Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Faşizmin təzahürü

13 Avgust 2017
 

Mülki əhalinin erməni vandalları tərəfindən atəşə tutulması bunu təsdiqləyir

 

Dinc əhalini öldürmək bu gün Ermənistandakı mənfur hərbi xuntanın əsas siyasi xəttidir. Xocalı soyqırımı və ondan sonrakı dövrdə yaşananlar bunun bariz nümunəsidir. Dinc sakinlərə qarşı erməni vandalizminin həyata keçirilməsi Ermənistanın dövlət siyasəti səviyyəsinə qaldırılıb. Dünya ictimaiyyətinin gözü qarşısında mülki əhalinin hərbçilər tərəfindən atəşə tutulması faşizmin təzahürüdür.
İyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin qəsdən atəşə tutulması nəticəsində 51 yaşlı Sahibə Allahverdiyevanın və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi, bundan 33 gün sonra, avqustun 7-də Tovuz rayonunun Qaralar kəndinin sakini 13 yaşlı Ramin Yusifovun düşmən gülləsindən ağır xəsarətlər alması bunu bir daha təsdiqləyir. Hər iki faciə bir daha onu göstərir ki, erməni terrorçuları artıq açıq şəkildə fəaliyyətə keçiblər.
Əslində işğalçı Ermənistan təxribatlar törətməklə Azərbaycan əhalisi arasında xof yaratmağa çalışır və sərhədboyu bölgələrdə dinc insanlara qarşı vəhşilik etməklə acizliyini nümayiş etdirir. Ermənistanın bu vəhşiliyinin, xüsusilə azyaşlı uşaqları və qadınları hədəfə almasının beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə pislənilməsinə baxmayaraq, işğalçı ölkə bu çirkin əməllərindən nəticə çıxarmır, əksinə, belə barbar hərəkətlərini təkrarlayır. Mülki insanların, o cümlədən uşaqların hədəfə alınması və qətlə yetirilməsi məqsədi daşıyan bu vəhşiliklər Ermənistanın siyasi-hərbi rəhbərliyinin yürütdüyü terrorizm siyasətidir. Son statistikaya görə, ermənilər arasında yoxsulluq pik həddə çatıb, demoqrafik böhran başlayıb, ölkəni kriminal avtoritet rejim idarə edir. Sıravi erməni vətəndaşları bu reallığı çox gözəl dərk edirlər. Onlar öz övladlarının Azərbaycan torpaqlarında qeyri-qanuni hərbi xidmət keçməsinə dəfələrlə etiraz ediblər. Ermənistan ordusunda intiharlar və kriminal hadisələr gündən-günə çoxalır. Belə bir məqamda hər zaman olduğu kimi, Serj Sarkisyan rejimi öz çirkin, terrorçu xislətini büruzə verir. Mülki əhali, xüsusən də azyaşlı soydaşlarımız hədəf seçilərək qətlə yetirilirlər. Hər kəsə bəllidir ki, hazırkı Ermənistan iqtidarı terrorçulardan ibarət qruplaşmaların əlindədir. Bu isə tək Azərbaycan, bölgə üçün deyil, bütün dünya üçün ciddi təhdiddir.
Ancaq nədənsə, beynəlxalq birlik hələ də bu ölkəyə qarşı sərt addımlar atmır, işğalçıya hansısa sanksiyalar qəbul edilmir. Azərbaycan ictimaiyyətini narahat edən də məhz budur.
Milli Məclisin deputatı, professor Musa Qasımlı hesab edir ki, Ermənistan hərbçilərinin Azərbaycanla sərhəddə yerləşən ərazilərdən soydaşlarımızın yaşadığı kəndlərdə mülki əhalini atəşə tutması bir sıra məqsədlər güdür. Bununla Ermənistan sərhəddə yaşayan dinc sakinlərimizi qorxutmağa çalışır: “Eyni zamanda, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan ölkələri, ilk növbədə Rusiyanı bu işə cəlb etmək istəyir, diqqəti Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionu və ətraf rayonlardakı vəziyyətdən yayındırır”.
Deputatın sözlərinə görə, Ermənistanın bu hərəkəti göstərir ki, düşmən ölkə əsas hədəf kimi mülki əhalini seçir. Bu bir daha Ermənistan hakimiyyətinin işğalçı siyasətinin mahiyyətini göstərir: “Mülki əhalini atəşə tutmaq hərbi cinayətdir. Yaranmış vəziyyət üçün bütün məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşür”.
Deputat hesab edir ki, ermənilərin bu çirkin əməllərinə, törətdikləri təxribatlara beynəlxalq hüquq-müdafiə təşkilatları qiymət verməlidir: “İnsanlığa sığmayan, beynəlxalq hüquq normalarına zidd olan bu cür təxribatçı əməllər dünya ictimaiyyəti - beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər tərəfindən kəskin şəkildə qınaq obyektinə çevrilməli, işğalçı ölkəyə qarşı müvafiq islahedici tədbirlər görülməlidir. ATƏT-in Minsk qrupunun həmsədrləri fəal addımlar atmalı və status-kvonun dəyişməsi üçün real tədbirlər görməlidirlər”.
Milli Məclisin deputatı Elman Məmmədov isə 13 yaşlı Ramin Yusifovun ağır qəlpə yaraları almasını ermənilərin xalqımıza qarşı tarix boyu həyata keçirdiyi təxribat hərəkətlərinin davamı adlandırdı. Deputat deyir ki, ermənilərin dinc sakinlərimizə qarşı silahdan istifadə etməsi birinci hal deyil: “Ermənilər həmişə dinc azərbaycanlılara qarşı kütləvi soyqırımlar həyata keçirərək körpə uşaqları, qadınları, qocaları qətlə yetiriblər. Onların xalqımıza qarşı terror siyasəti bu gün də davam edir. Son 2-3 ildə ermənilər nə qədər körpə uşaqlarımızı, dinc insanlarımızı qətlə yetirib, evləri dağıdıblar. Niyə bunun qarşısı alınmır? Bu günə qədər ermənilərin törətdiyi təxribatlarla bağlı nə beynəlxalq təşkilatlar, nə də böyük dövlətlər sərt reaksiya verməyiblər. XX əsrin sonlarında ermənilər Xocalı soyqırımını törətdilər, 613 nəfər dinc insan qətlə yetirildi, Qaradağlıda və başqa yerlərdə bunu təkrarladılar. Buna görə ermənilərə bir cəza tətbiq olundumu? Xeyr! 25 ildən çoxdur ki, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətindədir, torpaqlarımız işğal altındadır. Buna görə ermənilərə qarşı sanksiya tətbiq olunubmu? Xeyr! Ermənilər də bu cəzasızlıqdan ruhlanırlar, havadarlarına arxayın olurlar və təxribat əməllərini artırırlar. Biz gözləsək ki, hansısa beynəlxalq təşkilat ermənilərin bu əməllərinin qarşısını alacaq, bu, sadəlövhlük olardı. Ermənilərə qarşı cəza tədbiri görəcək yeganə qüvvə Azərbaycan Ordusudur”.
Siyasətçilər hesab edirlər ki, beynəlxalq ictimaiyyət nəhayət ikili standarta son qoymalı, Ermənistanın bu terrorçu fəaliyyətinə qarşı adekvat addımlar atmalıdır. Ümumiyyətlə isə qeyd etməliyik ki, Ermənistanın hərbi birləşmələrinin işğal olunmuş ərazilərimizdə mövcudluğu danışıqlar prosesinə ciddi maneədir, hərbi risklərin və gərginliyin yaranmasının əsas səbəbidir. İşğala əsaslanan qəbuledilməz və qeyri-davamlı status-kvonun dəyişdirilməsi üçün ilk növbədə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması təmin edilməlidir. Azərbaycanın Xarici İşlər Nazirliyi də dəfələrlə bəyan edib ki, Ermənistanın törətdiyi təxribat və hücumların qarşısını almaq üçün Azərbaycanın atmalı olacağı addımların məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşür. Ona görə də Ermənistanın bu cinayətkar rejimdən əl çəkməsi üçün bəlli bir təzyiqə, sanksiyalara böyük ehtiyacı var. Çünki bu sanksiyalar olmasa Ermənistan öz əməlindən əl çəkməyəcək.

Elgün MƏNSİMOV,
“Azərbaycan”