Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Necə bilək ki, nədən zəhərlənmişik

13 Avgust 2017
 

Bir neçə gün öncə şadlıq saraylarından birində toy şənliyinə gələnlər kədərli anlar da yaşadılar. Belə ki, 10 nəfər qonaq bir qədər sonra ağır vəziyyətdə xəstəxanaya çatdırıldı. Halsız durumda olan xəstələrə tibbi yardım göstərildi. Həkimlərin qoyduqları  diaqnoz isə belə oldu: qida zəhərlənməsi. Şadlıq sarayındakı yeməklərdən və xəstələrdən götürülən analiz nümunələri də təsdiqlədi ki, keyfiyyətsiz qida onlarda qastrit, mədə pozğunluğu yaradıb.

Təəssüflə qeyd etməliyik ki, bu, respublikamızda fəaliyyət göstərən şadlıq evlərində baş verən birinci kütləvi zəhərlənmə deyil.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovdan aldığımız məlumata görə, cari ilin birinci yarısında qeydə alınan qida zəhərlənməsi hadisələrinin sayı 388-dir, nəticədə 285 nəfər zərər çəkib. Eyni zamanda 11 botulizm hadisəsi baş verib. Bundan zərərçəkənlərin sayı 21 nəfər olub. 

Etiraf etməliyik ki, özümüz də bəzən nələri yediyimizə çox da əhəmiyyət vermirik. Götürək dönəri. Mütəxəssislər dönər hazırlanarkən ətin düzgün emal olunmadığını bildirsələr də, müştərilər bu qidadan imtina etmirlər. Evdə də konservləşdirilmiş məhsulların hazırlanması zamanı yol verilən yanlışlıqlar ağır nəticələr verir. Z.Kazımovun dediyinə görə, cari ildə qida zəhərlənməsindən 3 nəfərin dünyasını dəyişməsinin də səbəbi məhz botulizm olub: “Apardığımız təhlillər nəticəsində məlum olur ki, qida zəhərlənmələrinin baş verməsinə əsas səbəb ev şəraitində konservləşdirilmiş məhsullar, pomidor, xiyar tutmaları hazırlanarkən qaydalara əməl olunmamasıdır. Satış yerlərində də bunların kimlər tərəfindən hazırlandığı məlum deyil. Dəfələrlə deyilib ki, vətəndaşlar mənşəyi məlum olmayan qidalardan, kimlərsə tərəfindən hazırlanaraq satışa çıxarılan tutmalardan istifadə etməsinlər”.

Z.Kazımov qeyd etdi ki, qida zəhərlənmələrinin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə artım olmayıb. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları bu il də əhalini maarifləndirmək məqsədilə profilaktik tədbirlər həyata keçirirlər. Onlar ictimaiyyəti ehtiyatlı olmağa, yay mövsümündə xüsusilə ev şəraitində konservləşdirilmiş məhsullardan istifadə etməməyi məsləhət görürlər. İsti havalarda yüngül yeməklərə üstünlük vermək, bədəndən itirilmiş mayeni əvəz etmək üçün çoxlu su, meyvə-tərəvəz şirələri qəbul etmək lazımdır. Yağlı və xəmir xörəklərindən imtina etməklə yanaşı, yeməklərin çeşidləri gözlənilməlidir.

Biz necə bilək ki, nədən zəhərlənmişik? Z.Kazımov bu suala belə cavab verdi: “Qida zəhərlənməsində ürək bulanma, qusma, qarın ağrısı, ishal halları çox olur. Belə vəziyyət yarananda yaxınlıqda yerləşən müalicə-profilaktika mərkəzlərinə müraciət etmək lazımdır. Qızdırmanın yüksək olması da ciddi qida zəhərlənməsindən xəbər verir. Qidadan zəhərlənənlər çox vaxt 2-3 gün müddətində yaxşılaşırlar”.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”