Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bu günlər Kürdəmirin insanları günəşdən də güc alır

13 Avgust 2017
 

Havaların qızmar keçdiyi, insanların kölgələnməyə yer axtardığı bu günlərdə çoxunun yadına nədənsə Kürdəmir düşür. “Burada havalar belə isti keçəndə gör Kürdəmirdəkilər nə çəkir?” Amma belələri unudurlar ki, ən dadlı meyvə və tərəvəz məhz isti yerlərdə yetişir.

Daha çox pambığı və şirinliyindən çat verən yemişi ilə məşhur olan Kürdəmir ümumiyyətlə məhsuldar torpaqları ilə seçilir. Burada torpağa nə atsan bitir. Bunun səbəblərindən biri zəhmətdirsə, digər səbəbi torpağa güc verən günəşdir. Ona görə də Kürdəmirdə aqrar sektor xüsusən son illər sürətlə inkişaf edir.

Rayonda qarşıya qoyulan məqsədlərin icrasına nail olmaq üçün ciddi işlər görülür. Rayon icra hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov deyir ki, cari ildə barama istehsalı ilə əlaqədar 160 kümçüyə 300 qutu barama qurdu verilmişdi. Kümçülər “Şəki İpək” Açıq Səhmdar Cəmiyyətinə 11 min 512 kiloqram barama satdılar ki, bu da ötən ildəkindən 7934 kiloqram çoxdur. Baramaçılığı gələcəkdə daha da inkişaf etdirmək, onun yem bazasını möhkəmləndirmək məqsədilə 46 min tut tingi əkilib.

Nazirlər Kabinetinin 16 fevral 2017-ci il tarixli sərəncamı ilə rayonun “Şilyan massivi” adlanan ərazisindəki otlaqlardan 6150, 10 mart 2017-ci il tarixli sərəncamına əsasən isə “Muradxan-Pirili massivi” adlanan ərazidəki qış otlaqlarından 4463,6 hektarın təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb olunub. Nəticədə Kürdəmirin kənd təsərrüfatı təyinatlı münbit torpaq sahəsi 10 min 613 hektar artıb.

Hazırda “Şilyan massivi”ndəki ərazini suvarma suyu ilə təmin etmək üçün Şilyan kanalının genişləndirilməsi və suötürmə qabiliyyətinin 2 dəfə artırılması ilə bağlı tədbirlər görülür. Artıq Kür çayı sahilində tikiləcək nasos stansiyasının dəmir-beton döşəməsi və divarları inşa olunub, 952 paqonmetrlik, diametri 1200 millimetr olan metal borular xətt boyunca qaynaqlanıb, 40 min kubmetr torpaq daşınaraq mövcud Ərəbxana-Şilyan kanalı kipləşdirilib və məcrası 8 kilometr məsafədə təmizlənərək genişləndirilib. Transformator yarımstansiyası üçün inşa olunan binanın tikintisi isə davam edir. “Muradxan-Pirili massivi”ni suvarma suyu ilə təmin edəcək kanalın layihə-smeta sənədləri da hazırlanıb və tikinti işlərinə başlanıb.

Təyinatı dəyişdirilmiş torpaqlarla bağlı məqsəd bəllidir. Onlar  Prezidentin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin tələblərinə uyğun olaraq, torpaqlar sahibkarlara icarəyə verilib. Sahibkarlar öz vəsaitləri hesabına həmin ərazilərdə aqropark yaratmaqla mütərəqqi irriqasiya sistemləri və suvarma şəbəkələri qururlar. Taxılçılıq, pambıqçılıq və digər bitkiçilik sahələrinin inkişafına zəmanət verən aqroparklar artıq yaradılıb. Sahibkarlar bu sahələrdə meliorativ tədbirlərin aparılması, müasir suvarma sistemlərinin qurulması, torpağın münbitliyinin yaxşılaşdırılması üçün də tədbirlər görürlər. Bu torpaqların 1000 hektarından çoxu qarğıdalı, soya, qarabaşaq və digər yazlıq bitkilərin əkini üçün istifadə olunur. Ərazidə həmçinin “QLOBAL AQRO” MMC tərəfindən 6 min tonluq anbar, yem və yağ emalı zavodlarının tikintisinə başlanılıb. Həmin müəssisənin işə düşməsi nəticəsində yüzlərlə yeni iş yeri yaradılacaq.

Rayonda plantasiya şəklində 3 min hektardan çox nar bağı da salınıb. Həmin bağlardan 500 hektarı müasir texnologiya ilə becərilir, damcı ilə suvarılır. Bundan əlavə, 8 hektaradək sahədə 37 fiziki və hüququ şəxs tərəfindən 98 istixana təsərrüfatı yaradılıb. Həmin təsərrüfatlarda 500 tondan çox xiyar və pomidor istehsal edilib və bunun 200 tondan çoxu ixrac olunub. İnvestisiya qoymaq məqsədilə rayona cəlb edilmiş sahibkarlar da Atakişili kəndinin ərazisində 2, Beyi kəndi ərazisində isə 0,40 hektarda müasir istixana tikirlər.

Kürdəmirdə “Aqrolizinq” ASC-nin “Aqroservis” filialı da fəaliyyət göstərir. Filiala 130-dan çox traktor, kombayn və digər kənd təsərrüfatı maşın və mexanizmləri verilib. Təkcə son iki ildə 26 müasir kombayn alınıb. Bundan əlavə, fiziki və hüquqi şəxslər tərəfindən 200-dək traktor və digər kənd təsərrüfatı texnikası lizinqə götürülüb.

Torpaqların su təminatının yaxşılaşdırılması sahəsində də tədbirlər görülür. Bu ilin birinci yarısında 773 kilometr kanal və 80 kilometr dren şəbəkəsi lildən təmizlənib, 96 hidrotexniki qurğu, 9 nasos kompleksi, 2,6 kilometr beton və latok kanallar əsaslı təmir olunub. Əkin dövriyyəsinə qatılmış yeni torpaqların 3050 hektarının meliorasiya olunması üçün də layihə hazırlanıb.

 

Ə.SƏLİMOV,

“Azərbaycan”