Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yenilənən yol infrastrukturu

12 Avgust 2017
 

2004-cü ildən bugünədək respublika ərazisində 11 min kilometrlik yeni yolların çəkilməsi Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir

 

Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin də göstəricisidir. Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir.
Təsadüfi deyil ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları təsdiq edilərkən qarşıya qoyulan başlıca hədəflər sırasında yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara çatdırılması xüsusi yer tutub. Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı proqramının uğurla yerinə yetirilməsində, ilk növbədə, müasir tələblərə cavab verən yolların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq deyib: “Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil”. Buna nail olmaq məqsədilə regionların sosial-iqtisadi inkişafına dair 3 dövlət proqramı çərçivəsində yol qurğularının, eləcə də ölkənin bütün regionlarını və yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulması və tikintisi üzrə irimiqyaslı layihələr həyata keçirilib.
Son 10 gün ərzində Prezident İlham Əliyevin açılışında iştirak etdiyi yenidən qurulan Pirşağı-Novxanı dənizkənarı və Binəqədi-Novxanı-Corat avtomobil yollarının, Qaxda Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli, həmçinin Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qorağan-Qax hissəsinin, eləcə də, Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolları da ölkənin yol təsərrüfatının yaxşılaşdırılmasına böyük töhfədir.
Prezident İlham Əliyevin kəndlərarası avtomobil yollarının tikintisi ilə əlaqədar imzaladığı sərəncamlara əsasən, respublikanın 36 rayonunda 40 kəndlərarası avtomobil yolu və bir körpünün, Bakı şəhərində 10 qəsəbələrarası avtomobil yolu layihəsi üzrə tikinti və yenidənqurma işləri də uğurla davam edir. Bu layihələrin həyata keçirilməsi 1,5 milyon nəfərin yaşadığı 466 yaşayış məntəqəsini əhatə edir, onların rahat avtomobil yollarından istifadə etməsinə, yük və sərnişin daşımasının asanlaşmasına, ən əsası isə kənd təsərrüfatı və turizmin inkişafına gətirib çıxaracaq.
Dövlət başçısı Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bu məsələyə toxunaraq deyib: “...Kənd yolları layihələri icra edilir. Şərti olaraq biz bu layihəni “40 kənd yolu” layihəsi adlandırdıq, ancaq hər bir layihənin əhatə dairəsi daha genişdir. Yəni, 40 deyəndə, əslində, bu, 200, bəlkə də daha çox kəndi əhatə edir. Çünki hər bir layihə 4-5 kəndi əhatə edir və bu, çox gözəl nəticə verir, bölgələrdə də vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir... Bakı şəhərində böyük yol infrastrukturu layihələri icra edilir, yeni yollar açılır. Bu yaxınlarda da yeni yol açılmışdır. “Sovetski” adlanan ərazidə müasir yol infrastrukturu artıq istismara verilmişdir. Eyni zamanda, o ərazidə böyük abadlıq işləri aparılır. İndi Təzəpir məscidinin önü açılıbdır, orada park olacaq. Digər tərəflərdə də ictimai yerlər yaradılacaq ki, Təzəpir məscidinin hər tərəfdən görünməsi mümkün olsun. Azərbaycan Dövlət Dram Teatrının arxasında - yol infrastrukturu yaradılan ərazidə də ictimai yerlər, parklar, bağlar salınacaq, ağaclar əkiləcək ki, bunlar Bakı şəhəri üçün, necə deyərlər, yeni bir “ağ ciyər” olacaq...”
Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasını yeni dövrün çağırışlarına uyğun uğurla davam etdirən, onu daha da zənginləşdirən Prezident İlham Əliyevin qayğısı sayəsində, həyatın bütün sahələri ilə yanaşı, yol təsərrüfatında da sistemli və kompleks tədbirlərin həyata keçirilməsi göz önündədir. Məhz bu sahədə tətbiq edilən genişmiqyaslı tədbirlərin nəticəsidir ki, son illər paytaxt Bakıda, eləcə də regionlarda vəziyyət kökündən dəyişmiş, dövlət başçısının imzaladığı sərəncamlardan irəli gələn vəzifələrin icrası istiqamətində reallaşdırılan tədbirlər sözügedən sahənin yeniləşdirilməsi üçün güclü zəmin yaradıb.
Statistik rəqəmlər də son 13 ildə yol təsərrüfatında müsbət dəyişikliklərin baş verdiyini təsdiqləyir. Bu illər ərzində avtomobil yollarının tikintisində və təmirində istifadə olunmaq üçün 3014 müxtəlif təyinatlı nəqliyyat vasitəsi, yol tikinti maşınları, avadanlıq və qurğular alınmış, ümumi gücü saatda 2240 tondan çox olan 33 asfalt-beton zavodu işə düşmüşdür. Ümumilikdə 2004-cü ildən bu günədək respublika ərazisində 11 min kilometr yeni yollar - həm magistral, həm də kənd yolları salınıb. Qeyd etmək lazımdır ki, ölkə rəhbəri kənd yollarının da yenidən qurulmasını hər zaman diqqətdə saxlayır. Son illər Prezident İlham Əliyevin kəndlərarası avtomobil yollarının tikintisi ilə əlaqədar 50-dən artıq sərəncam imzalaması bunu təsdiq edir.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən dünya əhəmiyyətli İpək yolu layihəsinin Azərbaycan ərazisi boyunca - Bakıdan Gürcüstan sərhədinədək 513 kilometrlik hissəsində işlər uğurla davam etdirilib. Sözügedən magistralın texniki vəziyyətinin öyrənilməsi və yenidən qurulması üçün tələb edilən maliyyə məsələsi həll olunub. Nəticədə 2-ci texniki dərəcəli, iki hərəkət zolaqlı hissələrin 1-ci texniki dərəcəli yolun parametrlərinə uyğunlaşdırılması işləri əsasən yerinə yetirilib. Dünya Bankının vəsaiti hesabına maliyyələşdirilən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin yenidən qurulması layihəsi 2016-cı ildə uğurla başa çatdırılıb. Ötən il həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 87,8 kilometrlik Kürdəmir-Ucar-Yevlax hissəsinin dörd zolağa genişləndirilməsi layihəsi üzrə işlər başa çatıb. Hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13,3-107 kilometrlik Muğanlı-Yevlax hissəsinin dörd zolağa genişləndirilməsi layihəsi üzrə işlər uğurla davam etdirilir. Sözügedən layihənin icrası bir neçə mərhələdə həyata keçirilir. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun mürəkkəb relyefə malik olan 30 kilometrlik Ağsu aşırımı hissəsinin sürüşmə və seysmik zona olduğu üçün ayrıca layihə kimi həyata keçirilməsi planlaşdırılır.
Bütün bunlar göstərir ki, ölkəmizdə yol infrastrukturunun inkişafı mühüm prioritetlər sırasındadır. Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturunun yaradılmasını qarşıya əsas hədəf kimi qoyan Prezident İlham Əliyev avtomobil yollarının, yol qurğularının açılış mərasimlərində iştirak edir, işlərin gedişi ilə bağlı dəyərli tapşırıq və tövsiyələrini verir. Bir sözlə, dövlət başçısının yol təsərrüfatına göstərdiyi yüksək qayğı yollarımızın abadlığında, gediş-gəlişin asanlığında özünü göstərir.

Elgün MƏNSİMOV,
“Azərbaycan”