regionda, həm də ikitərəfli formatda nümunəvi münasibətlərə malikdir. Bu nümunəvilik Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərindən və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərindən sonra ölkələrimiz və xalqlarımız arasında mədəni əlaqələr yeni mərhələyə qədəm qoymuşdur.

Rəhman SALMANLI,
“Azərbaycan”