Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri “Ekol Mühəndislik Xidmətləri”ndə təcrübə keçirlər

12 Avgust 2017
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri “Ekol Mühəndislik Xidmətləri” QSC-də istehsalat təcrübəsi keçirlər.

QSC-dən AZƏRTAC-a bildirilib ki, respublikadakı ayrı-ayrı ali təhsil müəssisələrində təhsil alan tələbələrin ixtisaslarına uyğun olaraq biliklərinin, istehsalat təcrübələrinin artırılaraq onların bacarıqlı bir mütəxəssis kimi formalaşması üçün SOCAR-ın idarə və müəssisələrində, o cümlədən “Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət sahələrində istehsalat təcrübələri təşkil olunur. QSC əsas fəaliyyət sahələri ilə yanaşı, ekologiya və mühəndislik xidmətləri sahəsində gənc mütəxəssislərin hazırlanmasına, eləcə də əhalinin ekoloji maariflənməsinə də yaxından dəstək göstərir. Bununla əlaqədar olaraq, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının kimya fakültəsinin dördüncü kurs tələbələri 18 nəfərdən ibarət olmaqla və 5 nəfər müəllim heyəti ilə avqustun 11-dən “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların Emalı Departamentinin 6-cı sahəsində, Heydər Əliyev adına neft emalı zavodundan (NEZ) daxil olan sənaye axıntı sularını təmizləyən təmizləyici qurğuların yerləşdiyi sahədə istehsalat təcrübəsi keçirlər.

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin (Heydər Əliyev adına NEZ-nun 9-cu sahəsi) ərazisinə daxil olmazdan əvvəl təcrübəçi tələbələr əməyin mühafizəsi və texniki, yanğın təhlükəsizliyi ilə tanış olublar. QSC-nin müdiriyyəti tərəfindən tələbələrin istehsalat təcrübəsinin müəyyən olunmuş qrafikə uyğun şəkildə başa çatdırılması üçün bütün tədbirlərin görülməsinə göstəriş verilib.

Təcrübə müddətində Ekoloji Monitorinq Departamentinin rəisi, təcrübəli mütəxəssis, ekoloq, istehsalat-təcrübə rəhbəri Şahabiddin Albuşov tələbələrə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyəti haqqında məlumat verib, onları sənaye-axıntı sularının təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi prosesləri, eləcə də texnoloji qurğuların iş prinsipləri ilə yaxından tanış edib. Həmçinin tələbələr neftşlam emal edən “Alfa-Laval” şirkətinin dekantor və “Pieralisi” şirkətinin trikantor qurğularında emal prosesləri ilə yaxından tanış olublar. Onlara QSC-də ətraf mühitin mühafizəsi istiqamətində həyata keçiriləcək yeni layihələr barədə məlumat verilib.

Ali təhsil ocaqlarında təhsil alan tələbələrin maarifləndirilməsi, onların elmi biliklərinin istehsalatla əlaqələndirilməsi və gənc nəslin təcrübi biliklərinin artırılması “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyətinin əsas istiqamətlərindən biridir və bu istiqamətdə daimi məqsədyönlü tədbirlər keçirilir.