Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qırmızı terror: cilovsuz qan çanağı

13 Avgust 2017
 

Milli mətbuatımızın banisi, böyük mütəfəkkir Həsən bəy Zərdabinin 1905-ci il dekabrın 28-də “Həyat” qəzetində dərc edilən “Rusiyada əvvəlinci türk qəzeti” sərlövhəli məqaləsində maraqlı bir məqam öz əksini tapıb. 

Məqalədə H.Zərdabi 1875-ci ilin 22 iyulunda “Əkinçi” qəzetinin yarandığı tarixi şəraitdən, ilk mətbu orqanının nəşri zamanı üzləşdiyi çoxsaylı çətinliklərdən danışır. Bu zaman Minasov familiyalı bir erməni mürəttibini də yaddan çıxarmır. O yazır: “O vaxtda Bakıda iki basmaxana (mətbəə - red.) vardı. Onların birisində ki, Quberniski Pravleniyanın idi, bircə müsəlman hürufatını alayarımçıq düzən Minasov adlı bir erməni var idi. Onu götürdüm danışdırdım. Söz verdi ki, nə qədər hürufat düzən lazım olsa, öyrədib mənim qəzetimdə işlədər. ...İyul ayına qəzetin açılmasını salmaqdan muradım o idi ki, zikr olan Minasovdan başqa, türk hürufatı düzən tapılmadı. O da bircə bacısı oğlunu gətirib yanında şagird saxladı”.
Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin nəşrinə mürəttib Minasov familiyalı həmin erməni ilə başlayır və əvvəldə niyyət xoş olsa da, erməni xisləti özünü çox gözlətmir. Yanına şagird götürdüyü bacısı oğlu ilə birgə bu qəzetdən dolanan, Həsən bəydən məvacib alan Minasov “Əkinçi”dən, onun naşirindən Bakı jandarmasına çuğulluq etməyə başlayır.
“...Elə ki Dağıstanda şuluqluq başlandı, “Əkinçi”nin günü dəxi artıq qarə oldu: bir gün Nəcəf bəy Vəzirovun məqaləsi ki Moskvadan göndərmişdi, vermişdim düzməyə - deyə Həsən bəy Zərdabi xatırlayır. - Məqalədə bir dərviş bazarda dükanların qabağında qəsidələr oxuyub onları elm, təhsil etməyə çağırırdı. Senzor qol çəkib çap olmağa izin vermişdi. Qəzetə çap olub paylanandan sonra qubernatorun hökmünə görə o nömrəni bağlayıb məni istədilər. Gedib gördüm ki, mənim Minasovum ordadır.
Qubernator buyurdu ki, Minasov deyir, dərvişin sözlərinin qeyri mənası var. Ona görə nömrəni bağlayıb sənə hökm edirəm ki, bir qeyri nömrə çap edəsən. Cavab verdim ki, qeyri nömrə çıxarda bilmərəm. Mən gedəndən sonra qubernator özü bir nömrə çıxardıb paylatdı. Çünki nömrə mənim adımdan çıxmışdı, mən təvəqqe elədim ki, dəxi mənim adımdan qəzetə çıxarmasınlar” (H.Zərdabi, “Seçilmiş əsərləri”, Azərbaycan Dövlət Nəşriyyatı, 1960).
Bir çox tədqiqatçıların fikrincə, Həsən bəy Zərdabinin xatırlatdığı bu fakt burjua millətçiliyi ilə zəhərlənmiş Minasovun qəzet barəsində qubernatora yalan məlumat verməsinə işarə kimi yozulur. Əslində isə Minasovun məlum əməli sırf erməni-daşnak xislətindən irəli gəlirdi. Həsən bəy Zərdabini Bakı jandarmasına şeytanlayan Minasovun simasında bu millətçilik zəhəri Azərbaycan düşüncəsində yeni parlamağa başlayan işıqlı ömürləri söndürməyə, ictimai fikrimizi zülmətə bürüməyə can atırdı.
“Rusiyada əvvəlinci türk qəzeti” məqaləsindəki həmin xatırlatmanı böyük Zərdabi bütün dövrlərə ismarıc kimi vermiş və bədnam erməni toplumuna inamın, güvənin mümkünsüzlüyünü, onların təfəkküründə bizə qarşı nifrət zəhərinin hər zaman olduğunu çatdırmışdır.
1905-1918-ci illərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı ardıcıl soyqırımıların törədilməsinə, minlərlə soydaşımızın qətliamına rəvac verən nifrət zəhəri sovet hakimiyyətinin qurulmasından sonra özünə yeni mühit tapdı.
1920-ci ilin 28 aprelindən etibarən Azərbaycanda bütün hakimiyyət Müvəqqəti İnqilab Komitəsinin və Azərbaycan Xalq Komissarları Sovetinin (XKS) əlinə keçdi. Xalq Komissarları Sovetinə Nəriman Nərimanov başçılıq etsə də və hər iki təsisatın tərkibində azərbaycanlılar təmsil olunsa da, bu, əslində formal xarakter daşıyırdı. Real hakimiyyət hələ 1920-ci ilin fevralında yaradılmış Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının - AK(b)P-nin əlində idi.
AK (b)P Moskvanın göstərişlərini yerinə yetirirdi. Onun fəaliyyətinə, faktiki olaraq, A.İ.Mikoyan rəhbərlik edirdi. Partiyanın rəhbər özəyi də qeyri-millətlərdən, xüsusən ermənilərdən təşkil olunmuşdu.
Cümhuriyyətin hakimiyyət strukturlarını dağıtmaq üçün Azərbaycanın hər yerində İnqilab Komitələri yaradılmışdı. Hər şey xalqın dövlətçilik ənənələrini və milli müstəqillik şüurunu məhv edən qanlı diktaturanın təşəkkülünə yönəldilmişdi. Yeni güc strukturları təşkil edilirdi. Fövqəladə Komissiya (“ÇK” - Çerezvıçaynaə Komissiə) və Ali İnqilabi Tribunal fəaliyyətə başlamışdı.
Fövqəladə Komissiyanın və Ali İnqilabi Tribunalın qanunla heç bir məhdudiyyət qoyulmayan böyük səlahiyyətləri vardı. Onların qərarı dərhal icra olunurdu. Hər iki struktur “əksinqilaba və təxribatçılığa qarşı mübarizə” pərdəsi altında müstəqil dövlətçilik ənənələrinin və milli mənlik şüurunun daşıyıcıları olan, dövrün öndə gedən ziyalı potensialını məhv edirdi.
Ölkənin hər yerində “qırmızı terror” küləyi əsirdi. Bolşevik rejiminin əleyhinə olan hər kəs “xalq düşməni”, “əksinqilabçı”, “pantürkist”, “millətçi” və ya “təxribatçı” adı ilə “qırmızı terror”un hədəfinə tuş gəlirdi.
Beləliklə, 1918-ci ilin qanlı mart olaylarından sonra faktiki olaraq Azərbaycan xalqına qarşı yeni soyqırımı dalğası başlanmışdı. Fərq bircə onda idi ki, bu dəfə millətin say-seçmə adamları - görkəmli dövlət xadimləri, generallar, Milli Ordunun yüksək rütbəli zabitləri, qabaqcıl ziyalılar, elm, maarif, incəsənət, mədəniyyət, din xadimləri, partiya rəhbərləri, siyasi xadimlər aradan götürülürdü.
Bolşevik-daşnak güruhu bu dəfə bilərəkdən xalqın “düşünən beyinlərini” hədəf seçmişdi. Xalqı başsız qoymağa hesablanmış bu siyasət, əslində, 1918-ci ilin mart soyqırımından daha dəhşətli idi. Azərbaycan xalqının qabaqcıl övladlarına qarşı qanlı qırğınlar bilavasitə Orconikidze, Kirov, Mikoyan, Sarkisyan, Mirzoyan, Lominadze, Yeqorov və başqaları kimi bolşevik-daşnak cəlladlarının göstərişi ilə yerinə yetirilirdi. Ölkənin güc strukturlarında özlərinə yer eləmiş ermənilər azərbaycanlıları kütləvi surətdə istintaqsız və mühakiməsiz güllələyirdilər. 1920-ci ilin 28 aprelindən sonra Azərbaycan xalqının minlərlə say-seçmə övladı güllələnmiş, sürgünə göndərilmiş, millət özünün görkəmli simalarından məhrum edilmişdi.
İşğal prosesində və “qırmızı terror” zamanı bolşevik-daşnak cəlladları güllələnənlərin əmlakını da müsadirə edirdilər. Bununla kifayətlənməyərək bütün əhalini, o cümlədən yoxsulları qarət edir, xalqın olan-qalanını, hətta nəsillərdən yadigar saxlanmış zinət və qiymətli əşyalarını da zorla əlindən alırdılar. Azərbaycanlıların boşaldılmış mənzillərinə əsasən ermənilər və qeyri-millətlərin nümayəndələri köçürülürdü.
Bir sözlə, Azərbaycan xalqına divan tutulurdu.
Bolşevik rejimi müstəqil dövlətçilik ənənəsini, milli mənlik ruhunu əhalinin şüurundan çıxarmaq üçün xalqın mənəviyyatına qarşı da hücuma keçmişdi. Cümhuriyyət dövründə dövlət dili olan Azərbaycan dili sıxışdırılırdı. Milli kadrların hazırlanması kəskin surətdə məhdudlaşdırılırdı. Silki, mülki və dini imtiyazlar, rütbələr ləğv edilmişdi. “Bəy”, “xan”, “ağa” sözlərinin, hətta müraciət forması kimi işlənməsi belə qadağan olunmuşdu. Dini ayinlərin icrası və məktəblərdə şəriət dərslərinin keçilməsi yasaq edilmişdi. Qədim memarlıq abidələri olan məscidlər, minarələr uçurdulub dağıdılırdı. Azərbaycan xalqının mənəviyyatına və milli mədəniyyətinə qarşı amansız hücum dövrü başlanmışdı.
Milli kadrların yetişdirilməsinə yaradılan süni maneələrlə bir arada kənardan Azərbaycana rus, erməni, yəhudi və qeyri-millətlərdən olan əhalinin axınına hər cür şərait yaradılır, onlar müvafiq iş və Bakı şəhərinin ən yaxşı yerlərində mənzillərlə təmin olunurdular. Açıq-aşkar ruslaşdırma siyasəti yeridilirdi. Bu siyasət “beynəlmiləl” şəhər kimi təbliğ olunan Bakıda daha sürətlə gedirdi.
Hakim dairələrin həmin illərdə ideoloji məqsədlər naminə tarixin gedişini geriyə çevirmək niyyəti, Azərbaycan xalqına yad ideologiyanı, adətləri zorla qəbul etdirmək cəhdi ermənilər üçün göydəndüşmə bir fürsət idi. Və onlar bu fürsətdən yararlanıb Azərbaycan mədəniyyətini, mənəviyyatını, sözün əsl mənasında, özününküləşdirirdilər.
Azərbaycan xalqının həyat tərzi, məişəti, mədəniyyəti ilə əlaqədar olan hər dəyər bir tərəfdən kommunist ideologiyasının, digər tərəfdən erməni millətçiliyinin təqiblərinə məruz qalırdı. 1920-1930-cu illərdə milli özüllərə, ənənələrə etimadsızlığın əsası qoyuldu.
Amma ən böyük dəhşət hələ qarşıda imiş.
1933-cü ilin əvvəlindən etibarən birbaşa Stalinin göstərişi ilə ölkə daxilində və xaricdə faşizm və müharibə əleyhinə mütəşəkkil təbliğat kampaniyasına start verilmişdi. Qaçılmaz müharibə təhlükəsi Stalini qurduğu rejimi və öz şəxsi hakimiyyətini nəyin bahasına olursa-olsun qoruyub saxlamaq üçün kompleks tədbirlərə əl atmağa tələsdirirdi. Bu tədbirlər sırasında “daxili və xarici düşmənlərə” qarşı kütləvi repressiyalar da xüsusi yer tuturdu.
Əgər əvvəlki təmizləmələrin hədəfi yalnız “sosial cəhətdən yad elementlər” və keçmiş müxalifətçilər idilərsə, 1933-cü ilin yanvarından aparılan təmizləmələr zamanı partiya sıralarından kənarlaşdırılacaq şəxslərin ənənəvi kateqoriyaları siyahısına yeniləri - “etibarsızlar” və “məsləkinə dönük çıxmışlar” da əlavə edilmişdi. Xaraktercə ziyalılıq dəyərlərindən çox-çox uzaq olan Stalin ziyalılara nifrət edirdi. O, dövrün reallıqlarını anlayan ziyalıları özünün qeyri-məhdud hakimiyyətinə qarşı ən ciddi təhlükə gözündə görürdü. Bu səbəbdən repressiya dalğası da ilk növbədə “düşünən beyinləri”, “görən gözləri” vururdu.
Leninin və Trotskinin təşəbbüsü ilə bir vaxtlar ölkənin ən sərt iqlimli yerlərində qurulmuş düşərgələrə qısa müddət ərzində on minlərlə “bolşevizmə zidd fikirlərə malik ziyalılar” sürgün olundu. O illərdə xalqımızın taleyini və müqəddəratını həll edən ÇK, QPU kimi dəhşət saçan bolşevik güruhunun əli ilə və müxtəlif uydurma, cəfəng ittihamlar əsasında Azərbaycanın, demək olar ki, ən qabaqcıl ziyalıları məhv edildi. Repressiya illərində Azərbaycanın 51 rayonundan 31-nin Xalq Daxili İşlər Komissarlığı rayon şöbələrinin rəisi erməni idi. Və bu qanlı prosesdən ən çox bəhrələnənlər yenə Azərbaycan xalqına faciələr yaşatmaqdan ötrü ən kiçik fürsəti belə qaçırmayan erməni cəlladları oldu.
L.Beriyanın Bakıya göndərdiyi erməni əlaltılarının - Sumbatovun, Qriqoryanın, Markaryanın, Qalstyanın, Ohanesyanın, Avanesyanın, Sinmanın, Şerin və onlarla başqalarının cəllad fəaliyyəti ilə qısa müddətdə 80 minə qədər ziyalımız güllələndi. Bakıda bütün quldur tribunal iclaslarını Vişinskinin müavini, bəşər övladının qatili Matuleviç öz həmkarları Zaryanov və Jiqurla birgə aparırdılar. Bu qətllərin başında isə L.Beriya dururdu. Məhkəmə iclasları və hökmün oxunması cəmi 15 dəqiqə çəkirdi. İttiham olunan şəxsin güllələnməsi ilə də kifayətlənməyən cəlladlar repressiya olunmuş insanların ailəsinə, yaxınlarına, dostlarına da “xalq düşməni” damğası vurur, onları hər şeydən təcrid edir, minbir acı çəkdirirdilər.
Bu illərdə DTK-nın rəhbərləri Stalinə lazım olan “ölkədə geniş miqyasda yayılmış antisovet” terrorçu və trotskiçi, zinovyevçi, millətçi və başqa buna bənzər təşkilatların mövcud olmasını sübut etməyə çalışırdılar. Azərbaycanda belə millətçi, əksinqilabçı, üsyançı təşkilatlar guya ifşa olunduqdan sonra yerli DTK-nın əsasən ermənilərdən ibarət olan rəhbərləri müəyyən etdilər ki, demə bu təşkilatın başçıları R.Axundov, Ə.Qarayev, B.Çobanzadə, M.D.Hüseynov və başqalarıdır. Bunlar da öz növbəsində respublikada mövcud olan nazirliklərin rəhbərlərini, MK-nın məsul işçilərini, onlara tabe olan müəssisə, zavod və fabrik, mədən və s. müdir və rəhbərlərini həmin ümumrespublika əksinqilabi millətçi təşkilata cəlb edib antisovet üsyanı qaldırmalı, Mir Cəfər Bağırovu öldürməli, Azərbaycanı SSRİ-nin tərkibindən çıxarmalı idilər. Gələcək Azərbaycan burjua-demokratik respublikasının prezidenti Ruhulla Axundov olmalı idi. Minlərlə Azərbaycan övladı bu uydurma ittihamın güdazına getdi, ya güllələndi, ya da ömrünün ən gözəl illərini həbsxanalarda minbir işgəncə içində itirdi. 1936-cı ildən etibarən Stalin rejimi azərbaycanlı ziyalılara qarşı ən ağır, amansız, total hücumunu daha da genişləndirdi. 1937-ci ildə bu proses özünün zirvə nöqtəsinə çatdı və 1938-ci ilə kimi səngimək bilməyən sürətlə davam etdi. Şübhəsiz ki, sonrakı illərdə də kütləvi repressiyalar ara verməyəcəkdi, lakin müharibənin astanada olması vəziyyəti bir qədər dəyişdi...
1936-cı ildə DTK-nın sədri L.Beriyanın rəsmi sərəncamı ilə dustaqlardan istintaqa lazım olan ifadələrin alınması üçün üç nömrəli metodun tətbiqinə icazə verildi. Bu metodun mahiyyəti isə məhbusları döymək, onları istintaq məngənəsinə salıb işgəncələrin müxtəlif üsullarına məruz qoymaq idi. Azərbaycanlılara qarşı soyqırımlarda insan övladına qarşı bəşər tarixinin ən tükürpədici qəddarlıqlarını törədən erməni vəhşiliyi yenə özünə fürsət tapmışdı. Aradan illər keçəndən və repressiya cəlladlarının müəyyən qismi öz layiqli cəzalarına çatandan sonra edilən etiraflar o dövrdə ermənilərin Azərbaycanın layiqli övladlarına necə divan tutduqlarının acı mənzərəsini yaradırdı.
...1936-cı il dekabrın 25-də imzasız məktub əsasında MİK-in, Bakı Sovetinin, Yazıçılar İttifaqının üzvü olan Böyükağa Talıblı “əksinqilabi, millətçi meyillərinə görə” həbs edilir. 16 dəfə müstəntiq Xoren Qriqoryan tərəfindən dindirilir. Altı ay ərzində ondan lazım olan ifadələri ala bilmirlər. Bununla da günlərlə, saatlarla işgəncələr başlanır. Onu əlləri, ayaqları ilə, rezin şlanqlarla amansızcasına döyməyə başlayırlar... Nəhayət, Talıblı sınır. Buna kim dözərdi? Beləliklə də, Qriqoryan, Malyan, Markaryan, Avetisyan, Qalstyan və bu tipli digər müstəntiqlərin uydurduqları, dünyanın minbir mənasız günahlarında Talıblı özünün təqsirkar olduğunu etiraf edir.
Mədinə Qiyasbəyli, Gülarə Qədirbəyova, Xədicə Qayıbova erməni müstəntiqləri Tevosyan, Ozanyan tərəfindən dindirilir, amansız işgəncələrə məruz qalırlar.
...1937-ci il iyulun 15-də keçmiş maarif naziri, ictimai xadim Məmməd Cuvarlinski dindirilir. DTK-nın keçmiş əməkdaşı İ.M.Krotkov öz ifadəsində deyir ki, “bir dəfə Şerin göstərişi ilə Cuvarlinskini beş-altı müstəntiq əhatəyə alıb rezin döyənək və burulmuş nəm döşəkağı ilə döyüb işgəncə verirdilər. Cuvarlinski küt ağrılara dözməyib yıxılır, yenidən təpik və yumruqla onu ayağa qaldırıb vururdular. Bütün bunlar təhqir xarakteri daşıyırdı. Sonra isə bunu əyləncə məqsədilə edirdilər. Verilən işgəncələrin nəticəsində Cuvarlinski tam taqətdən düşürdü, yarışüurlu vəziyyətdə, özünə heç bir hesabat vermədən istənilən sənədə, ifadəyə qol çəkirdi”.
Belə bir amansız münasibət minlərlə azərbaycanlı ziyalının başına gətirilirdi. H.Zeynallı, B.Çobanzadə, Y.V.Çəmənzəminli, B.Həsənbəyov, H.Biləndərli, M.Hüseynov, R.Axundov, A.Tağızadə, T.Salahov, İ.Eminbəyli, Salman Mümtaz, Əli Nəzmi, Əhməd Cavad və başqaları erməni müstəntiqləri tərəfindən ən ağır işgəncələrə məruz qalmışlar.
...Azərbaycan Milli Diviziyasının komandiri olmuş Qambay Vəzirovun işini Azərbaycan XDİK DTİ-nin 5-ci şöbəsinin keçmiş rəisi qatı millətçi Avonesyan aparırdı. Şahidlərin etirafına görə, Qambay Vəzirovu dindirmələr zamanı vəhşicəsinə döyürmüşlər. Onu Avanesyan şəxsən özü şöbə əməkdaşlarının yanında şallaqla zərbələr endirərək tələb edirmiş ki, özünün əksinqilabi millətçi mərkəzində iştirakı haqqında ifadə versin.
...Vaxtilə Teatr Muzeyinin direktoru vəzifəsində çalışan Qasım Vahabzadə də repressiya dövründə erməni vəhşiliyini öz taleyində yaşamış, ömrünün 18 ilini Sibir çöllərində sürgündə keçirmiş dəyərli ziyalılarımızdan idi. Onu Azərbaycan Dövlət Universitetinin professoru Bəkir Çobanzadənin tələbələr arasında guya pantürkist ideyaları yaydığını iddia edən sənədə imza atmadığına görə tutmuşdular. İşi “NKVD”-nin Azərbaycan ziyalılarına qarşı minlərlə repressiya faktında adı keçən Qriqoryan familiyalı əməkdaşı aparırdı. Qasım Vahabzadə yaşının ixtiyar çağlarında xatırlayırdı: “Mən işgəncənin, qəddarlığın, amansız döyülmənin insanın mənliyini, iradəsini almaq qüdrətində olduğunu bəlkə də təsəvvürümə gətirə bilərdim. Amma bu, nəsə başqa idi. ...Beynimdə yalnız “imza atmayacağam” sözləri dolaşırdı. Qriqoryan psixoloq idi. Məni diqqətlə süzəndən sonra nə hisslər keçirdiyimi anladı. Sakit buraxdılar məni. Bir neçə saatdan sonra iki nəfər idbar, bədheybət adam gəldi. Erməni idilər. Qriqoryan mənə yaxınlaşıb sakitcə dedi:
- Evdən adam gəlib yanına. Arvadın mənim kabinetimdədir. Gəlib səni evə aparsın. Əvvəl bura qol çək.
Halsız idim. Həmin iki nəfərin yenə məni döyəcəklərini düşündüyümdən beynimdə yenidən eyni sözlər dolanmağa başladı: “Qol çəkməyəcəyəm”.
İmzaların uzun siyahısına baxıb başımı yellədim. Onda Qriqoryan iki nəfəri mənə göstərib gülümsündü. Kameradan çıxdı. Bir neçə dəqiqədən sonra gənc xanımımla qayıtdı. Onunla, tələbə yoldaşımla təzəcə evlənmişdim. İndi görəcəyim həyatımın ən ağır epizodu olacaqdı. Qriqoryan əyilib gözlərimin içinə baxdı. Xeyli baxandan sonra pıçıldadı:
- ... Bəlkə qol çəkəsən?
Kağızı yenə gözlərimin qarşısına gətirdi.
Bəkir Çobanzadənin xarici kəşfiyyatla bağlı fəaliyyəti haqqında sənədin altında filologiya fakültəsinin tələbələrinin imzasından ibarət uzun siyahıya mənim də imzam əlavə olundu”.
1953-cü il martın 5-də Stalin vəfat etdi. Onun ölümü faciələrlə zəngin böyük bir mərhələyə son qoydu. M.Bağırov və onun silahdaşları Stalinin ölümündən sonra həbs edildilər. Markaryan, Qriqoryan, Borşev, Yemelyanovun cinayət işi üzrə ittihamnamələrdə deyilirdi: “...1953-cü il dekabrın 23-də SSRİ Ali Məhkəməsi vətənə xəyanət və digər ağır dövlət cinayətləri törətdiklərinə görə Beriya və onun yaratdığı xəyanətkar qrupun üzvləri ən ağır cəzaya - güllələnməyə məhkum edilsinlər”. Günahsız adamların istintaq işinin saxtalaşdırılması, onlara qarşı yalançı əksinqilabi fəaliyyət barədə ittihamın irəli sürülməsi yolu ilə L.Beriyanın sui-qəsdçi qrupu Azərbaycanın bir çox ziyalı nümayəndələrini terrorçuluqla məhv etmişdi. Beriya və onun erməni əlaltıları qorxu, xof yaratmaq, namuslu adamlar arasında şübhə, inamsızlıq toxumu səpmək, milli zəmində düşmənçilik törətmək, onları ifşa edə biləcək insanları aradan götürmək yolu ilə törətdikləri cinayətlərin məsuliyyətindən yaxalarını qurtara bilmədilər. Stalin repressiyaları nəhəng bir ölkənin xalqlarına qarşı yönəlsə də, onun ən ağrılı nəticələrini məhz Azərbaycan öz üzərində hiss etmişdi.
Vaxtilə on minlərlə günahsız insanı vətənə xəyanətdə, sovet dövlətinə qarşı üsyan hazırlamaqda, dövlət çevrilişinə cəhddə, əksinqilabi fəaliyyətdə ittiham edənlər özləri eyni ittihamlarla müttəhimlər kürsüsündə əyləşdilər. Əlbəttə, bunu tarixin ironiyası da adlandırmaq olar, amma bu, daha çox tarixin intiqamına bənzəyirdi. Çünki həmin qatillər öz qanlı əməlləri ilə zamanın təkərini istədikləri istiqamətə döndərməyə, zamanın özünə hökm etməyə çalışırdılar. Ancaq yanılırdılar.
Hökmü zaman verir! Və “yaddaşın məhkəməsi” deyilən bir anlayış da var. Burada Azərbaycan xalqına dəyən zərbələr, keçmişə saxta don geydirənlər, Stalin epoxası ilə bağlı qanlı həqiqətləri törədənlər mühakimə edilir. Bu isə başımıza gətirilən faciələrlə dolu keçmişimizi daha dərindən öyrənmək, səhv və əyintilərdən ibrət götürmək üçün çox lazımdır.
Ulu öndər Heydər Əliyev həmişə deyirdi ki, Azərbaycanın tarixini, əsrlər boyu keçdiyi yolu həm öz vətəndaşlarımıza, həm də bütün ölkələrin elm adamlarına, ziyalılarına, respublikamıza maraq göstərənlərə tanıtmaq borcumuzdur. Tarix elmimizin Heydər Əliyev konsepsiyası ölkəmizin şanlı səhifələrini araşdırmağı və təbliğ etməyi qarşıya məqsəd qoyur, eyni zamanda bu tarixin faciəli tərəflərini də olduğu kimi obyektiv şəkildə tətqiq etməyi vacib sayır. Azərbaycan tarixinin “Stalin repressiyası” dönəmi də bu baxımdan istisna deyil.

İradə ƏLİYEVA,
“Azərbaycan”