Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əkinçinin qızıl fondu

12 Avgust 2017
 

Adətən toxumu əkinçinin qızıl fondu adlandırırlar. Bizim “Kəhrəba” fermer təsərrüfatı da 20 ildən çoxdur ki, əsasən bu sahə ilə məşğul olur.

Hər il təkcə öz təsərrüfatlarımızı deyil, qonşu rayonların təsərrüfatlarının bir neçəsini də keyfiyyətli toxumla təmin edirik. Bu il istehsal etdiyimiz toxum 150 tondan çox olub. Kollektivimizin üzvləri 10 hektar sahədə dənlik qarğıdalı da becərirlər. Bu il azı 100 tona yaxın toxumluq qarğıdalı istehsal edəcəyik. Qüvvəmizi baramaçılıqda da sınamağa qərar vermişik. O da gəlirli sahədir. Təxminən 40 günə yaxın hasilə gələn barama yaxşı gəlir gətirir, hər kiloqramına 9 manat pul verirlər. Odur ki, baramaçılığın yem bazasını möhkəmləndirmək üçün payızda 200 tut tingi əkməyi nəzərdə tutmuşuq.

Ölkə rəhbərinin kənd təsərrüfatına böyük qayğı və diqqət göstərməsi həm məsuliyyətimizi artırır, həm də daha yaxşı işləməyə ruhlandırır. Prezident İlham Əliyev Sabirabadda, Saatlıda və bu ayın əvvəlində Qaxda keçirdiyi respublika müşavirələrində pambıqçılığı, baramaçılığı, tütünçülüyü, fındıqçılığı, üzümçülüyü inkişaf etdirmək üçün qarşıya proqram xarakterli vəzifələr qoyub.

Strateji məhsul olan pambıqçılığın inkişafına böyük önəm verilməsi ürəyimizdən olub. Axı biz bu bitkinin sirlərinə yaxşı bələdik. Ötən əsrin 70-ci illərində Bərdə rayonu respublikanın pambıqçılıq mərkəzi kimi şöhrət qazanmışdı. İldə 100 min tondan çox “ağ qızıl” istehsal edirdik. Bu səviyyəyə xalqımızın ümummilli lideri Heydər Əliyevin qayğısı sayəsində çatmışdıq. Ulu öndər demək olar ki, hər il Bərdə rayonuna səfər edir, pambıq  sahələrini gəzir, əməkçilərlə tarlada görüşüb onların qayğıları ilə maraqlanırdı.

İndi pambıq əkinlərinin becərilməsində mühüm mərhələdir. Artıq kollar bara dolur. Hər kolda 4-5 qoza, xeyli çiçək var. Pambıq suya tələbkar bitkidir. Ona görə də xüsusilə yayın qızmar günlərində pambıq tarlalarının suvarılmasına daha çox fikir veririk. Su təminatımız yaxşıdır. Cari ildə pambıq tarlalarının hər hektarından azı 35 sentner məhsul götürməyi qarşıya məqsəd qoymuşuq.

Torpağa çəkilən zəhmətin nəticəsi bol məhsul olur. Bol məhsul isə ölkəmizin artan qüdrəti, xalqımızın firavan həyatı, xoş gün-güzəranı deməkdir.

 

Salman MUSAYEV,

Bərdə rayonundakı “Kəhrəba” fermer təsərrüfatının rəhbəri

Foto Ağaəli MƏMMƏDOVUNDUR