Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tütünçülüyün inkişafı diqqət mərkəzindədir

12 Avgust 2017
 

Bununla bağlı qəbul edilən dövlət proqramı məhsul istehsalının artımına stimul yaradacaq

 

Ölkənin ümumi iqtisadi inkişafında mühüm rol oynayan aqrar sahələrdən biri kimi tütünçülüyə dövlət qayğısı son illər özünü daha qabarıq göstərməkdədir. Kənd təsərrüfatı məhsullarının çeşidinin genişləndirilməsi, ayrı-ayrı sahələrin səmərəliliyinin artırılması eyni zamanda ölkə iqtisadiyyatının neft-qaz sənayesindən asılılığının azaldılması deməkdir.
Xatırladaq ki, son illər bu istiqamətdə həyata keçirilən aqrar islahatlar öz bəhrəsini verməkdədir. Məhz bunun nəticəsidir ki, ilin arxada qalan 6 ayı ərzində kənd təsərrüfatı məhsullarının ixracı 40 faizdən çox olub. Bu da dövlət başçısının qeyd etdiyi kimi, ölkə iqtisadiyyatının qeyri-neft sektoruna və kənd təsərrüfatının inkişafına köklənməsinin bariz nümunəsidir.
Avqustun 4-də Qaxda dövlət başçısının sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafına dair keçirilən respublika müşavirəsində bir daha səsləndirilmişdir ki, ilk növbədə ölkənin kənd təsərrüfatında vaxtilə mühüm çəkisi olan və qazanc gətirən sahələri dirçəldib inkişaf etdirmək olduqca vacibdir. Bununla belə, həmin müşavirə bugünkü mürəkkəb zamanda ölkə iqtisadiyyatının neft-qaz ixracından asılılığını azaltmaq istiqamətində atılan növbəti addım da sayılmalıdır. Dövlət başçısının sədrliyi ilə keçirilən Qax müşavirəsinin də tarixi əhəmiyyəti yaxın zamanlarda özünü göstərəcək. Çünki həmin müşavirədən sonra tütünçülüyün inkişaf etdirilməsi, onun emal sahələrinin genişləndirilməsi, xammala olan tələbatın yeni məhsul istehsalı hesabına təmin olunması, gəlirliliyin və ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun yüksəldilməsi məqsədilə “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti sərəncam imzalamışdır.
Dövlət başçısının imzaladığı yeni sərəncamda əlaqədar nazirliklərin qarşısında qoyulan tələblər məhz adıçəkilən sahənin inkişafına hesablanmışdır. Sərəncamda deyilir ki, təsdiq edilmiş dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə və İqtisadiyyat nazirlikləri, müvafiq olaraq, hər il dövlət büdcəsinin və dövlət investisiya proqramının tərtibi proseslərində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri işləri həyata keçirsinlər. Həmçinin İqtisadiyyat Nazirliyi ölkədə beynəlxalq standartlara uyğun tütün məmulatı istehsal edən müasir zavodun tikilməsi məqsədilə texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün müvafiq tədbirlər görsün. Kənd Təsərrüfatı Nazirliyindən isə məhsul istehsalçılarının kənd təsərrüfatı texnikası və aqrokimyəvi vasitələrlə təmin edilməsi, seleksiya və toxumçuluq işlərinin, fitosanitar və informasiya-məsləhət xidmətlərinin gücləndirilməsi ilə bağlı zəruri tədbirlər görülməsi tələb edilir. İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri birlikdə dövlət proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməklə, tədbirlərin icrası barədə ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi də sərəncamda öz əksini tapmışdır ki, bu da adıçəkilən sahənin inkişafının mühüm əhəmiyyət daşıdığının göstəricisidir.
Əlbəttə, ölkənin nəinki kənd təsərrüfatının, bütünlükdə iqtisadiyyatının hazırkı dövrü, xüsusən yaxın gələcək üçün inkişaf istiqamətlərini özündə ehtiva edən Qax müşavirəsindən sonra imzalanan sərəncamdan irəli gələn məsələlərin vacibliyi diqqətdən yayına bilməz. Əslində, həm adıçəkilən toplantı, həm də dövlət başçısının imzaladığı sərəncam qarşıda duran əsas məsələlərin həlli, nəzərdə tutulan perspektivlər istər mərkəzi, istərsə də yerli icra orqanları üçün əsl fəaliyyət proqramıdır. Azərbaycan Prezidenti həmin müşavirədə qeyd etdi ki, müzakirə bu bölgəyə xas olan ənənəvi kənd təsərrüfatı məhsullarının inkişafına həsr edilib: “Tütünçülük, baramaçılıq, fındıqçılıq bu bölgədə əsrlər boyu inkişaf etmişdir. Bu sahələrin ölkəmizdə çox böyük və zəngin ənənələri vardır.
Burada mövcud olan torpaq şəraiti, torpağın münbitliyi, iqlim, coğrafi vəziyyət, xarici bazarlara yaxın olmağımız və qədim İpək yolu üzərində yerləşməyimiz - bütün bunlar bu sahələrin inkişafına təkan vermişdir”.
Elə, müşavirənin əsas məqsədi də bu idi. Azərbaycan Prezidenti məsələni açıq şəkildə müşavirə iştirakçılarının nəzərinə çatdırmışdır: “Bugünkü müşavirənin əsas məqsədi ondan ibarətdir ki, görülmüş işlərə yekun vuraq - çünki son iki il ərzində bu sahələrin inkişafı üçün çox böyük işlər görülmüşdür - eyni zamanda, gələcək fəaliyyətimiz üçün konkret tədbirlər planı hazırlayaq. Dövlət proqramları da qəbul ediləcək, bu ənənəvi sahələr Azərbaycanda daha geniş vüsət alsın”.
Müşavirədə də qeyd edildiyi kimi, ölkədə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı üzrə dövlət proqramlarının qəbulu artıq ənənəvi hal alıb. Üzümçülük və pambıqçılıqla bağlı dövlət proqramlarının qəbulu, taxılçılığın və heyvandarlığın inkişafı istiqamətində mühüm tədbirlərin görülməsi sübut edir ki, Azərbaycan Prezidenti qeyri-neft sektorunun vacib və aparıcı sahəsi kimi bütünlükdə kənd təsərrüfatının inkişafında maraqlı olduğu qədər də məsələlərin təmin edilməsində israrlıdır. Faktlar da bunları təsdiqləyir: 2 il ərzində barama istehsalı 200 kiloqramdan 244 tona, fındıq bağlarının sahəsi 32 min hektardan 55 min, pambıq əkini sahələri 17 min hektardan 136 min hektara çatıb.
Bütün bunlar bir daha onu göstərir ki, ölkənin aqrar sektorunun qarşısında yalnız ərzağa olan daxili tələbatı yerli istehsal hesabına ödəmək yox, həmçinin ixracatında kənd təsərrüfatı məhsullarının çəkisini artırmaq kimi ciddi vəzifə durur. Diqqətçəkən haldır ki, həmin vəzifə ilbəil daha uğurla icra olunur. Az qala əksər kənd təsərrüfatı, o cümlədən ərzaq məhsullarını xaricdən alan Azərbaycan bu gün nəinki balansı öz xeyrinə dəyişib, hətta vaxtilə idxal etdiyi məhsulları özü ixrac etməyə başlayıb.
Dövlət başçısının fikirlərinə istinad edərək deyə bilərik ki, Azərbaycan dövləti kənd təsərrüfatının, o cümlədən tütünçülüyün inkişafına müntəzəm olaraq böyük vəsait ayırır, investisiyalar qoyulur: “Kənd təsərrüfatının inkişafı üçün çox böyük işlər görülür. Fermerlər bütün vergilərdən azaddırlar. Ölkəmizə xüsusən son illər ərzində ən müasir texnika alınıb gətirilir. Azərbaycan dövləti bu məqsədlər üçün yüz milyonlarla vəsait ayırır... Sahibkarlara 2 milyard manat səviyyəsində güzəştli şərtlərlə kreditlər verilir, onların da böyük əksəriyyəti fermerlərin işini yüngülləşdirmək üçün kəndlərə gedir... Azərbaycanda kənd təsərrüfatının, sahibkarlığın inkişafı üçün görülən işlər, inanmıram ki, hansısa başqa ölkədə görülsün”.

Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”