Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dövlətimiz gənclərin hərtərəfli inkişafına şərait yaradıb

12 Avgust 2017
 

Gənclik xəyal qura bilmək, ümidlərindən güc alaraq arzularının ardınca yol qət etməkdir. Böyük coşqu ilə gələcəyini, səni zirvələrə yüksəldəcəyini düşünməkdir. Gənclik cəsarətdir. 

Onlar dünyanı dəyişmək gücündədirlər. Yetər ki arzularının qanadlarını qırmasınlar, ümidlərini vaxtsız soldurmasınlar, xəyallar qurmaqdan məhrum etməsinlər.
1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda belə qərara alınıb ki, hər il avqustun 12-si dünyada Gənclər Günü kimi qeyd olunsun. Məqsəd həmin əlamətdar gündə gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan verməkdir.
Tarixin bütün dövrlərində xalq öz xoşbəxt gələcəyinə ümidlərini, müqəddəratını ilk növbədə onlara bağlayıb. Ona görə də gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün başlıca məsələdir. Bunun üçün isə əsas şərtlərdən biri gənclərin təhsilinə qayğı göstərməkdir.
Yaşadığımız texniki tərəqqi dövründə zamanla ayaqlaşmaq, inkişafdan geri qalmamaq üçün yüksək səviyyədə təhsil almaq labüddür. Ancaq hər bir dövrdə geniş savada, böyük istedada malik, hətta dünyaca məşhur insanlar da olub ki, öz xalqına, vətəninə faydası dəyməyib. Öz kökündən uzaq düşənləri, mənsub olduğu xalqı bəyənməyib onun milli-mənəvi dəyərlərinə hörmət etməyənləri, adətən, yurddaşları da unutmaqla cəzalandırırlar.
Yalnız ana-ata deyil, bütövlükdə cəmiyyət, dövlət gənclərin hərtərəfli inkişaf etməsinə, xalqını, vətənini sevməsinə, layiqli vətəndaşı kimi yaşamağı qarşısına məqsəd qoymasına çalışmalıdır.
Uğurlu gələcəyini düşünən hər bir xalq öz gənclərini düzgün tərbiyə etməli, onları cəhalətə, savadsızlığa, nadanlığa təslim etməməlidir. Xüsusilə dünyanın indiki qarışıq, zidiyyətli dönəmində bu, olduqca vacibdir. Gənclik hər zaman yeniliklərə meyillidir. İnternetin uzaq məsafələri yaxın etdiyi dövrdə yaşayırıq. Dünyanın istənilən məkanında nələr baş verdiyini öyrənmək üçün bizə saniyələr belə bəs edir. Öyrənməyə maraqlı olan gənclər günlərinin çox hissəsini internetdə keçirirlər. Bunun müsbət tərəfləri var: oxuyurlar, öyrənirlər, dünyada gedən proseslərdən xəbər tutur, yeni ideyalara düşür və öz fəaliyyətləri ilə daha faydalı ola bilirlər. Mənfi tərəflərinə gəlincə, onları yollarından azdırmaq üçün hər cür libasa bürünənlər, bütün vasitələrdən istifadə edənlərlə də qarşılaşırlar. Ancaq milli ruhda yetişdirilən, əqidəsi, məsləki doğru istiqamətləndirilən gəncliyi öz yolundan, amalından daşındırmaq, iradəsini qırmaq mümkün deyil.
Bu gün Azərbaycan dövləti öz gənclərinə böyük ümidlər bəsləyir. Müstəqillik illərində ölkəmizdə onlarla bağlı təqdirəlayiq işlər görülür. Gənclərlə əlaqədar dövlət siyasətini həyata keçirmək üçün hələ 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı. 1996-cı ildən Azərbaycan gənclərinin forumları təşkil olunur. Ölkəmizdə 170-dən çox gənclər təşkilatı dövlət qeydiyyatına alınıb. Prezident İlham Əliyevin 2005-ci ildə təsdiq etdiyi “Azərbaycan gəncliyi 2005-2009-cu illər Dövlət Proqramı” uğurla həyata keçirildi. 2006-cı ildə ölkə başçısının fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olundu, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyuldu.
Ölkə başçısının “Azərbaycan gəncliyi 2011-2015-ci illər Dövlət Proqramı” haqqında 6 aprel 2011-ci il tarixli sərəncamı, proqramın hazırlanması üçün işçi qrupunun yaradılması bu sahədə bir sıra işlərin həyata keçirilməsinə rəvac verdi. Dövlət başçısının digər fərmanı ilə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu yaradıldı.
Gənclərin xaricdə təhsil almasına dəstək verən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı təsdiqləməsi gənclərimizin xaricdə təhsilinə imkanlar yaratdı.
Respublikamızda istedadlı gənclərə qayğı xüsusi yer tutur. Azərbaycanın gənc idmançıları ölkəmizdə və xaricdə keçirilən mötəbər beynəlxalq idman yarışlarında öz bacarıqlarını göstərir, olimpiya və dünya çempionatlarında medallar qazanırlar. Elə təkcə bu il respublikamızda bir sıra belə nüfuzlu tədbirlər düzənləndi. 2017-ci ildə Azərbaycanın evsahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunlarında və “Formula-1” Azərbaycan Qran-prisində ölkəmizə qələbə sevinci yaşadanlar arasında gənclər üstünlük təşkil etdi.
Azərbaycan gəncləri bu gün yalnız idman sahəsində deyil, digər sahələrdə də öz qabiliyyətlərini böyük əzmlə, ruh yüksəkliyi ilə dünyada nümayiş etdirirlər. Tez-tez onların misilsiz uğurları haqqında həm ölkə, həm də xarici mətbuatda məqalələr dərc olunur.
Tarix Azərbaycan gənclərinin qarşısına məsuliyyətli olduğu qədər də qürurverici bir vəzifə qoyub. Onlar müstəqil ölkənin vətəndaşıdırlar. Gənclərimizin çox da uzaq olmayan tariximizdən aldıqları başqa dərslər də var. Azərbaycanın azadlığı yolunda canından keçən yurddaşlarımızın əksəriyyəti onların indiki yaşındaydı. Elə Ermənistanın əsassız torpaq iddialarına, yurd yerlərimizə silahlı hücumlarına, erməni yaraqlılarının bütün haqqı-ədaləti, insani duyğuları yaddan çıxararaq soydaşlarımıza divan tutmalarına, onları amansızlıqla qətlə yetirmələrinə, əsir götürərək dəhşətli işgəncələr vermələrinə dözməyərək canlarını sipər edən yurddaşlarımızın da çoxu gənc idi. Bu vətən, bu dövlət istər Azərbaycanın müstəqilliyini özünə qaytaran, istərsə də onun ərazi bütövlüyü yolunda canlarından keçən soydaşlarımızın bizə əmanətidir. Milli-mənəvi dəyərlərimiz isə bizə əmanəti əziz tutmağı, onu qorumağı öyrədir. Bunun üçün gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması çox vacibdir.
Hər dövrdə belə olub: bir az yaşa dolmuş insanlar gənclərin hər addımına, geyiminə, davranışına tənqidi yanaşırlar. Haqlı olduqları məqamlar az deyil. Həqiqət naminə onu da deyək ki, çox vaxt ifrata varır, hətta bəzən yanlışlığa yol verirlər. Amma bu da doğrudur ki, haqlı və ya haqsız nə söyləyirlərsə hamısında gənclərimizə sevgi və onların gələcəyindən narahatlıq duyğuları var.
Bu gün böyük iftixarla deyə bilərik ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Müstəqil Azərbaycanın bu gününü və gələcəyini düşünən, yüksək vətəndaşlıq hisslərinə malik olduqlarını öz fəaliyyətləri ilə təsdiq edən gənclərimizlə fəxr etməliyik.
Və bir də unutmayaq ki, tarix bugünkü gəncliyimizin çiyinlərinə böyük məsuliyyət yükü qoyub. Onlar Azərbaycanın adını uca tutacaq, gözəl əməlləri ilə milli adət-ənələrimizin əbədiyaşarlığını təsdiq edəcəklər. Bugünkü ən böyük problemimizin həllində dövlətimizin əsas qüvvəsi, köməyi olacaqlar. Azərbaycan gəncləri torpaqlarımızı yağı əsarətində qoymayacaqlar. Tariximizdə qalibiyyət səhifəsinin yazılmasında onların böyük xidməti olacaq.

Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”