Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kollar bara dolur

13 Avgust 2017
 

Biləsuvarlı pambıqçıların əksəriyyəti hər hektardan 50 sentner məhsul götürməyi hədəfləyib

 

Əsgərağa göz işlədikcə uzanıb gedən yamyaşıl pambıq sahəsinə girib ətrafa nəzər saldı. Bir neçə gün öncə suvarılmış pambıq tarlası könül oxşayırdı. İsti havalar sahəni artıq təpitmişdi. Cərgələrin arası ilə bir qədər irəlilədikdən sonra yan budaqları bir-birinə toxunan kolları aralayıb diqqətlə baxdı. Bir kolun üstündəki qozaları saymağa başladı: 5, 10, 20, 30, 40. Bundan əlavə, həmin kolda bir o qədər də gül-daraq vardı. Yəqinlik hasil etmək üçün bir neçə koldakı qozaları da saydı. Onlar daha çox idi. Bir mütəxəssis kimi, fikrində topladı, çıxdı, sonra özü-özünə, - “Allah saxlasın, belə getsə, hər hektarda 50 sentnerdən çox məhsul olacaq”, - dedi. Sonra kolların yuxarı uclarını nəzərdən keçirdi. “Deyəsən, istilər sovkanın atasını yandırıb, heç yumurtaları da görünmür. Günü sabah dərmanlama aparmaq lazımdır ki, kolların boyu inkişafdan dayansın, gücü yan budaqlara, əmələ gələn barın çəkisinin artmasına versin” - deyə ürəyində götür-qoy etdi.

Əsgərağa Məmmədov ixtisasca ali təhsilli aqronomdur. Sovet dövründə baş aqronom, kolxoz sədri, sovxoz direktoru işləyib. Müstəqillik bərpa edildikdən sonra dövlət işində çalışsa da, pay torpağını əkib-becərib. Deyir ki, yaz ayları soyuq keçdiyindən çıxış bir az gec alındı: “Lakin sonradan havaların istiləşməsi və gördüyümüz aqrotexniki tədbirlər nəticəsində gerilik aradan qaldırıldı. İndiyə kimi 4 dəfə kultivasiya, 3 dəfə baraza çəkilişi aparmışıq. Xəstəliklərə və ziyanvericilərə qarşı mübarizə tədbirlərini vaxtında görmüşük. Müəyyən çətinliklə də olsa, sahələrə 2 dəfə vegetasiya suyu vermişik. Pambıq diqqət və qayğı sevən bitkidir. Avqust ayı pambıq üçün mühüm dövrdür. Buna bartoplama ayı da deyirlər. Avqustun 15-dən sonra sahələr yaşıl donunu yavaş-yavaş dəyişəcək, yarpaqlar saralıb-solmağa başlayacaq. Avqustun sonu, sentyabrın əvvəllərində qozalar  açılacaq, tarlalar tədricən ağ örpəyə bürünəcək”.

Biləsuvarda Ə.Məmmədov kimi pambığın “dilini bilən” mütəxəssislər, fermerlər, torpaq mülkiyyətçiləri çoxdur. Xanverdi Mahmudov, Əliyar İbayev, Fəxrəddin Quliyev, Fazil Fərəcov, haqqında dəfələrlə söhbət açdığımız Muğanın ağsaqqalı - 83 yaşlı Lətif Cəfərov və başqaları belələrindəndir. Rayonun bütün kənd adamları dövlət başçısı İlham Əliyevin keçən ilin əvvəllərində pambığın keçmiş şöhrətini qaytarmaq haqqında çağırışına böyük həvəslə qoşulub əvvəlki illərlə müqayisədə bir neçə dəfə çox pambıq əkdilər. Yığım dövründə aramsız yağan yağışlar da onların iradəsini qıra bilmədi. Gün çıxan kimi hamı tarlalara, min bir əziyyətlə yetişdirilən pambığı toplamağa yollandı. İnam, istək olan yerdə hər şeyə nail olmaq mümkündür. Biləsuvarlılar keçən il 6 min 40 hektardan 12 min tondan çox məhsul topladılar. Həmin məhsulu yetişdirmək üçün hər gün tarlalara orta hesabla 12 min nəfər adam çıxırdı. Bu isə mühüm bir məsələnin - məşğulluğun artırılması sahəsində dövlət siyasətinin həyata keçirilməsi demək idi. Hesablamalar göstərir ki, rayon üzrə keçən il 800 nəfər torpaq mülkiyyətçisi 2,4 milyon manat xalis gəlir əldə etmiş, əlavə olaraq 1,2 milyon manat həcmində subsidiya almışdır. Yaxşı gəlir isə öz növbəsində firavanlığın, xoş güzəranın başlıca şərtidir. Elə bunun nəticəsidir ki, rayonda müasir üslubda fərdi yaşayış evləri tikilir, minik maşınlarının sayı aydan-aya çoxalır. Biləsuvar şəhərinin də siması son illərdə tanınmaz dərəcədə yaxşılığa doğru çox dəyişmişdir.

Ölkə rəhbərinin bu yaxınlarda imzaladığı “2017 - 2022-ci illərdə pambıqçılığın inkişafı ilə bağlı Dövlət Proqramı” Biləsuvar camaatının da ürəyincə olmuşdur. Keçən il pambığın əhalidən satınalınma qiymətinin hər kiloqrama görə 50 qəpiyə qaldırılması, hər kiloqram üçün dövlət tərəfindən 10 qəpik subsidiya verilməsi, habelə dövlət proqramının qəbul edilməsi pambıqçılığın inkişafı üçün yeni imkanlar açır. Hazırda rayon ərazisində “Green Firm” MMC və “Yaşıl ada” aqroparkları yaradılır. Bu isə öz növbəsində yeni iş yerləri, eyni zamanda bol kənd təsərrüfatı məhsulları deməkdir.

Biləsuvarda cari il 11 min 352 hektarda pambıq əkilmişdir. Hazırda sahələrdə 4-cü kompleks becərmə aparılır. Bütün qüvvələr aqrotexniki tədbirlərin keyfiyyətlə yerinə yetirilməsinə cəlb edilmişdir. Sahələrin vəziyyəti deməyə əsas verir ki, rayon pambıqçıları hər hektardan ən azı 20 sentnerdən çox məhsul əldə etməklə keçən ilin nəticəsini təzələyəcəklər. Bəzi fermerlər isə daha yüksək nəticələr əldə etmək əzmindədirlər.

 

Seyran CAVADOV,

“Azərbaycan”